Qarabağ probleminin həlli yolundakı əngəllər

Azərbaycan hərb variantından imtina etməyib

Azərbaycan hərb variantından imtina etməyib

Azərbaycan üçün ən ciddi problem Dağlıq Qarabağ münaqişəsinin hələ də nizamlanmamış qalmasıdır. Bu problem Azərbaycanın sosial-iqtisadi inkişafını məhdudlaşdırır və hətta gələcək perspektivlərini belə təhdid edir. Təbii ki, bu problem nizamlanacağı təqdirdə, Azərbaycan ağır yükdən xilas ola, hərbi xərclərini azalda, silah-sursata xərclənən maliyyə vəsaitinin əhəmiyyətli bir hissəsini digər önəmli sahələrin inkişafına yönəldə bilər. Dağlıq Qarabağ münaqişəsi nizamlanacağı təqdirdə, Azərbaycana qarşı supergüclərin, xüsusilə də Rusiyanın əsas təzyiq mexanizmlərindən biri aradan qalxmış olar. Və rəsmi Bakı Cənubi Qafqazda daha sərbəst regional siyasət yürütmək imkanları qazanar. Vəkil Rövşən Qasımov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması qarşısında kifayət qədər ciddi əngəllər  mövcuddur. Belə ki, bir tərəfdən, Ermənistan mövcud status-kvonu qorumaq üçün qeyri-konstruktiv mövqe tutur, münaqişənin nizamlanma prosesini dalana sürükləyir. Digər tərəfdən, supergüclər  Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına açıq-aşkar imkan vermir: "Əslində rəsmi Bakı bir neçə dəfə Dağlıq Qarabağ münaqişəsini öz yöntəmləri çərçivəsində həll etməyə çalışıb. Hətta Azərbaycanın lokal xarakterli hərbi əməliyyatlar keçirmək niyyətinin olması barədə də məlumatlar mövcuddur. Həmin məlumatlara görə, rəsmi Bakı vaxtilə işğal altındakı ərazilərdə hərbi əməliyyatlar aparmasını gündəmdən çıxarmayıb. Sadəcə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müəyyən vədlərin verilməsi münaqişənin hərb yolla həllini arxa plana keçirir. Son vaxtlar Azərbaycanın yenidən hərbi əməliyyatlara hazırlaşması barədə ehtimallar gündəmə gəlib. Ordumuzun hərbi döyüş hazırlığının Ermənistanın silahlı qüvvələrini dəfələrlə üstələdiyi xarici ekspertlər tərəfindən də etiraf olunur. Son illərdə Azərbaycanın xarici dövlətlərdən, xüsusilə də Qərb ölkələrindən aldığı yeni hərbi texnika Ermənistan üzərindəki əzici üstünlüyü təmin edir. Azərbaycanın Müdafiə Nazirliyindəki kadr dəyişikliklərindən sonra isə Ermənistandakı isterika daha da gücləndi. Belə ki, Ermənistan rəsmiləri general-polkovnik Zakir Həsənovun müdafiə naziri təyin edilməsini Azərbaycanın yaxın gələcək üçün savaşa hazırlaşmasının ən ciddi əlaməti kimi dəyərləndirirlər. Onlar iddia edirdilər ki, bu kadr dəyişiklikləri savaş ərəfəsində Azərbaycan ordusunun daha da gücləndirilməsinə hesablanıb. Və general-polkovnik Zakir Həsənovun müdafiə naziri təyin olunması Azərbaycanın Silahlı Qüvvələrinin başına radikal savaş generallarının gətirilməsi anlamını daşıyır. Azərbaycanın savaşa hazırlığın yeni mərhələsinə daxil olduğunu iddia etmək üçün müəyyən əsaslar mövcuddur. Hər halda, "havadan barıt qoxusu" hiss edilməyə başlamış kimi görünür".  Onun sözlərinə görə, Azərbaycanda erməni separatçılarının ərazi iddiası ilə gündəmə gələn, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi ilə davam edən Qarabağ münaqişəsinin kökü XVIII əsrdən başlayan Rusiyanın Qafqaz ekspansiyası siyasətinə bağlıdır. Rus imperiyasının erməniləri Azərbaycan torpaqlarına yerləşdirməsi ilə əsası qoyulan problem ötən əsrin əvvəllərindən başlayaraq dəfələrlə lokal münaqişə şəklində baş qaldırmış və hər iki tərəfə faciəvi itkilər yaşadan qanlı qarşıdurmalara çevrilmişdir. 1988-ci ildə ermənilərin torpaq iddiaları ilə münaqişə yenidən alovlanmış, tərəflər üçün ötən illərdən daha böyük faciə şəklini almış, minlərlə insan həlak olmuş, Qarabağda yaşayan bir milyona yaxın azərbaycanlı əhali ev-eşiyindən qaçqın düşüb. Qarabağ münaqişəsi bu günə kimi Cənubi Qafqazda sabitliyə, inkişafa və avrointeqrasiyaya ciddi əngəl törətməkdədir.

Vəkil qeyd edib ki, Azərbaycan itirilmiş torpaqlarının geri qaytarılması istiqamətində səy göstərsə də, böyük dövlətlərin regionla bağlı toqquşan maraqları və bölgədə hegemonluq ambisiyaları Qarabağ münaqişəsinin həlli prosesini yubadır: "Əslində Qarabağ probleminin çözümü ilə əlaqədar vasitəçilik missiyasını yerinə yetirmək üçün yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Rusiya, ABŞ, Fransa olduğunu nəzərə alsaq münaqişənin Azərbaycan xeyrinə həlli barədə ürək açan proqnozlar vermək olmaz. Neçə ildir varlığı ilə yoxluğu hiss olunmayan ATƏT-in Minsk Qrupu yalnız daban-dabana zidd bəyanatlar verməklə kifayətlənir. Ona görə də münaqişənin nizamlanması üçün Qarabağ probleminin "həllini" möhtəşəm üçlüyün monopoliyasından çıxarmaq barədə də fikirlər səslənir.  Azərbaycan hakimiyyəti isə dəfələrlə bəyan edib ki, işğal olunmuş ərazilərimizin azad olunması üçün hərb variantı istisna olunmur. Lakin münaqişənin sülh danışıqları yolundan da imtina etmək niyyətində deyil. BMT-nin 4 qətnaməsinin icra edilməməsi isə xristian inancına malik olan dövlətlərin əzəli və qədimi Azərbaycan torpaqlarına sonradan yaradılmış xristian inacına malik olan Ermənistanın açıq aşkar müdafiə olunmasının bariz nümunəsidir. Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul edilərkən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair öhdəlik götürüb. Öhdəliklərə dair sənədə Azərbaycan rəhbərliyi ilə yanaşı, müxalifəti təmsil edən Azərbaycan Xalq Cəbhəsi, Milli İstiqlal, Müsavat, Azərbaycan Demokrat və Azərbaycan Liberal partiyalarının rəhbərləri də imza atıblar. Iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 -cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır. Ermənistan Rusiyanın forpostudur və Kreml problemi hansı formada həll etmək istəsə, Yerevan bununla razılaşacaq. Onu da vurğulayaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan türklərə və Azərbaycana aşırı nifrəti ilə tanınır. O, daha radikal şüarlar səsləndirir. Bu məsələdə heç kəs reallığı qəbul edə bilməz. Levon Ter-Petrosyanın acı taleyi erməni siyasətçilərinə bir dərs oldu.Yeni erməni hakimiyyətinin isə diplomatik kursu dəyişməyib. Əksinə,  Dağlıq Qarabağ münaqişəsinə münasibət daha da sərtləşib. Yeni iqtidar iqtisadiyyatda diasporun iştirakını genişləndirməklə, Avropa ilə daha sıx əlaqələr qurmağa çalışır. Bu mövqe isə qətiyyən Rusiyanı razı sala bilməz".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31