Bəzi müxalif qüvvələrin Qarabağ üzərindən hakimiyyətə təzyiq etmək istəyi
Və ya Qarabağ mitinqini siyasiləşdirməyə çalışanlar
1 Oktyabr 2018 13:00 SiyasətVə ya Qarabağ mitinqini siyasiləşdirməyə çalışanlar
Həftə sonu ölkənin ictimai-siyasi həyatında yadda qalan hadisələrdən biri də Qarabağla bağlı mitinqin keçirilməsi oldu. Son illərdə ilk dəfə idi ki, müxtəlif siyasi cəbhələri təmsil edən qüvvələr bir araya gələrək Qarabağ mitinqi keçirirdilər. Düzdür, mitinqdə arzu etmədiyimiz bir sıra məqamlar da oldu. Elə bu səbəbdən mitinq başa çatar-çatmaz bu aksiya ilə əlaqədar müxtəlif fikirlər ortaya atıldı. Bəziləri Qarabağ mitinqini təqdir etdiyi halda, bir başqaları belə bir aksiyanın keçirilməsinə lüzum olmadığını bildirdi. Qarabağla əlaqədar keçirilən mitinqlə bağlı fikirlərini bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Azərbaycan hakimiyyəti Qarabağ mitinqinə icazə verdikdən sonra müxtəlif tənqidi rəylər oxuyub. Onun sözlərinə görə, bəziləri yazdı ki, "bu mitinq nəyə lazımdır, onsuz da insanlarımız bu məsələdə yekdildir" və ya "icazəli mitinqə az adam qatılsa bu Qarabağ uğrunda mücadiləmizə zərər vuracaq" və s: "Əlbəttə, hər bir insan fikrini söyləməkdə sərbəstdir. Ancaq nəsə addım atmaq istəyənləri tənqid edərkən gərək özünə sual verərsən : "bəs mən özüm Qarabağ uğrunda nə etmişəm". Amerikanın mərhum prezident Con Kennedinin yaxşı ifadəsi var idi: "Soruşma ki, Amerika Sənin üçün nə edib, soruş ki, Sən Amerika üçün nə etmisən?" Başqa bir məşhur Amerika filmində də tarixə keçəcək ifadə dillər əzbəridir: "Mən heç olmazsa cəhd etdim..." Mən Qarabağ mitinqini izlədim. Çıxışların bir hissəsinə tənqidi münasibətim var. Misal üçün tribunadan İslam Partiyasının həbsdə olan sədrinin salamlarının mitinq iştirakçılarına çatdırılmasına bütün mitinq iştirakçılarının adekvat yanaşmadığını hiss etdim. Islam Partiyasının üzvünə çıxış üçün şərait yaradıldı. Məndə olan məlumata görə mitinqdə çıxış etmək istəyənlər çox olub və heç də hamıya belə şərait yaradılmayıb. Ancaq İslam Partiyası üzvünün çıxışına imkan yaratdılar. Bu bəzilərində belə təəssürat yarada bilərdi ki, mitinqi təşkil edənlər İslam Partiyasının dəyərlərini bölüşürlər. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəloğlu İslam Partiyasının üzvünün çıxışından dərhal sonra söz alaraq İran hakimiyyətinin işğalçı Ermənistanla əlaqələrini tənqid edən cümlə işlətdi. Böyük ehtimalla Mirmahmud Mirəlioğlu bunu ona görə dedi ki, mitinqi təşkil edənlərin İranla əlaqələrə önəm verən İslam Partiyasının siyasəti ilə üst-üstə düşmədiyi görünsün".
Elxan Şahinoğlu bildirib ki, hakim Yeni Azərbaycan Partiyasının deputat üzvlərindən biri mitinqdən əvvəl Qarabağla bağlı mitinqi dəstəklədiyini bildirdi: "Bunu bəziləri belə qələmə verdi ki, YAP Qarabağ mitinqini dəstəkləyir. Halbuki, bu belə deyildi. Mitinq bitər-bitməz YAP-ın bir çox üzvü mitinqi tənqid etdilər. Bunun iki vacib səbəbi olduğunu düşünürəm. Birinci səbəbi mitinqdə "istefa" şüarlarının səslənməsiydi. Mitinqdə çıxış edənləridən bir neçəsi hakimiyyəti sərt tənqid etdi və bu da istər-istəməz "istefa" şüarlarının səslənməsinə şərait yaratdı. Aydındır ki, "istefa" şüarlarının səsləndiyi mitinqə hakimiyyət və ya YAP dəstək verə bilməzdi.
İkinci səbəb bu mitinqlərin davamlı hal ala biləcəyi ehtimalıdır. Qarabağ Komitəsinin üzvlərinin tamamı müxalif mövqedə dayanan siyasətçilərdir. Bu da hakimiyyəti narahat edir. Müxalifət Qarabağ mitinqi ilə hakimiyyəti bir az ağır durumu salıb. Qarabağ ümumi problemdir. Hakimiyyət müxalifəti başqa müstəvilərdə xeyli zəiflədib. Ancaq Qarabağ platformasında Qarabağ Komitəsinə yığılan insanlara qarşı hansısa addımların atılması ölkə daxilində və xaricində doğru anlaşılmaya bilər. Məsələn düşünülə bilər ki, Azərbaycanda Qarabağ uğrunda müharibə çağırışları edənlərə qarşı sərt siyasətə üstünlük verilir. Halbuki, başda prezident olmaqla hakimiyyət nümayəndələrinin bir çoxu işğalçıya qarşı güc yolunu istisna etmirlər və 2016-cı ilin aprel savaşı və ya Naxçıvan əməliyyatı buna sübutdur. Qarabağ xalq üçün həssas və birləşdirici mövzudur. Hakimiyyət də siyasətində bunu nəzərə alır. Buna baxmayaraq, bəzi müxalif qüvvələrin Qarabağ üzərindən hakimiyyətə təzyiq etmək istəyi və hakimiyyəti zəfilətməyə çalışması da istisna deyil. Bu baxımdan Qarabağ Komitəsinə gələn dəfə mitinq təşkil etmək asan olmayacaq. İlk mitinqə bəlkə də gözlənildiyindən çox insan qatıldı. Bu da hakimiyyət düşündürdü. Ancaq Qarabağ Komitəsi onu da nəzərə almalıdır ki, hətta hakimiyyət növbəti mitinqə maneələr yaratmasa belə, Komitənin özü üçün ikinci mitinqə kifayə qədər insan toplamaq çətin olacaq. Çünki, ilk mitinqdə Qarabağla bağlı hər şey deyildi. Yenə eyni mövzu və eyni şüarlar olacaqsa mitinqə qatılmaq istəyənlərin sayı azala bilər". Politoloq deyib ki, əslində Qarabağ uğrunda ictimaiyyətin artan səsi hakimiyyətin də maraqlarına cavab verir: "Bununla hakimiyyət beynəlxalq aləmə, o cümlədən ATƏT-ə mesaj göndərmiş olar ki, cəmiyyət hakimiyyətdən Qarabağla bağlı sərt addımlar, müharibə tələb edir və əgər vasitəçilər tələsməsələr vəziyyət gərginləşə bilər. Ona görə də Qarabağ uğrunda mübarizə hakimiyyət-müxalifət mübarizəsinə çevrilməməlidir".
Məhəmməd