"Düşənbə görüşü danışıqlar üçün də yeni imkanlar açır"
1 Oktyabr 2018 15:41 Siyasət"Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə yeni gələndə onun əsas tezislərindən biri o idi ki, Qondarma Dağlıq Qarabağ rejimi danışıqlarda tərəf kimi iştirak etməlidir. Təbii ki, bu yanaşma qəbuledilməz idi. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə qeyd edib ki, bu, qeyri-mümkün məsələdir. Ona görə ki, bu, məhz Ermənistan-Azərbaycan münaqişəsidir".
Bu sözləri Azərbaycan və Ermənistan prezidentlərinin Düşənbə görüşünə münasibət bildirərkən millət vəkili, siyasi elmər doktoru Elman Nəsirov söyləyib.
Parlamentarinin qənaətincə,Düşənbə göröşündən məlum oldu ki, Paşinyanın indiki vəziyyətdə fərqli bir davranış sərgiləməsinin heç bir mənası yoxdur:
"Qondarma rejim danışıqlarda iştiark etməkdə israrlı olsa, bu o deməkdir ki, danışıqlar olmayacaq. Danışıqlar olmayanda onun alternativi müharibə olur. Bu səbəbdən hesab edirəm ki, Paşinyan çox gözəl dərk etdi ki, onun tezisi Ermənistanın özü üçün çox böyük problemlər yaradacaq. Məhz ona görə də öz tezisindən imtina etdi. Hesab edirəm ki, məlum görüş, bundan sonrakı görüşlər üçün yeni imkanlar açır".
Sherg.az