Milli Məclisin payıs sessiyası öz işinə start verdi
Oqtay Əsədov: “Mən əminəm ki, Milli Məclis payız sessiyasında da işini uğurla həyata keçirəcək” Oktyabrın 1-də Milli Məclisin payız sessiyasının ilk iclası keçirilib. Azərbaycan himninin səslənməsilə başlayan sessiyada spiker Oqtay Əsədov parlamentin yaz sessiyası haqqında məlumat verib. Bildirib ki, Azərbaycan parlamentinin 100 illik yubileyi ilə bağl tənətənəli iclas keçirildi və həmin tədbirədə dövlət başçısı İlham Əliyev mühüm nitq söylədi. Azərbaycan Prezidenti Milli Məclisin fəaliyyəti, eləcə də dövlət siyasəti ilə bağlı mühüm fikirlər səsləndirdi: “Bu fikirlər bizim üçün mühüm əhəmiyyət kəsb edir”.
1 Oktyabr 2018 15:54 SiyasətOqtay Əsədov: "Mən əminəm ki, Milli Məclis payız sessiyasında da işini uğurla həyata keçirəcək"
Oktyabrın 1-də Milli Məclisin payız sessiyasının ilk iclası keçirilib. Azərbaycan himninin səslənməsilə başlayan sessiyada spiker Oqtay Əsədov parlamentin yaz sessiyası haqqında məlumat verib. Bildirib ki, Azərbaycan parlamentinin 100 illik yubileyi ilə bağl tənətənəli iclas keçirildi və həmin tədbirədə dövlət başçısı İlham Əliyev mühüm nitq söylədi. Azərbaycan Prezidenti Milli Məclisin fəaliyyəti, eləcə də dövlət siyasəti ilə bağlı mühüm fikirlər səsləndirdi: "Bu fikirlər bizim üçün mühüm əhəmiyyət kəsb edir". O. Əsədov qeyd edib ki, Milli Məclis Azərbaycan dövlətinin uzaqgörən siyasətini dəstəkləmək naminə əlindən gələni edəcək: "Bildiyiniz kimi 100 illik yubileylə bağlı tədbirdə 44 ölkə, 9 beynəlxalq təşkilatdan 300-ə yaxın nümayəndə iştirak etdi. Hesab edirəm ki, biz Azərbaycan parlamentinin 100 illik yubileyini yüksək səviyyədə qeyd etmiş olduq". Parlamentin yaz sessiyasını uğurla başa vurduğunu deyən spiker qeyd edib ki, ötən sessiya dövründə 16 iclas, 261 qanun qərar qəbul edilib: "Milli Məclisin ötən sessiya dövründə beynəlxalq əlaqələri inkişaf edib, millət vəkilləri 38 ölkəyə 90- dan çox səfər edib. Milli Məclisin xətti ilə 5 beynəlxalq təşkilatın Azərbaycanda iclası keçirilib. Mən əminəm ki, Milli Məclis payız sessiyasında da işini uğurla həyata keçirəcək".
Milli Məclisin 2018-ci il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı millət vəkilləri müxtəlif fikirlər səsləndiriblər. Deputat Fazil Mustafa qeyd edib ki, Azərbaycanda "Məmurların hüquqlarının müdafiəsi haqqında" qanun layihəsinin hazırlanmasına böyük ehtiyac var: "Bildiyimiz kimi, Azərbaycanda tez-tez kadr dəyişiklikləri olur. Son zamanlar ölkə prezidenti tərəfindən gənc kadrların vəzifəyə təyin olunması ənənəsi qoyulub. Tez-tez mətbuatda nazirliklərin mətbuat xidmətinin məlumatı ilə tanış olan zaman görülür ki, 5 nəfər işdən çıxarıldı, filankəs filan vəzifəyə təyin olundu və sair. Biz bu kimi hallara görə, məmurların hüquqlarını müdafiə edən qanun hazırlamalıyıq. Məmurların əksəriyyəti qanunlarla işləmək istəyən dürüst insanlardır. Ancaq rəhbər vəzifəsinə təyin olunan bir şəxs həmin yerdə dəyişiklik edir. Həmin məmurları işdən çıxarır. Bu isə yolverilməzdir. Çünki bir peşəkar məmurun hazırlanmasına 10-15 il vaxt sərf olunur. Bəlkə cənab prezident rəhbər təyin etdiyi şəxslər qarşısında belə bir tapşırıq qoyulsun ki, 6 ay ərzində heç kimə toxunmasınlar. Hesab edirəm ki, məmurun qorunması müxanizmi vacibdir".
Millət vəkili Qənirə Paşayeva isə dövlət ali təhsil məktəblərinə ödənişli əsaslarla daxil olan, özəl ali məktəblərə daxil olan gənclərin artan təhsil haqları ilə bağlı üzləşdiyi problemlərdən danışıb və "Təhsil kreditlər haqqında" qanun layihəsinin qəbuluna çağırıb: "Təhsil kreditləri məsələsinin bütün ali təhsil müəssisələrini əhatə edəcək şəkildə geniş formada öz həllini tapmasına böyük ehtiyac var, maddi imkanlar üzündən ali təhsilini buraxmaq məcburiyyətində qalan və belə bir çıxılmaz vəziyyətlə üzləşən gənclərin sayı artır". Q.Paşayeva bildirib ki, çoxlu sayda ali təhsil alan gənclər millət vəkillərinə müraciət edərək ödəniş haqlarını verməkdə çətinlik çəkdiklərini və ali təhsili yarımçıq qoymaq məcburiyyətində qaldıqlarını deyirlər. Q.Paşayeva deyib ki, özəlliklə bu problem kənd rayonlarında çox ciddidir: "Təhsil kreditləri məsələsi bütün ali məktəbləri əhatə edəcək şəkildə yüksək səviyyədə öz həllini taparsa, həmin gənclər bu cür çıxılmaz vəziyyətdə qalmazlar. Ucuz faizlərlə uzun müddətə kredit alaraq təhsilini başa vurub çalışmağa başladığında qaytarmağa başlayarlar və bu, təhsilin də, elmin də inkişafına özünün ciddi müsbət töhfələrini verə bilər. Kəndlərdən, rayonlardan nə qədər kasıb, imkansız ailələrin istedadlı uşaqları var. Biz kənd rayonlarını təmsil edən millət vəkilləri çox yaxşı bilirik onların problemlərini. Yataqxanaların sayı az olduğundan ali məktəblərə daxil olmuş gənclərin xeyli hissəsi kirayələrdə qalaraq oxumalıdır. Kasıb, gəlirləri aşağı ailələr övladlarının həm kirayə, həm yaşamaq, həm də təhsil haqqı ödənişini ödəməkdə ciddi çətinlik çəkirlər və bəzi gənclər bu səbəbdən ali təhsildən imtina edilər. Bu bizi ciddi narahat etməlidir. Biz kasıb, gəlirləri aşağı olan ailələrin savadlı övladlarının ali təhsil ala bilməsinə daha çox dəstək göstərməliyik".
Deputat Azay Quliyev "Peşə birlikləri haqqında" yeni qanunun qəbul edilməsini təklif edib: "Bu qanunun qəbul olunmasına ciddi ehtiyac var. Bu gün QHT-lər haqqında qanun mövcuddur. Lakin bu qanun çərçivə qanunu olduğundan bütün ictimai birlik və təşkilatların fəaliyyətinin hüquqi mexanizmini təmin etmir. Bu baxımdan da ictimai birliklərin normal fəaliyyətini təmin etmək üçün belə bir qanun qəbul edilməlidir. Ümid edirəm ki, parlament vətəndaş cəmiyyətinin bu təklifini nəzərə alacaq". Spiker Oqtay Əsədov da deputat Azay Quliyevin təklifini dəstəklədiyini bildirib: "Hesab edirəm ki, sizin təkliflərinizə müvafiq komitələr tərəfindən baxılacaq".
Deputat Əli Məsimli deyib ki, "Azərbaycanda "Kredit risklərinin sığortalanması haqqında" qanun layihəsi hazırlanaraq qəbul olunmalıdır və bu qanuna ehtiyac var. Millət vəkili fikrini onunla əsaslandırıb ki, bu qanunun mövcudluğu xarici valyutada verilən kreditlə bağlı mümkün gərginliyi azalda bilər. Deputat həmçinin bu gün xarici valyutada kredit götürmüş, lakin qaytara bilməyən ölkə vətəndaşlarının vəziyyətinin nəzərə alınmasını, buna görə də "Müflisləşmə haqında qanun"da dəyişiklik edilməsini və qanuna fiziki şəxslərin də müflisləşməsi ilə bağlı maddələrin əlavə olunmasını təklif edib. Ə.Məsimli həmçinin təhsil kreditləri ilə bağlı qanun layihəsinin qəbulunun sürətləndirilməsini təklif edib.
İşğal olunmuş ərazilərimizlə bağlı qanun layihəsinin hazırlamasını təklif edən millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, ermənilər işğal olunmuş ərazilərimizdə təbii sərvətlərimizi istismar edirlər: "Bundan əlavə, o ərazilərdə xarici şirkətlərin sayı artır. Hesab edirəm ki, biz bununla bağlı qanun qəbul etməliyik. Bundan sonra da həmin şirkətlər haqqından qanuna uyğun olaraq qərarlar qəbul edilməlidir". Q.Həsənquliyevin sözlərinə görə, hamıya da bəllidir ki, bizim torpaqlarımızı işğal edən ölkə Ermənistan deyil: "Belə bir fikirlər səsləndirilir ki, Azərbaycan Ermənistanın öhdəsindən gələ bilmir. Bizim torpaqlarımız işğal edən ölkə Rusiyadır. Biz nə qədər hərbi potensialımızı artırsaq da, Rusiya Ermənistana hərbi dəstək verdiyi halda bizim torpaqlarımız işğaldan azad edilə bilməz. Hətta ola bilər ki, bu ölkələrin əlbirliyi ilə bizim yeni ərazilərimiz də işğal olunsun".
"Azərbaycanda "Əmanətlərin tam sığortalanması haqqında" qanunun qüvvədə olma müddəti artırılmalıdır" təklifi ilə çıxış edən millət vəkili Vahid Əhmədov bildirib ki, hazırda qüvvədə olan qanun gələn ilin mart ayında qüvvədən düşəcək: "Bu qanun əmanətlərin 3 il müddətində tam sığortalanmanı nəzərdə tuturdu ki, bu müddət də gələn ilin martında yekunlaşır. Xahiş edirəm ki, ölkə prezidenti sənədin müddətini uzatsın. Çünki bank sektorunda vəziyyət ağırdır. Müddətin uzadılmaması əhalinin banklardan əmanətlərini geri çəkməsi ilə nəticələnə, banklarda kapitallaşma ilə bağlı problemlər yarada bilər. Onsuz da ağır vəziyyətdə olan bank sektorunda vəziyyət daha da ağırlaşa bilər". V.Əhmədov həmçinin xarici valyuta ilə götürülən kredit məsələsinə toxunub: "Biz tətildə olan zaman Konstitusiya Məhkəməsi dollarla götürülən kreditlərlə bağlı çox ciddi bir qərar qəbul edib. Hesab edirəm ki, bu qərarın qəbul edilməsi əhali və banklar üçün çox ağır nəticələrə gətirib çıxaracaq. Bizə insanlar kreditlərlə bağlı müraciətlər edirdilər. Biz də banklara, Maliyyə bazarlarına Nəzarət Palatasına müraciət edirdik və insanlara müəyyən güzəştlər olunurdu. Bu qərarın qəbul edilməsi isə faktiki olaraq bu kimi halların qarşısını alır". Deputat qeyd edib ki, insanların xarici valyutada olan kreditləri ödəmək imkanları yoxdur: "Ona görə bu məsələ bank sistemində çox ciddi nəticələr yaradacaq". Vahid Əhmədov xarici valyutada olan kreditlərlə bağlı ölkə başçısına müraciət edib: "Cənab prezidentdən xahiş edirəm ki, xarici valyutada olan kreditlərlə əlaqədar məsələlərə aydınlıq gətirilsin. Və Azərbaycan hökuməti bu məsələ ilə əlaqədar müəyyən qərarlar qəbul etsin".
Deputat Zahid Oruc isə müasir dövrün tələblərinə uyğun olaraq məmurları və rəsmiləri sosial şəbəkələrdən aktiv istifadə etməyə çağırıb. Zahid Oruc bildirib ki, bu gün "Youtube" kanalını izləyənlərin sayı milyardı keçib."Ona görə də Azərbaycan dövləti sosial mediada öz təbliğatını qurmalıdır. Əgər İran dövlətinin rəhbərlərinin "Facebook", "Tvitter"də hesabı varsa, deməli, bu məsələlərə həssas yanaşmaq lazımdır. Deputat Avropa məkanında "Evronyus Azərbaycan" kanalının yaradılmasını zəruri hesab edir. Zahid Oruc həmçinin deputatları Azərbaycana qarşı kampaniyalara cavab verməyə çağırıb.O əlavə edib ki, Azərbaycana qarşı təbliğat aparan Fəxrəddin Abbaszadənin Rusiyada həbs olunması təqdirəlayiqdir."Həmin şəxslərin cəzalandırılması digərləri üçün də dərs olar". Dollar kreditləri ilə bağlı qərara da toxunan Z. Oruc deyib ki, bu məsləyə ciddi yanaşmaq lazımdır. Spiker Oqtay Əsədov isə buna cavab olaraq bildirib ki, hər şeyi parlament etməli deyil: "Nazirlər kabineti də var"-deyə O.Əsədov qeyd edib. Sonra millət vəkilləri gündəlikdə duran qanun layihələrinin müzakirəsini davam etdiriblər.
Alim