Partiya sədri: "Putin ölkəmizdən çox məmnun şəkildə ayrıldı"

"Ümumiyyətlə Azərbaycan müstəqillik əldə edəndən sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç də yaxşı deyildi. O zamanlar hakimiyyətə gəlmiş AXC-Müsavat partiyasının nümayəndələri Rusiya ilə normal münasibətlər qura bilmədilər və ona görə də bizim çox ciddi itkilərimiz oldu".

Bunu "Yurddaş" Partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gələndən sonra bu münasibətləri normaya sala bildi: "Ulu Öndərin siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Rusiya bizim yaxın qonşumuzdur. Bu gün Rusiyada çoxlu sayda bizim həmvətənlərimiz yaşayır. Eyni zamanda Rusiya ilə bizi bir çox iqtisadi, tarixi məsələlər bağlayır. Bütün bunlar hamısı bizi Rusiya ilə normal münasibətlər qurmağa vadar edirdi. Artıq hər iki ölkə arasında münasibətlər strateji müttəffiqlər səviyyəsinə gəlib çatıb. Bunu Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan və Rusiya prezidentləri bir daha vurğuladılar. Təbii ki, bu ikitərəfli münasibətlərdən hər iki tərəf öz faydasını əldə edir. Belə münasibətlərin inkişafı hər iki dövlətin, xalqın mənafeyinə uyğundur. Rusiya bizim üçün böyük bir bazardır. Bildiyiniz kimi Azərbaycan malları xüsusilə də kənd təsərrüfatı malları Rusiyaya ixrac olunur və burada satılır. Bu isə bizim aqrar sektorumuzun inkişafının özünə bir təkandır. Eləcə də biz Rusiyadan sərfəli qiymətə tikinti materialları və s. alıb gətiririk.

Putinin ölkəmizə səfəri bir daha onu göstərdi ki, Azərbaycan və Rusiya rəhbərliyi bu münasibətləri yeni səviyyəyə qaldırmaq fikrindədirlər. Bu gün Rusiya ilə bizim hərbi əməkdaşlığımız var. Dünyanın bir çox ölkələri bizə müxtəlif bəhanələr altında silah satmırlar amma Rusiya bizə silahlar satır. Biz ordumuzun silahlarla təchiz edilməsində Rusiya silahlarından uğurla bəhrələnirik. Hesab edirəm ki, bu münasibətləri daha da davam etdirmək lazımdır. Putin ölkəmizdən çox məmnun şəkildə ayrıldı. Düşünürəm ki, Dağlıq Qarabağ məsələsinin həllinə də bu öz töhfəsini verəcək".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31