Zahid Oruc: "15 sentyabr paradı böyük siyasi məna daşıyır"
"Sentyabrın 15-də Azərbaycan Milli Ordusunun Qafqaz İslam ordusu ilə birlikdə Bakını erməni-daşnak, eser-menşevik və bolşeviklərdən azad etməsinin 100 illiyinin qeyd edilməsi ilə bağlı verilən qərar həm təhlükəsizlik, həm hərbi, həm də böyük siyasi məna daşıyır”. Bu fikirləri Milli Məclisin deputatı Zahid Oruc deyib.
10 Sentyabr 2018 18:49 Siyasət"Sentyabrın 15-də Azərbaycan Milli Ordusunun Qafqaz İslam ordusu ilə birlikdə Bakını erməni-daşnak, eser-menşevik və bolşeviklərdən azad etməsinin 100 illiyinin qeyd edilməsi ilə bağlı verilən qərar həm təhlükəsizlik, həm hərbi, həm də böyük siyasi məna daşıyır".
Bu fikirləri Milli Məclisin deputatı Zahid Oruc deyib.
O bildirib ki, burada diqqət etməli olduğumuz önəmli məqam yalnız tarixi dirçəltmək, Türkiyə və Azərbaycan arasında qardaşlığın ortaya çıxardığı hadisələri tərənnüm etmək, 100 il əvvəlki dövrlə paralellər aparmaq, bugünkü təhlükələrə qarşı da Türkiyə-Azərbaycan əsgərlərinin yanaşı addımlamasını təmin etmək deyil, daha artıq dərəcədə bölgəsəl miqyasda iki dövlət arasında ötən dövrlər müddətində formalaşan münasibətlərin zirvəsini ortaya qoymaqdır.
Sentyabrın 15-də hərbi paradın keçiriləcəyini xüsusi vurğulayan Z. Oruc sözügedən tədbirə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın qatılacağını da dilə gətirib: "Tədbir kifayət qədər, çətin və mürəkkəb dönəmdə həyata keçirilir. Bu baxımdan deyə bilərik ki, parada həm də Azərbaycan və Türkiyə əleyhinə olan bütün digər təhlükələri hədəfə almış olur. Lakin 15 sentyabr ilk növbədə Ermənistana qarşıdır və bu dövlətin yürütdüyü siyasətin müasir dönəmdə puç olduğunu və günün birində Bakı kimi bütövlükdə Dağlıq Qarabağın da işğaldan azad olunmasına dünyanın şahidlik edəcəyini özündə ehtiva edir".
Deputat qeyd edib ki, ötən müddət ərzində təkcə xalqların sayı və əhalinin nisbəti dəyişməyib: "Burada Şərqdən, müxtəlif tərəflərdən sıxılan, dövlətçilik subyekti kimi özünü formalaşdırmayan xarici təsirlərə davamsız, gah ingilislərin, gah almanların, gah da rusların əlinə keçən məmləkətdən danışılmır. Azərbaycan Bakını o dövrdə işğaldan azad edəndən sonra da xalqımız gerçək bir şəkildə bu regionda Şərq aləminin güclü dövlətini formalaşdırıb meydana çıxara bilmədi. Bunun təbii ki tarixi səbəbləri var idi. Lakin hazırkı dönəmdə Azərbaycan Cümhuriyyət dövründən qat-qat güclü siyasi, hərbi güc kimi meydana çıxıb. Bu gün nəinki Bakı və ya bütün Azərbaycanın qorunmasından eləcə də itirilən torpaqlarımızın işğaldan azad olunması imkanlarından danışa bilirik. Mənim aləmimdə Azərbaycan heç zaman bugünkü kimi güclü olmayıb. Ermənistan da Rusiya ilə münasibətləri, daxili vəziyyəti baxımından indi kimi zəif olmayıb. Belə olan halda, Türkiyə ilə Azərbaycan arasında nümayiş etdirilən birlik, ittifaq, qardaşlıq, müttəfiqlik qətiyyən regiondakı dövlətlər əleyhinə deyil. Çünki, bütün ölkələr bilir ki, Azərbaycanla Türkiyə Yaxın Şərqdə ən azı müttəfiqdirlər ".
Z.Oruc qeyd edib ki, Azərbaycan prezidenti strateji xətt olaraq Ölkəmizlə Türkiyə arasında münasibətləri hazırkı zirvəyə çatdırıb: "2009-cu ildə Tərəfdaşlıq haqqında məlum, saziş əldə olunmasaydı, biz münasibətləri söylədiyimiz səviyyəyə çatdıra bilməzdik. "Bir millət iki dövlət" formulu şüar olaraq nə qədər gözə gəlimli, xoş əhval-ruhiyyə doğurursa, digər tərəfdən daxilini onun hüquqi, siyasi, iqtisadi addımlarla zənginləşdirmək tamamilə ayrı məqamdır. Belə olan halda, biz başa düşməliyik ki, dünyada bu gün Azərbaycan və Türkiyə arasında münasibətlər qədərə sağlam, ikitərəfli ittifaqları görmək çox çətindir. Ən azı ona görə ki, Türkiyə ilə qardaşlığımızı Rusiya ilə birliyə aparıb çıxarır, İranla münasibətlərimizi qorumaqla regionda strateji planlar Prezident İlham Əliyevin liderliyi ilə reallaşır".
Deputat əlavə edib ki, məhz 15 sentyabr hadisəsi təqvimizin başqa bir günü üçün vəsilə, səbəb, bazisi olmaqla yanaşı onu formalaşdırmaq üçün önəmli bir gündür: "Əminəm ki, qeyd etdiyimiz siyasi təqvimə Dağlıq Qarabağın işğaldan azad olunması günü də əlavə olunacaq".
sia