35 hakim intizam məsuliyyətinə cəlb edilib

Korrupsiya hüquqpozmalarına görə

Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sistemində məqsədyönlü islahatlar aparılaraq bu sahədə qanunvericilik təkmilləşib, hakimlərin şəffaf seçim qaydası müəyyən olunaraq hakim korpusu 60 faiz təzələnib, insanların müraciət imkanlarının asanlaşdırılması məqsədilə yeni məhkəmələr yaradılıb, "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi və məhkəmə infrastrukturunun müasirləşməsi üzrə əməli işlər həyata keçirilib. Ədliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, ölkəmizin sürətli sosial-iqtisadi inkişafı və mülki dövriyyənin kəskin artması nəticəsində məhkəmələrin iş həcminin dəfələrlə çoxalması nəzərə alınaraq, bu sahədə zəruri addımlar atılır, o cümlədən mübahisələrin məhkəmədən kənar alternativ həllində mühüm rol oynayan mediasiya institutunun tətbiqi üzrə tədbirlər görülür. Ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq məhkəmə qərarlarının ədalətliliyi, məhkəmələrdə şəffaflığın artırılması, korrupsiyanın yolverilməzliyi və vətəndaş-məmur münasibətlərinin sağlam meyarlar üzərində qurulması daim diqqət mərkəzində saxlanılır. Məhkəmə-Hüquq Şurasının qərarları ilə 100-dən çox hakim vətəndaşların haqlı narazılığını doğuran nöqsan və pozuntulara yol verdiklərinə görə məhkəmə sistemindən kənarlaşdırılıb, o cümlədən korrupsiya hüquqpozmalarına görə 35 hakim ciddi intizam məsuliyyətinə cəlb edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31