Regionda Azərbaycanın təcrübəsi öyrənilir
11 Sentyabr 2018 13:00 SiyasətNizami Cəfərov: "Dindən sui-istifadə etməyə çalışan müəyyən radikal qüvvələr də var və dünyanın hər yerində bu kimi qüvvələrin fəaliyyətinin qarşısının alınmasına çalışılır"
Artıq parlamentin payız sessiyasının başlamasına qısa bir müddət qalıb. Hər bir sessiya kimi payız sessiyasının da məhsuldar keçəcəyi, bir sıra qanunlara əlavə və dəyişikliklər olunacağı istisna edilmir. Paralel olaraq millət vəkillərinin bir sıra təşəbbüslər və təkliflərlə çıxış edəcəyi də şübhəsizdir. Çünki yay tətili parlamentarilərə öz seçiciləri ilə çoxsaylı görüşlər keçirmək imkanı verib ki, məhz həmin görüşlərdə seçicilər tərəfindən qaldırılan məsələlər, səsləndirilən istəklərin də millət vəkilləri tərəfindən Milli Məclisdə dilə gətiriləcəyi mümkündür. Ümumiyyətlə, hazırda seçiciləri daha çox narahat edən məsələlər hansılardır? Düzdür, hər bir region üzrə istəklər, problemlər, aradan qaldırılmalı olan məsələlər fərqli olsa da, oxşar cəhətlər də mövcuddur. Elə 108 saylı Ağstafa seçki dairəsindən Milli Məclisə deputat seçilmiş, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Nizami Cəfərov da bu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə Nizami Cəfərov qeyd edilən məsələlərlə yanaşı hazırda regionda, yerləşdiyimiz coğrafiyada cərəyan edən proseslər, həmin proseslərinn fonunda Azərbaycanın yeri və rolundan danışıb.
-Nizami müəllim, artıq parlamentin payız sessiyasına qısa bir müddət qalıb və heç şübhəsiz ki, yay tətili müddətində millət vəkili olaraq seçicilərinizlə çoxsaylı görüşlər keçirmisiniz. Seçicilərinizi əsas narahat edən məsələlər hansılardır?
-Əlbəttə ki, parlamentin yay tətili müddətində seçicilərlə müəyyən görüşlər keçirilib. Lakin bir məsələni qeyd edim ki, son illərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığı əsasında nazirlik və komitə rəhbərlərinin regionlarda həyata keçirdiyi vətəndaş qəbullarının həmin problem və çətinliklərin aradan qaldırılmasında mühüm əhəmiyyəti olub. Bu səbəbdən artıq millət vəkili olaraq bizə ünvanlanan müraciətlərin, şikayətlərin də sayı azalıb. Ancaq yenə də müəyyən müraciətlər olur ki, bu sıraya təqaüdlərin artırılması, daha çox da təhsil güzəştləri ilə bağlı müraciətləri aid etmək mümkündür. Eləcə də nəqliyyat problemi ilə bağlı məsələlər qaldırılır. Düzdür, bölgələrdə yaxşı, rahat yollar çəkilib, lakin nəqliyyat baxımından müəyyən problemlər yaşanır. Eləcə də ucqar kənd yollarının abadlaşdırılması ilə əlaqədar müraciətlər edilir. Bir sözlə əksər müraciətlər iş prosesində həllini tapa biləcək müraciətlərdir. Sadəcə olaraq bəzən müraciətlərdə iş prosesinin tezləşdirilməsi istənilir ki, bu da mümkün olan məsələ deyil. Çünki görülən hər bir iş qrafikə, plana uyğun həyata keçirilir. Bəzi seçicilər isə işlərin həmin plana uyğun olaraq həyata keçirilməsini gözləmək istəmirlər.
-Sizin təımsil olunduğunuz ictimai birliklər və dini qurumlar komitəsində payıs sessiyası ərəfəsində qanunvericlik baxımından hansısa yeniliklər gözlənilirmi?
-Mənim təmsil olunduğum ictimai birliklər və dini qurumlar komitəsində hər iki istiqamətdə-ictimai-siyasi təşkilatlar, partiyalar, cəmiyyətlər üzrə vətəndaş cəmiyyətinin tələblərinə uyğun olaraq müəyyən düzəlişlər həyata keçirilir. Etiraf etmək lazımdır ki, bizim uzun illər təcrübəmiz olmayıb, müstəqil dövlət deyildik və bu baxımdan müəyyən çatışmamazlıqlarımız vardı. Amma indi ən yüksək formada həmin təcrübəyə yiyələnirik. Amma bu təcrübəyə yiyələnməyin özü də qanunvericilikdə müəyyən təkmilləşdirmə işlərinin aparılmasını tələb edir. Götürək dini məsələlərlə bağlı situasiyanı. Azərbaycanda İslam dini əsas dindir, xalqın əsas inancını təşkil edir. Ancaq eyni zamanda başqa dinlərə də tolerant münasibətin fəlsəfəsini Azərbaycan Respublikasının Prezidenti müəyyənləşdirib. Ona görə də bu istiqamətdə hansısa böyük problemin mövcudluğu, yaxud onu həll etmək vacibliyi kimi bir çətinliyimiz yoxdur. Sadəcə olaraq din istər dünyada, istərsə də Azərbaycanda həssas bir məsələdir. Orada təkcə siyasi deyil, eləcə də sosial-psixoloji məqamlar var. Düşünürəm ki, onun da üzərində biz normal çalışırıq və işləyirik ki, qanunvericiliyimiz mükəmməl olsun. Onu da qeyd edim ki, Azərbaycanın İslam Həmrəyliyi, multikulturalizmlə bağlı əldə etdiyi nailiyyətlər, qazandığı təcrübə dünyada öyrənilir. Ona görə də bu sahədə xüsusi prinsipial axtarışlar aparmağa ehtiyacımız yoxdur. Sadəcə konkret vəziyyət, prosesləri qanunvericiliklə daha optimal şəkildə qaydaya salmağa çalışırıq.
-Artıq bir neçə ildir ki, Aşura mərasimləri Qafqaz Müsəlmanları İdarəsinin fətvası ilə məscidlərdə qeyd edilir və dinimizə zidd olan zəncir vurmaq, qan çıxarmaq kimi mənfi hallar tədricən aradan qaldırılır. Ancaq müəyyən qruplar var ki, bunu insanların dini mərasimləri icra etməsinə tətbiq edilmiş qadağa kimi qələmə verməyə çalışırlar. Bu yanaşma nə dərəcədə məntiqlidir?
-Bütün dünyada dini radikalizm mövcuddur. Yəni biz onun müxtəlif təzahürlərini görürük. O cəhətdən bəlkə də Azərbaycan dünyada ən sakit ölkələrdən biridir. Çünki Azərbaycanda dövlət-din münasibətləri uğurla tənzimlənir. Azərbaycanda dini və mənəvi azadlıq təmin olunub, bütün dinlərin nümayəndələri azad şəkildə öz ibadətlərini həyata keçirirlər. Təəssüf ki, dünyada, müxtəlif regionlarda din amilindən yanlış olaraq başqa məqsədlər üçün istifadə olunur. Amma Azərbaycanda belə bir problem yoxdur. Hər bir Azərbaycan vətəndaşı uğurlu dövlət-din modelini qorumalıdır. Azərbaycanda dünya ölkələrinə nümunə göstəriləcək dövlət-din münasibətlərinin xüsusi modeli mövcuddur. Bu modelin əsasında Azərbaycan xalqının xarakterik xüsusiyyəti kimi formalaşmış tolerantlıq və multikulturalizm kimi dəyərlər dayanır. Hətta inkişaf etmiş Avropa ölkələrində belə müəyyən dini qrupların hansı hərəkətlərə əl atdıqları, nələri etdiklərini görürük. Və bu kimi halların necə qarşılandığı, hansı qarşıdurmaya səbəb olduğunun da şahidi oluruq. Müxtəlif dinlər arasında olan münasibətlər, ziddiyyətlər, hətta toqquşmalar bəzən illərlə dövlət tərəfindən nə təhili edilmir, nə də onun həllinin yolu tapılır. Azərbaycanda isə bunun prinsipləri, təcrübəsi var və bu istiqamətdə işlər gedir. Təbii ki, İslam dini də digər dinlər kimi bu gün özünü orta əsrlərdəki kimi səviyyədə təzahür etdirə bilməz. Çünki orta əsrlərdə cəmiyyətin inkişaf səviyyəsi elə idi ki, dünyanın ən ciddi müharibələri məhz o zaman olub və həmin müharibələrin mütləq əksəriyyətində də dini rəy həmişə öndə olub. Ancaq indi elə bir dövrdür ki, birinci cəhət insanın yaşamaq hüququnun müdafiə edilməsidir. İnsanın yaşamaq hüququ, insan hüquqlarının müdafiə edilməsi o deməkdir ki, insan toxunulmazdır. Hər hansı bir ideya, ideologiya qeyri-humanistdirsə, insanın əleyhinədirsə, onları üz-üzə qoyursa, toqquşmalara gətirib çıxarırsa, təbii ki, onun qarşısı alınmalıdır. Bu gün istənilən din sülhü, insanın mənəvi zənginliyini, mədəniyyəti, birgə yaşayışı, Tanrının yaratdığı insanlara hörmət etməyi tələb edir. Amma indi dindən sui-istifadə etməyə çalışan müəyyən radikal qüvvələr də var və dünyanın hər yerində bu kimi qüvvələrin fəaliyyətinin qarşısının alınmasına çalışılır. Bu ümumi bir qaydadır. Hesab edirəm ki, bu mənada Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, eləcə də Azərbaycanda olan digər dini konfessiyalar lazım olan bütün işləri görürlər. Bizim artıq dövlət siyasətimizin müəyyənləşdirdiyi prinsiplər var və o prinsiplər bütün dünyada qəbul edilən prinsipdir. Həm də çox bəyənilən bir prinsipdir. Bu mənada hansısa hallar, hərəkətlər dinin özündə yoxdur və hansısa bir mərhələdə dinə əlavə edilib və humanist səviyyə daşımırsa (baş yarmaq, qan tökmək kimi hallar) təbii ki, bunların qarşısı alınır və bundan sonra da alınacaq. Nəhayət, nəticə etibarilə elə olacaq ki, bu cür şeylərə cəhd edən insanlar olmasın. Yəni cəmiyyətimiz özü-özünü tənzimləyəcək, bu sahədə xüsusi bir siyasət yürütməyə ehtiyac olmayacaq. Çünki dövlət siyasəti bizdə cəmiyyət tərəfindən mənimsənilir, qəbul olunur.
-Nizami müəllim, hazırda yerləşdiyimiz coğrafiya ətrafında baş verən proseslər fonunda Azərbaycanın regiondakı yeri və rolunu necə dəyərləndirirsiniz?
-Azərbaycan dünya ölkələri ilə ərazicə, coğrafi baxımından nə qədər kiçik olsa da, onun müstəqilliyinin tarixi nə qədər az olsa da, hər halda bu müstəqillik illərində Azərbaycan özünü bütün dünyaya tanıtdı. Həm iqtisadi inkişaf, həm dövlət quruculuğundakı uğurları, həm də dünyaya sülh istəyi ilə. Baxmayaraq ki, tarixən bizə qarşı çox təcavüzlər olub və günümüzdə də biz həmin təcavüzdən əziyyət çəkirik. Bununla yanaşı günümüzdə Azərbaycan bütün dünyada ayrı-ayrı dövlətlər tərəfindən tanınan, hörmət edilən nüfuzlu bir ölkədir. Regionda da həm iqtisadi, həm siyasi, həm də əməkdaşlıq imkanları baxımından Azərbaycanın mövqeyi möhkəmdir. Eyni zamanda Türk dünyasında Azərbaycanın mövqeyi yüksəkdir. Bu günlədə Qırğızıstanda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısını buna misal olaraq göstərə bilərik. Məlumat üçün qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması barədə qərar da elə məhz Azərbaycanda verilmişdi. Belə ki, Türkdilli Dövlətlərin ölkə rəhbərlərinin Naxçıvan Muxtar Respublikasında keçirilən zirvə görüşündə belə bir Əməkdaşlıq Şurasının yaradılması barədə razılıq əldə edilmişdi. Bunun özü də Azərbaycanın Türk dünyasında mövqeyinin yüksək olmasının göstəricisidir. Azərbaycan hər bir ölkə kimi türkdilli dövlətlərlə də əlaqələri inkişaf etdirir, geniş əməkdaşlıq imkanları qurur. Bütün bunlar ümumilikdə Azərbaycanın regiondakı yeri və rolunun artmasına xidmət edir. Eyni zamanda Azərbaycan regionun inkişaf etmiş dövləti kimi maraq kəsb edir. Yəni, bu gün Azərbaycandan öyrənirlər. Xüsusilə, regionda Azərbaycanın təcrübəsi öyrənilir. Ona görə də bundan sonrakı inkişafımıza da çox böyük ümidlə baxırıq. Çünki əsas olan alt yapı olduqca möhkəmdir, mükəmməldir.
Süleyman İsmayılbəyli