Hesablama Palatasına ali audit orqanı status verilib

Sentyabrın 13-də Hesablama Palatasının geniş tərkibdə Kollegiya iclası keçirilib. "Olaylar" xəbər verir ki, Kollegiya iclasında əsas diqqət 5 sentyabr 2018-ci il tarixdən qüvvəyə minmiş "Hesablama Palatası haqqında" Qanuna, Qanunda Hesablama Palatasının müəyyən edilmiş fəaliyyət istiqamətləri, hüquqları, vəzifələri və bunların həyata keçirilməsi ilə bağlı qarşıda duran məsələlərə yönəldilib. İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov yeni Qanun haqqında məlumat verib. Qeyd edib ki, dövlət vəsaitlərinin və digər dövlət əmlakının məqsədyönlü və səmərəli istifadə edilməsinə daha keyfiyyətli və effektiv kənar dövlət maliyyə nəzarətini təmin etmək üçün bu Qanun ali audit orqanı olaraq Hesablama Palatasının qarşısında mühüm vəzifə və öhdəliklər müəyyən edib. 

Daha sonra bildirilib ki, bu Qanunun qəbul edilməsi bir daha onu göstərdi ki, ölkə rəhbərliyi maliyyə nəzarətini gücləndirməklə büdcə vəsaitlərindən düzgün və səmərəli istifadə edilməsini və bu sahədə şəffaflığın artırılmasını daim diqqət mərkəzində saxlayır. Qeyd edilib ki, yeni Qanunda ilk dəfə olaraq ali audit orqanı kimi Hesablama Palatasının statusu müəyyən edilib, kənar dövlət maliyyə nəzarəti, dövlət vəsaiti, kənar dövlət maliyyə nəzarəti tədbirləri və kənar dövlət maliyyə nəzarətinin obyektlərinin anlayışları verilib ki, bu da dövlət maliyyəsi ilə bağlı bəzi metodoloji qeyri-müəyyənliklərin və uyğunsuzluqların aradan qaldırılmasına xidmət edəcək. 

Yeni Qanunda ali audit orqanı olaraq Hesablama Palatasının müstəqilliyinə dair ayrıca maddənin verilməsi, o cümlədən Hesablama Palatasının təşkilati və funksional müstəqilliyə malik olması və onun fəaliyyətinə qanunsuz müdaxilə etməyin yolverilməzliyi, həmçinin dövlət büdcəsindən ona ayrılmış vəsait həddində strukturunu və ştat sayını özünün təsdiq etməsi Ali Audit Qurumlarının Beynəlxalq Standartları (ISSAI) olan ISSAI 1 (Auditin  Rəhbər  Prinsiplərinin  Lima  Bəyannaməsi) və ISSAI 10-da (AAQ-ların Müstəqilliyi haqqında Mexiko Bəyannaməsi) müəyyən edilmiş prinsiplərə tam cavab verir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31