Ərdoğanın kritik Almaniya səfəri: buzlar əriyir, amma...
1 Oktyabr 2018 08:50 SiyasətPolitoloq: "Bir səfərlə münasibətlərin normallaşacağını söyləmək çətindir"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın üç günlük Almaniya səfəri dünya gündəminin müzakirə mövzusuna çevrilib. Bu səfərin son illərdə iki ölkə arasında yaranan soyuq münasibətlərin aradan qaldırılmasında mühüm rol oynayıb-oynamayacağı barədə fikirlər müxtəlifdir. Buna səbəb də səfər çərçivəsində alman mətbuatında və Ərdoğanın kansler Angela Merkellə görüşü zamanı yaşananlardır.
Belə ki, "Alman dalğası" nəşrinin 28 sentyabr tarixli nömrəsində, yəni Türkiyə rəhbərinin səfərinin ilk günündə "Berlində yüzlərlə insan Ərdoğanın AFR-ə səfərinə etiraz edir" sərlövhəli material dərc edilib. Materialda deyilənə görə, "Erdogan not welcome" şüarı altında nümayiş keçirən insanlar guya bu yolla "Türkiyədə insan hüquqlarının pozulmasına" qarşı etirazlarını bildirirlər.
Azərtacın xəbərinə görə, həmin materiala aid fotoşəkil bu nəşrin özünü ifşa edir. Fotoşəkildən göründüyü kimi, nümayiş iştirakçıları əllərində terrorçu PKK təşkilatının və onun Suriyadakı YPG cinahının bayraqlarını tuturlar. Nəşr bu insanlar haqqında heç nə yazmır.
Ərdoğan-Merkel görüşü daha çox müzakirələr doğurub. Görüşdən sonra keçirilən mətbuat konfransında iki lider əsasən Türkiyə tərəfindən FETÖ adlandırılan qruplaşma ilə əlaqəsi olanlar və Türkiyədə həbs edilən Almaniya vətəndaşları haqda müzakirə aparıb. Ərdoğan Almaniyanın PKK və FETÖ ilə daha effektiv mübarizə aparılmalı olduğunu dilə gətirib. Ancaq Merkel Ərdoğanın bu tələbinə qarşılıq olaraq FETÖ-nün terror qruplaşması kimi qəbul etmək üçün kifayət qədər sübut olmadığını bildirib.
"FETÖ təşkilatı haqqında Türkiyənin təqdim etdiyi sübutlara çox ciddi yanaşırıq. Ancaq PKK-nı təsnif etdiyimiz kimi FETÖ-nü da təsnifləşdirmək üçün daha çox sübuta ehtiyacımız var. Bu barədə danışıqları davam etdirəcəyik. Almaniyada axtarışda olan insanlar var, lakin bəzilərinin burada olub-olmadığından belə tam əmin deyilik", - deyə, Merkel bildirib.
Mətbuat konfransında türkiyəli jurnalist Can Dündarla bağlı verilən suala xanım Merkel bu məsələdə Ərdoğanla fərqli fikirlərə sahib olduğunu dilə gətirib. Ərdoğan isə Can Dündarın agent olduğunu bildirərək, onun ekstradisiyası tələbinin Türkiyənin ən təbii haqqı olduğunu qeyd edib.
"Can Dündarın agent olduğunu, dövlət sirlərini yaydığını və 5 il 10 ay həbs cəzası aldığını bilirsiniz. Aradakı bir boşluğu fürsət bilərək Almaniyaya gəlib. Türkiyə hökuməti üçün isə o, məhbus və agentdir", - deyə, Ərdoğan bildirib.
Qeyd edək ki, Can Dündar "Cümhuriyyət" qəzetində yazdığı "MİT TIR"-ları yazısı və 2014-cü ilin yanvar ayında çəkilmiş və yük maşınlarının Türkiyədən Suriyaya keçdiyini göstərən şəkilləri nəşr etdiyinə görə bir ilə yaxın həbsdə qalmışdı. 2016-cı ildən etibarən isə o, Almaniyada yaşayır.
"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniyaya səfəri əlaqələrin normallaşması anlamına gəlmir". Bu sözləri isə Almaniya prezidenti Frank Valter Şteynmeyer deyib. "Bu səfər normallaşmanın bir ifadəsi deyil. Bundan çox uzağıq. Amma bu səfər ciddi bir başlanğıc ola bilər" - prezident qeyd edib.
Bütün bunlar iki ölkə arasında gərginliyin hələ bir müddət də davam edəcəyini göstərir. Çünki FETÖ-nu terrorçu qruplaşma kimi qəbul etməyən istənilən ölkə ilə Türkiyənin əlaqələrinin yaxın olması mümkünsüz görünür.
Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Ərdoğanın Almaniya səfəri hər iki ölkə üçün vacib idi: "Son illər münasibətlər xeyli soyumuşdu. Ərdoğana seçkiqabağı Almaniyada ikili vətəndaşlıqları olan Türkiyə vətəndaşları üçün mitinq keçirməyə qadağan etmişdilər. Berlinin bu qərarı Ərdoğana pis təsir etmişdi. Bundan başqa, Almaniyada PKK və Gülən uzantılarının fəaliyyətini davam etdirməsi də Ərdoğanın Almaniyaya qarşı ritorikasını sərtləşdirmişdi. Hətta iş o yerə çatmışdı ki, Ərdoğan Almaniyanı idarə edənləri keçmiş nasistlərlə müqayisə etmişdi. Yəni münasibətlər bu qədər gərgin idi. Ancaq ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar qəbul etməsi Almaniyanı Türkiyəyə yaxınlaşdırdı. Berlin bu qovğada Ankaranı dəstəklədi. Çünki Almaniya anladı ki, əgər Vaşinqton bu gün NATO-dakı müttəfiqi Türkiyəni zəiflətmək istəyirsə, sabah eyni aqibət digər NATO dövlətini, o cümlədən Almaniyanı gözləyə bilər. Ona görə də Berlin Ankaraya dəstək vermək qərarına gəldi. Bu dəstək Ankaranın da işinə yaradı. Çünki Almaniya Türkiyənin əsas ticarət tərəfdaşıdır. Almaniyada 3 milyondan çox türk yaşayır. Ona görə Ərdoğan Almaniyaya qarşı ritorikasını yumşaltmağa qərar verdi".
Politoloq onu da qeyd etdi ki, Türkiyə-Almaniya münasibətlərinin normallaşmasının Ərdoğan üçün bir vacib əhəmiyyəti də var: "Məsələ burasındadır ki, Avropa Birliyinin Türkiyə ilə münasibətlərinin soyuması, üstəgəl, Amerikanın Türkiyəyə qarşı sanksiyaları Ərdoğanı Rusiya və onun prezidenti Vladimir Putinlə xeyli yaxınlaşdırmışdı. Bu isə faktiki, Ərdoğanın Purtindən asılılığını artırırdı. Əlbəttə, Türkiyə-Rusiya münasibətləri hər iki dövlət üçün faydalıdır, Suriya məsələsində əməkdaşlıq mövcuddur, ortaq enerji layihələri var. Ancaq Türkiyənin daha çox Rusiyaya yaxınlanlaşması Ərdoğanın xarici və təhlükəsizlik siyasətində manevr imkanlarını çətinləşdirirdi. Bunu Almaniya ilk olaraq anladı və Ərdoğana yeni imkan pənrəcəsi açmağa qərar verdi. Türkiyə-Almaniya və Türkiyə-Avropa Birliyi münasibətlərini yenidən əvvəlki normal məcrasına qayıdışı Ərdoğanın Putinlə danışıqlarında əlini gücləndirəcək. Buna baxmayaraq, bir səfərlə Türkiyə ilə Almaniya arasında bütün buzların əriyəcəyini söyləmək də çətindir. Məsələn, Ankara istəyir ki, PKK və Gülən uzantıları Almaniyada fəaliyyət göstərə, xərac yığa bilməsinlər. Ancaq Berlinin yanaşması fərqlidir. Ona görə Ərdoğan bu səfər zamanı eyni məsələləri gündəmə gətirsə də, Berlin Türkiyə Cümhurbaşqanının istəyi əsasında addım atmayacaq".