Müşfiq Ələsgərli: "Putinin Azərbaycana səfəri ciddi önəm daşıyır"
1 Oktyabr 2018 15:32 Siyasət"Rusiya prezidenti Vladimir Putinin Azərbaycana işgüzar səfəri iki qonşu ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi baxımından ciddi önəm daşıyır ki, yaşadığımız günlərdə buna ciddi zərurət var. Belə ki, hər iki ölkənin özlərinin iqtisadi, siyasi inkişaf proqramlarını gerçəkləşdirmək üçün qonşu ölkələr olaraq bir-biri ilə qarşılıqlı əməkdaşlığa ehtiyacları var və dövlət başçılarının qarşılıqlı səfərləri bu əməkdaşlığın şərtlərini müəyyənləşdirir, əməkdaşlığı dərinləşdirir".
Bunu Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar ittifaqının sədri Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, amma Rusiya ilə Azərbaycanın əməkdaşlığı təkcə qonşuluq şərtlərindən ibarət deyil: "Həm Azərbaycan, həm də Rusiya dünyanın siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat xəritələrinin müəyyənləşməsində mühüm rol oynayırlar. Bu rolların uğurla tamamlanması, missiyaların milli maraqlar nəzərə alınmaqla yerinə yetirilməsi üçün dost və müttəfiq ölkələrin bir-birinə dəstək olmaları lazımdır. Dünyanın siyasi mənzərəsinin yenidən formalaşdırıldığı, dünya düzəninin yeni şərtlər üzərində qurulduğu indiki vaxtda belə müttəfiqliyə ehtiyac var.
Xatırlatmaq istərdim ki, 2018-ci il çərçivəsində, aprel ayında dünyanın iki nəhəng güc mərkəzinin təmsilçiləri-Rusiya Silahlı Qüvvələrinin (SQ) Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Körtis Skaparotti öz görüşlərini məhz Bakıda gerçəkləşdirmişdilər. Görüş zamanı NATO və Rusiyanın Avropa regionunda hərbi fəaliyyəti, etimad tədbirlərinin artırılması və insidentlərin qarşısının alınması kimi mühüm məsələlər müzakirə olunmuşdu. Məhz bu cür mötəbər tədbirlərdən sonra Vladimir Putinin Bakıya səfər etməsi göstərdi ki, Vladimir Putin və ümumilikdə Rusiyanın hərbi-siyasi elitası Azərbaycanla müttəfiqlik məsələsinə böyük önəm verir, ölkəmizin layiqli davranışına güvənir".
SİA