Azərbaycanda uğurlu kadr siyasəti aparılır

Etibar Pirverdiyev idarəetmənin səmərəliliyini təmin edə bilmədi

Bu gün Azərbaycanda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan dövlət idarəçilik sistemi yaradılıb formalaşdırılıb. Fərəhli haldır ki, dövlət idarəçilik sistemimiz üçün xeyli qabiliyyətli və həm də milli ruhlu kadrlarımız hazırlanıb. Odur ki, cəmiyyət həyatının demək olar ki, bütün sahələrində yüksək səviyyəli kadr potensialımız mövcuddur. Dünyanın aparıcı dövlətləri sırasında adı çəkilən Azərbaycanda siyasi islahatlar uğurla həyata keçirilir. Ölkədə bacarıqlı, peşəkar, işgüzar, cəmiyyətlə dövlət arasında körpü rolunu oynaya bilən, ən əsası isə vətəndaş məmnunluğu mühiti yarada biləcək kadrlara üstünlük verilməsi aparılan kadr siyasətinin tərkib hissəsinə çevrilib. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan prezidenti İlham Əliyevin hərbi, sosial müdafiə və aqrar sahədə həyata keçirdiyi kadr dəyişikliyi təqdirəlayiq hesab olunur. Hesab olunur ki, idarəetmə sisteminə potensiallı insanların gətirilməsi ölkəmizin inkişafına çox müsbət töhfə verə bilər. Son zamanlar ölkədə həyata keçirilən kadr dəyişiklikləri də məhz sözügedən siyasətin tərkib hissəsi kimi dəyərləndirilir.Yeri gəlmişkən qeyd edək ki, bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Gəncə, Gədəbəy, Ağdam rayonlarına yeni icra başçısı təyin edilib. Belə ki, Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Niyazi Bayramov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub. Prezidentin imzaladığı digər sərəncamlarla isə İbrahim Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin, Vaqif Həsənov isə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Prezident İlham Əliyevin sərəncamı ilə  "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev tutduğu vəzifədən azad edilib.

Belə ki, Mingəçevirdə baş vermiş enerji qəzası ilə bağlı yaradılmış Dövlət Komissiyası tərəfindən yerli və xarici ekspertlər, aidiyyəti dövlət orqanlarının və qurumlarının nümayəndələri də cəlb edilməklə qəzanın başvermə səbəbləri ciddi araşdırılıb, mövcud çatışmazlıqlar və problemlər, habelə qəzanı doğuran hallar da əks olunmaqla, hərtərəfli və geniş rəy hazırlanaraq Prezidentə təqdim edilib. Hazırlanmış rəydə baş vermiş qəzanın əsas səbəblərindən biri kimi "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilməməsi, habelə nəticədə ölkənin enerji sistemində qəzaya gətirib çıxaran bir sıra digər nöqsanlara yol verdiyi qeyd olunub. Ölkə başçısı Dövlət Komissiyasının yekun rəyi ilə tanış olub və işdə yol verdiyi nöqsanlara görə "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevi tutduğu vəzifədən azad edib.

Məlumat üçün qeyd edək ki, dövlət başçısının bu qərarı ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır. Çünki, Etibar Pirverdiyev yarıtmaz fəaliyyəti ilə cəmiyyətdə mənfi imic "qazanmışdı". Ölkədə dəfələrlə enerji probleminin yaranması səbəbi kimi məhz onun uğursuz fəaliyyəti göstərilirdi. Təsadüfi deyil ki,  müvafiq Komissiyanın yekun rəyində qeyd olunan nöqsanlar nəzərə alınmaqla, Etibar Pirverdiyevin məsuliyyətə cəlb olunması məsələsi gündəmə gəlir. Qeyd edək ki, Etibar Pirverdiyev fəaliyyəti dövründə  qabaqcıl idarəetmə sistemlərinin, texnologiyaların yaradıldığı müasir şəraitdə idarəetmə sistemində çalışan rəhbər kimi özünü doğrulda bilməyib. Strateji əhəmiyyətli sahəyə rəhbərlik edən E. Pirverdiyev  qlobal dünyada baş verən dəyişikliklərə uyğunlaşa bilməyib, daim mürəkkəb idarəetmə məsələlərinin həllində peşəkarlıqla bağlı müəyyən çətinliklərlə üzləşib, nəticə etibarilə  idarəetmənin səmərəliliyini təmin edə bilməyib. Dövlətin mənafeyi isə yalnız ali rəhbərlərin deyil, həm də bütün dövlət idarəetmə sistemindəki vəzifəli şəxslərin yüksək təhsil və peşəkarlıq səviyyəsinə malik olmasını tələb edir. Çünki  kadrların peşəkarlığının, səriştəliliyinin yüksək olmasından ölkənin nəinki bu günü, həmçinin gələcəyi də asılıdır. İdarəçilik işinin səmərəliliyini yüksəltməyə nail olmaq məqsədi ilə bu gün Azərbaycanda aparılan iş qarşımızda təkcə kadr hazırlanması kimi yox, həm də siyasi bir vəzifə kimi durur. Bu baxımdan təbiidir ki, indi idarəetmə kadrlarının nəzəri və praktiki hazırlığı məsələlərinə olan tələb də artır. İndi hazırlanan kadrlar gərək dəyişilən vəziyyətdən baş çıxarmağı, konkret şəraitə uyğun vəzifələri müəyyən etməyi, müstəqil qərarlar qəbul edərək onları həyata keçirməyi bacarsınlar. Məhz bu məqsədlə müvafiq vəzifələrə uyğun kadrların hazırlanması, onların səriştəliliyi, peşəkarlığının artırılması, kadrların elmi nəzəri səviyyəsi yüksəldilməli və praktiki iş təcrübələrinin artırılması ölkə başçısının daim diqqət mərkəzindədir. Sirr deyil ki, bu məqsədlə tədris prosesinin təşkili, onun forma və metodları da təkmilləşdirilməli, inkişaf etdirilməli, informasiya təminatı lazımi səviyyədə qurulub. Hazırda yerləşdiyi regionda lider dövlətə çevrilmiş Azərbaycanın mövqelərini qoruyub saxlayan, daha da inkişaf etdirə biləcək peşəkar kadrların seçilməsinə xüsusi diqqət yetirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, sürətli dəyişikliklərin baş verdiyi hazırkı vaxtda cəmiyyətin sosial-iqtisadi tərəqqisində, rəqabətə davamlı insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan bilik iqtisadiyyatının qurulmasında ali təhsilin müstəsna rolu var. Qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə hər bir ölkənin iqtisadiyyatının dinamik inkişafı, onun uğurlu gələcəyi, inkişaf etmiş ölkələr sırasına daxil olması həmin ölkədə təhsiln səviyyəsi ilə müəyyən olunur. Bu cəhətdən ölkənin malik olduğu təbii sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsi ali təhsil qarşısında duran müstəsna əhəmiyyətə malik əsas vəzifədir. Bütün bu amillər respublikada ali təhsil sahəsində islahatların istiqamətlərinin dünyada ali təhsilin inkişaf tendensiyalarına uyğun müəyyənləşdirilməsi zərurətini qarşıya qoyur.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Etibar Pirverdiyevin yarıtmaz fəaliyyəti ilə bağlı dəfələrlə parlamentdə məsələ qaldırdığını bildirib: "Milli Məclisdə onun fəaliyyətsizliyi və vəzifədə olduğu dövrdə baş verən qanunsuzluqlarla bağlı çox kəskin çıxışlarım olub. Belə hesab edirəm ki, Mingəçevirdəki enerji qəzası məhz Etibar Pirverdiyevin yarıtmaz fəaliyyətinin nəticəsi idi. Ölkə zülmətə qərq olan vaxt Pirverdiyevin alternativləri harada idi?! Ayrılan pullar hara sərf edilib? Ümumiyyətlə mən heç vaxt Pirverdiyevin işini qənaətbəxş hesab etməmişəm. Əgər Komissiya obyektiv araşdırma aparıbsa, onun əməlində təkcə Mingəçevirdə baş verən hadisə ilə bağlı deyil, ümumiyyətlə işlədiyi dövrdə baş verən qanunsuzluqlara qiymət verilməlidir. Çünki bunun üçün kifayət qədər faktlar var və təbii ki, bu faktlara qiymət verilə bilər. Amma cənab Prezident əgər onu işdən azad etməklə kifayətlənibsə, məsələnin digər tərəfinin məsuliyyəti hüquq-mühafizə orqanlarının öhdəsinə düşür". Onu da qeyd edək ki, beynəlxalq təcrübəyə istinad edərək idarəçilik mədəniyyətimizi daim artırmalı, onu zənginləşdirərək yüksəltməli, yeniləşən dünyamızın tələblərinə cavab verən kadr potensialımızı çoxaltmalıyıq. Unutmamalıyıq ki, ölkəmizin bu günü və gələcəyi bu kadrların peşəkarlıq səviyyəsindən çox asılıdır.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31