Komitənin ilk iclasında 18 məsələyə baxılıb
24 Sentyabr 2018 15:53 SiyasətSentyabrın 24-də parlamentin payız sessiyasında ilk iclasına toplaşan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 18 məsələyə baxılıb.
"Olaylar" xəbər verir ki, öncə komitənin sədri Ziyad Səmədzadə 2018-ci ilin yaz və növbədənkənar sessiyalarında görülmüş işlər barədə məlumat verib. Bildirib ki, 15 iclasda 62 məsələyə baxan, o cümlədən 61 qanun layihəsini geniş müzakirə edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ölkənin qanunvericilik bazasının zənginləşməsi istiqamətində var gücü ilə çalışıb. Payız sessiyasında da komitə qanunvericilik sahəsində işini əzmlə davam etdirəcək.
İclasda Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov gündəlikdəki əksər qanun layihələrini təqdim edib. Bildirib ki, "Aviasiya haqqında" və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunlara təklif olunan dəyişikliklər ötən ilin dekabrında Əmək Məcəlləsində edilən dəyişikliklərlə bağlıdır. Vergi Məcəlləsində və Gömrük Məcəlləsində dəyişiklik edilməsinə dair birinci oxunuşda müzakirəyə çıxarılmış sənədlər isə 2017-ci ilin 15 dekabrında dəyişiklik edilmiş "Dövlət Məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanunun icrası məqsədilə hazırlanıb.
Komitə üzvlərinə məlumat verilib ki, Vergi Məcəlləsində digər dəyişikliklərə dair sənədlər bu məcəllənin "Təhsil haqqında" və "Elm haqqında" qanunlara uyğunlaşdırılması xarakteri daşıyır, həmçinin "İcra haqqında" qanunda edilmiş dəyişikliklə əlaqədardır. Mülki Məcəllədə və "Banklar haqqında" qanunda dəyişikliyə dair birinci oxunuşa təqdim olunmuş layihələrdən danışan Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktorunun müavini Asim Zülfüqarov bildirib ki, hər iki sənədin bir sıra maddələrinə dəyişiklik edilməsi zərurəti təmsil etdiyi qurumun - MBNP-nın təkliflərinə əsasən meydana gəlib. Müzakirələrin yekununda baxılan məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.