Qabil Hüseynli: “Paşinyan ölkəsindəki proseslərə tam nəzarət edə bilmir”

"Ümumiyyətlə, Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı görüşdən uzağa gedən nəticələr çıxarmağa dəyməz".

Bunu  politoloq Qabil Hüseynli deyib.

Politoloqun sözlərinə görə, Paşinyan hərdəmxəyal adamdır və tez-tez fikrini dəyişir: "Bu gün Paşinyana Ermənistanda parlament seçkilərinu keçirmək üçün zaman lazımdır. Zənnimcə, atəşkəs rejiminə əməl etmək haqqında razılığa gəlinməsi hələ o demək deyildir ki, atəşkəs rejiminə əməl ediləcək. Təmas xətti boyunca çoxlu hərbi hissələr mövcuddur ki, burada hələ də Serj Sarkisyanın təsiri aydın hiss olunur. Ona görə də Paşinyanın işini pozmaq üçün Sarkisyanın orada olan adamları atəşkəs rejimini poza bilər. Amma Paşinyan möhkəm söz verib ki, tezliklə orada olan bütün komanda heyətini toplayıb onlarla müşavirə keçirəcək və atəşkəs rejiminə əməl etmək üçün lazımi tədbirləri görəcəkdir. Cəbhədə iki gün sakitlik olsa da amma bu gecə atəşkəs rejimi 84 dəfə yenidən pozuldu. Ermənilər bunu təxribat adlandırır. Halbuki bu ciddi surətdə atışma ilə müşahidə olunub. Ona görə də hələki atəşkəs rejiminə riayət etmək mümkün olmur. Düşənbədə MDB Sammiti çərçivəsində əldə edilmiş razılıq da hələki yerinə yetirilmir. Bu nöqteyi-nəzərdən danışıqlar prosesinin yenilənməsi kifayət qədər problemli görünür. Ona görə də bu məsələ haqqında ehtiyatlı danışmaq lazım gəlir. Zənnimcə hələki Paşinyan ölkədəki proseslərə tam nəzarət edə bilmir".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31