“Rusiya ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlıq münasibətləri mövcuddur” - AÇIQLAMA
1 Oktyabr 2018 16:18 Siyasət"Birmənalı şəkildə demək olar ki, bu gün Rusiya-Azərbaycan münasibətləri çox uğurlu və dinamik şəkildə inkişaf edir".
Bunu millət vəkili Kamilə Əliyeva deyib.
Onun sözlərinə görə, Azərbaycan və Rusiya prezidentləri arasında olan şəxsi münasibətlər Azərbaycan-Rusiya əlaqələrinin gündən-günə yüksələn xətlə inkişafına geniş imkanlar yaradır: "Rusiya ilə Azərbaycan liderlərinin tez-tez keçirilən görüşləri münasibətlərin geniş spektirdə qurulmasına təkan verir. Vladimir Putinin Azərbaycana növbəti səfəri son dörd ay ərzində baş tutan dördüncü görüş idi. Görüş iki ölkə arasında münasibətlərin yeni mərhələ üçün inkişafına növbəti töhvfələrdən olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 1-də Rusiya Federasiyasına reallaşan rəsmi səfəri, Soçidə Prezident Vladimir Putin ilə görüşü, səslənən bəyanatlar, imzalanan sənədlər iki ölkə arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələsini şərtləndirdi. Məhz qurulan geniş miqyaslı əlaqlərin nəticəsi olaraq iki ölkə arasında iqtisadi-ticarət əlaqələri hər il yüksələn xətlə inkişaf edir. Bu gün Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri sayılır. Belə ki, 2017-ci ilin yekununa görə iki ölkə arasında əmtəə dövriyyəsi, 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib. Azərbaycan bazarında təxminən 700 birgə müəssisə fəaliyyət göstərir ki, onlardan da üçdə biri 100 faizlik Rusiya kapitalına maikdir. Bu gün Rusiya ilə Azərbaycan arasında bütün sahələrdə o cümlədən, siyasi, iqtisadi, humanitar, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, ictimai-siyasi və humanitar sahələrdə Rusiya ilə Azərbaycan arasında münasibətlər nümunə ola bilər".
SİA