Musa Quliyev: "İslahatlar əhalinin sağlamlığının təminatına istiqamətlənib"
7 Sentyabr 2018 13:31 Siyasət"Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində müşahidə olunan uğurlu inkişaf həyatımızın hər bir sahəsini əhatə etdiyi kimi, əhalinin sağlamlığının qorunması kimi vacib bir sahədən də yan keçməyib".
Bu fikirləri millət vəkili Musa Quliyev bildirib.
Onun sözlərinə görə, səhiyyəyə diqqət və qayğının artırılması Azərbaycanın səhiyyə sistemini dövrlə ayaqlaşan, qlobal dəyişikliklərə cavab verən və tərəqqi edən bir sahəyə çevirib: "Səhiyyədə bir çox istiqamətlər üzrə islahatlar aparılır, dövlət proqramları reallaşır, səhiyyə infrastrukturunun təkmilləşdirilməsinə irihəcmli investisiyalar qoyulur, genişmiqyaslı işlər görülür. Müxtəlif aspektlərdən səhiyyədə aparılan uğrulu islahatlar əhalinin sağlamlığının təminatına, onun tam şəkildə dünya standartları səviyyəsində qurulmasına istiqamətlənib. Bu məqsədlə son illər səhiyyənin maddi-texniki bazası möhkəmləndirilib. Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır və hər il Cənab Prezidentin iştirakı ilə bir neçə səhiyyə müəssisəsinin açılışı olur". Bu səhiyyə müəssisələrinin müasir tibb avadanlığı və cihazlarla təchiz olunduğunu bildirən millət vəkili ölkədə Avropa standartlarına uyğun ən son texnologiyalarla təchiz olunmuş diaqnostika mərkəzlərinin, xəstəxanaların əhaliyə lazımi xidmət göstərdiyini vurğuladı.
"Bütün bunlar gələcəyin təminatı olan insan faktorunun daim diqqətdə olduğunu, onların fiziki cəhətdən sağlam və gümrahlığının diqqətdə saxlanıldığını göstərir", -deyən M.Quliyev Azərbaycan Prezidenti Cənab İlham Əliyevin fərman və sərəncamları ilə səhiyyəmizin müasir dövrümüzdə bütün xüsusiyyətlərinə görə, özünün yeni inkişaf mərhələsini yaşadığını bildirdi: "Artıq 4-cü ildir ki, əhalinin icbari dispanserizasiyası uğurla davam etdirilir. Uşaqların icbari dispanserizasiyası haqqında Azərbaycan Respublikasının Qanunu, eyni zamanda "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" da dövlətin sosialyönümlü siyasətin davamıdır. Təbii ki, uşaqlar arasında xəstəliklərin vaxtında aşkar edilməsi məqsədi ilə icbari tibbi müayinələrin aparılması, aşkar edilmiş xəstə uşaqların dispanserizasiyaya cəlb edilməsi və müalicə tədbirlərin həyata keçirilməsi onların sağlam həyat yaşamasına müsbət təsirini göstərir".
M.Quliyev bu gün ölkəmizdə səhiyyə sahəsində çalışan yüksək ixtisaslı kadrların olduğunu da vurğuladı. 2000-ci illərin əvvəllərində bununla bağlı qıtlıq yaşanılsa da, sonradan yüzlərlə gənclərimiz Türikiyədə təhsil alaraq geri döndülər. Artıq Azərbaycan Tibb Universitetində 5 ildir ki, tələbələr rezidenturada təhsil alırlar.
Millət vəkili onu da qeyd etdi ki, səhiyyə sahəsində aparılan islahatların davamı olaraq icbari tibbi sığortanın tətbiqi hökumətin səhiyyə sahəsində apardığı islahatların tərkib hissəsidir: "Çünki icbari tibbi sığortaya keçid ölkə vətəndaşlarının tibbi xidmətlərə əlçatanlığını artırır. Bildiyiniz kimi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb və 4 rayonda pilot layihələr həyata keçirilir. Nikaha daxil olmaq istəyənlərin tibbi müayinəsi də uğurla davam edir. Bütün bunlar dövlətin insanlara, onların sağlamlığına ayırdığı diqqətdir".
Belə uğurların olduğu zamanda keyfiyyətsiz dərman peraparartarının satışa çıxarılmasının və qiymətlərin baha olmasının da qarşısı alınıb, - deyən millət vəkili diqqətə çatdırdı ki, dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə əlaqədar dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və bir sıra çatışmamazlıqların aradan qaldırılması məqsədilə geniş tədbirlər həyata keçirilib. Belə ki, ölkə başçısının tapşırığının icrası olaraq bir çox dərmanların qiyməti nəzərə çarpacaq dərəcədə, 2 dəfə və hətta daha çox aşağı salınıb. Dərman preparatlarının qiymətinin tənzimlənərək aşağı salınması həmçinin dövlət müəssisələri tərəfindən də bu preparatların alışına müsbət təsir göstərməklə əhaliyə pulsuz təqdim edilən dərmanların çeşidinin artımına, həmçinin bu siyahıya daha da keyfiyyətli və effektiv dərman preparatlarının daxil olunmasına şərait yaratdı. Bu isə, öz növbəsində, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına müsbət təsir göstərir.
Millət vəkili hazırda Pirallahı Sənaye Parkında iki dərman zavodunun inşasına başlanıldığını və yaxın iki ildə istifadəyə veriləcəyini qeyd etdi. Öz istehsalımız olacaq dərman pereparatları daha münasib qiymətə əhaliyə təqdim ediləcək.
Bütün bunlar Azərbaycan səhiyyəsinin müasir dövrümüzdə bütün xüsusiyyətlərinə görə, özünün yeni inkişaf mərhələsini yaşamasının, ölkəmizin iqtisadi gücünün, siyasi sabitliyin təzahürüdür. Azərbaycan səhiyyəsinin istər dövlət, istərsə də özəl qanadı da uğurla davam edir.
SİA