Ölkəmizdə din-dövlət münasibətləri ən yüksək səviyyədədir
10 Sentyabr 2018 15:13 SiyasətAzərbaycan dinə dövlət səviyyəsində diqqət və qayğı göstərən nümunəvi ölkədir
Azərbaycanda dövlət və islam münasibətləri tarixi bir inkişaf mərhələsini arxada qoyaraq özünün müasir yüksək səviyyəsinə qədəm qoyub. Daha doğrusu, bu sahədə çox uğurlu nailiyyətlər əldə edilib. Məlum olduğu kimi müstəqil dövlətlərin yaranması siyasi, iqtisadi, mədəni, sosial həyatda bir sıra yeniliklərin meydana çıxmasına şərait yaradır. Azərbaycan dövlətinin XX əsrdə ikinci dəfə müstəqillik qazanması da ideologiyamıza, milli və dini dəyərlər sistemimizə yeni müsbət baxış formalaşdırdı. Qeyd edək ki, Azərbaycan Respublikasında din -dövlət münasibətləri Azərbaycan Respublikasının Konstitusiyası, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu və digər normativ aktlara əsasən tənzimlənir. Konstitusiyamızın 18-ci maddəsində bildirilir ki, din dövlətdən ayrıdır": Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. İnsan ləyaqətini alçaldan, insanpərvərlik prinsipinə zidd olan dinlərin yayılması və təbliği qadağandır..." Ancaq etiraf edilməlidir ki, Azərbaycanda din dövlətdən ayrı olsa da, dinin sərbəst fəaliyyət göstərməsinə, inanclı insanların öz əqidəsinə uyğun hərəkət etməsinə və dini ayinlərin keçirilməsinə həmişə böyük diqqət yetirilib. Özü də bu münasibət özünü həm tariximizə bağlı olan ənənəvi İslam dininə, həm də digər dünyəvi dinlərin nümayəndələrinə göstərilir. Ölkəmizdə məscidlərin dövlət hesabına təmir edilməsi, onların pulsuz qazla təchizi və yeni məscidlərin tikintisi bu qəbildən olan məsələlərdəndir. Dövlət başçısının İslam, Xristian və digər dinlərə məxsus bayramlar zamanı təbriklər göndərməsi və özünün həmin mərasimlərdə iştirakı buna bir daha böyük nümunədir. Hazırda Azərbaycanın bütün bölgələrində məscidlər tikilib, təmir edilib və insanların sərbəst şəkildə dini ayinləri yerinə yetirməsi üçün bütün şərait yaradılıb. Bakıda ən böyük məscidin "Heydər Məscidi"nin tikilməsi və həmin məsciddə ayinlərin sərbəst şəkildə keçirilməsi buna yaxşı nümunədir. Eyni zamanda, Azərbaycanda dini inanclı insanların dünyanın müxtəlif müqəddəs yerlərini ziyarət etməsi üçün də müvafiq şərait yaradılıb. Artıq Azərbaycanda dinə olan qayğı və müxtəlif dinlərin nümayəndələrinin sərbəst şəkildə, qarşılıqlı hörmətlə yaşaması başqa dövlətlər üçün də yaxşı nümunə ola bilər. Bu, Azərbaycan reallığıdır, hər bir azərbaycanlının əqidəsi və gündəlik həyat tərzidir.
Xatırladaq ki, Azərbaycanda dini tolerantlıq əsrlərdən bəri formalaşan köklü bir ənənədir. Hazırda Azərbaycanda dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Bu gün Azərbaycanda bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra edə bilir ki, bu da dini tolerantlığın nümunəvi modelidir. Azərbaycand əzəmətli məscidlərin, məbəd və ziyarətgahların inşa və bərpa olunduğu ölkədir. Sovetlər dönəmində Azərbaycanda cəmi 28 məscid vardısa, hazırda iki mindən artıq məscid var, yeni kilsə və sinaqoqlar istifadəyə verilib. Ümumiyyətlə, Azərbaycan dini abidələrə dövlət səviyyəsində diqqət və qayğı göstərən nümunəvi ölkədir. Artıq Bakı mədəniyyətlərarası, dinlərarası dialoqa dair mötəbər beynəlxalq tədbirlərin bir-birinin ardınca gerçəkləşdirildiyi məkana çevirilib. Hələ 2010-cu ildə Azərbaycanda dini liderlərin ümumdünya sammiti keçirlidi. Dünyanın bütün ənənəvi dini mərkəzlərini təmsil edən böyük şəxsiyyətlər - Patriarxlar, yüksək dini məqam sahibləri bu sammitdə iştirak etdi. Əlbəttə Azərbaycanın bu sahədə uğurların şərtləndirən məqamlar var. Xalqımızın milli özəlliyi, zaman-zaman bütün səmavi dinlərin məmləkətizdə bərqərar olması, VII əsrdən bu torpaqlarda yayılmış İslam dininin təlqin etdiyi ideallar məhz bu məqamlardandır.
Danılmaz həqiqətdir ki, tolerantlığın dövlət səviyyəsində dəstəklənməsinin bünövrəsi Heydər Əliyev tərəfindən qoyulub. Həqiqətən də Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra milli və dini dəyərlərimizə sahib çıxdı. Prezident İlham Əliyevin dini dəyərlərin qorunub-saxlanılması ilə bağlı siyasəti də təqdirəlayiqdir. Belə ki, ölkə prezidenti İlham Əliyev sözügedən səhyə xüsusi diqqət və qayğı göstərir. Heç bir din və məzhəb ayrıseçkiliyinə yol verilmədən, bütün dini icmalar dövlətin maddi və mənəvi yardımından yararlanaraq, öz fəaliyyətini həyata keçirir. Dövlət tərəfindən dini müəssislərə xeyli yardım göstərilir. Bütün bunlar dövlətin xidmətidir və bunu danmaq olmaz. Müstəqillik dönəmində müsəlman məscid və ziyarətgahı ilə yanaşı Rus Provaslav Kilsəsinin Bakı yeparxiyası jen - mironosits kilsəsi yenidən bərpa olunub, katolik icması üçün kilsə inşa edilib, yeni yəhudi sinaqoqu tikilib. Azərbaycan hər zaman müsəlman dövlətləri ilə dini mənəvi əlaqələrin inkişaf etdiriliməsinə, dünyanın müsəlman dini liderlərinin ölkəmizə səfərlərinə, beynəlxalq tədbirlərdə iştirakına xüsusi önəm verib.
Ölkəmizdə istər daxili, istərsə də beynəlxalq aləmdə uğurlarımızı təmin edən məhz Ulu Öndərin təməlini qoyuduğu müdrik siyasəti prezidentimiz İlham Əliyev yüksək səviyyədə davam və inkişaf etdirir. Dövlət başçısının bu fikirləri xüsusi diqqətəlayiqdir: "Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi rahat yaşayırlar. Bütün dinlərin nümayəndələri bizim dəyərli vətəndaşlarımızdır. Bu sahədə Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır. Hesab edirəm ki, buna böyük ehtiyac var. Çünki heç də hər yerdə vəziyyət bizdəki kimi deyil". Dinlərarası münasibətlərdə sabitlik ölkəmizdə tərəqqinin hərəkətverici qüvvələrindən biridir, Azərbaycan dünyanın ən çox inkişaf etmiş ölkələrinə nümunə göstərilir. Bütün bunlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin titanik səyləri sayəsində mümkün olub və bu siyasət hazırda prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Nurlan