Azərbaycanda çevik idarəçilik sistemi yaradılıb

Prezidentin kadr siyasəti yüksək qiymətləndirilir

Azərbaycanda həyata keçirilən siyasi islahatlar çərçivəsində kadr seçimi məsələsi ön sıralarda durur. Son zamanlar ölkədə həyata keçirilən kadr dəyişiklikləri də məhz sözügedən siyasətin tərkib hissəsi kimi dəyərləndirilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan daim inkişafda olan dünyanın tərkib hissəsi olaraq ardıcıl dövlət idarəçilik sistemini təkmilləşdirir. Təkamül yolu tutan Azərbaycanın kadr siyasətinin qayəsində isə çevik dövlət idarıçilik sisteminin yaradılmasıdır. Yeri gəkmişkən qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Gəncə, Gədəbəy, Ağdam rayonlarına yeni icra başçısı təyin edilib. Belə ki, Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Niyazi Bayramovu Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub. Prezidentin imzaladığı digər sərəncamlarla isə İbrahim Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin, Vaqif Həsənov isə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı  deyib ki, İlham Əliyev bu ilin aprelin 11-də keçirilən seçkilərdə yenidən prezident seçildikdən sonra artıq ciddi xarakter daşıyan islahatları daha da dərinləşdirib: "Ölkənin iqtisadi, hüquqi müstəvidə daha da təkmilləşdirilməsi, dövlətimizin möhkəmlənməsinə xidmət edən addımların atılması prezidentin siyasi, idarəçilik fəaliyyətində ən mühüm xarakter daşıyır. Əlbəttə ki, bu humanistlik prinsipinə söykənir". F.Ağamalı prezidentin icra başçıları ilə bağlı son təyinatlarının gözlənilən olduğunu bildirib: "Bu, bir daha onu göstərir ki, ölkə başçının etimadını itirən, xalqa lazımi səviyyədə xidmət etməyənlər öz vəzifələrini itirəcəklər. Hesab edirəm ki, Azərbaycan xalqına xidmət etməyi özünə şərəf bilən, dövlət başçısının tapşırıqlarını birmənalı şəkildə yerinə yetirən, öz şəxsi ambisiyalarının quluna çevrilməyən insanlar vəzifəyə təyin olunduqdan sonra da bu proses davam edəcək. Əgər bu təyinatlar ayrı-ayrı məmurlar tərəfindən nəzərə alınmırsa, ibrət dərsi götürülmürsə əlbəttə ki, həmin dəyişikliklər onları da gözləyir. Mən çox istərdim ki, belə olmasın. Onlara prezident tərəfindən  göstərilmiş etimadı yüksək səviyyədə doğrultsunlar, həqiqətən də Azərbaycan xalqının xidmətçisinə çevrilsinlər, hər zaman xalqın içərisində olsunlar, xalqın düşüncələrini, istəklərini öyrənsinlər, insanların məruz qalmış olduğu problemlərin, çətinliklərin həll edilməsi istiqamətində işlər görüsünlər. Bu, mənim və Azərbaycan xalqının gözləntisi, istəyidir. Ölkə başçısının hər bir addımı hər zaman olduğu kimi,  indi də Azərbaycan xalqının və dövlətinin maraqlarına xidmət edir. Əmin olmaq istərdim ki, yeni təyinat alanlar dövlət başçısının etimadını yüksək səviyyədə doğruldacaqlar. Azərbaycan xalqının təmənnasız xidmətində duracaqlar. Hər zaman xalqımız tərəfindən sevimli məmura çevriləcəklər. Mənim arzum və istəyim budur".  Deputat ümid edir ki, son hadisələr məmurların hərəkət və davranışlarında müəyyən ciddi dəyişikliklərə səbəb olacaq: "Hər kəs daşımış olduğu vəzifənin məsuliyyətini dərk edərək, yuxarıda sadaladığım keyfiyyətlərə söykənərək xalqımıza və dövlətimizə  xidmət göstərəcək. Azərbaycan xalqı ilə prezident arasında mövcud olan birliyə, vəhdətə  yeni-yeni töhfələr verəcəklər. Mən buna inanmaq istərdim. Yeni təyinat alanlara da cansağlığı, işlərində müvəffəqiyyətlər arzu edirəm.  Arzu edərdim ki, onlar haqqında mətbuatda,  ictimai rəydə ancaq xoş fiikirlər səsləndirilsin". Millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, cənab prezident  regionda gedən proseslərlə maraqlanır və hər bir regionla bağlı onun tam müfəssəl məlumatı var: "Prezident həmişə dəyərli kadrlara qiymət verir, perspektivi olan gəncləri irəli çəkir, bu və ya digər regionun inkişaf perspektivindən asılı olaraq, orada  problem üzərində işləyəcək kadrların düzgün seçimini edir. Ağdam və Gədəbəy çox strateji regionlardır. Bir müddətdir ki, həmin yerlərdə icra başçısı vəzifəsi boş idi. Bu rayonlara icra başçısı təyin olunan şəxslər barəsində bir məlumatım yoxdur. Amma bununla belə  şübhəm yoxdur ki, cənab prezidentin təyinatı düzgündür və bu insanlar artıq böyük həyat təcrübəsinə malik, siyasi əqidəsi olan, dövlətçiliyə bağlı insanlardır. Gəncə müstəqil Azərbaycanın ilk paytaxtı, eyni zamanda ölkənin ən böyük sənaye və mədəniyyət mərkəzlərindən biri kimi həmişə diqqət mərkəzində olub. Gəncədə baş verən hadisələr çox təəssüf ki, oranın  icra başçısı Elmar Vəliyevin bir müddət sağlamlığı ilə məşğul olmasına gətirib çıxardı. Gəncədə quruculuq işlərində, orda olan problemlərin həllində Elmar müəllimin xidmətlərini qeyd etmək lazımdır. Bundan  sonra mən ona tezliklə sağalaraq  aktiv fəaliyyətə qayıtmağı arzulayıram". Deputat  Gəncənin yeni icra başçısından da söz açıb: "Mingəçevir İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun Gəncəyə  təyin  edilməsini düzgün hesab edirəm. Niyazi müəllimlə artıq neçə illərdir, birgə işləyirəm və onu ancaq müsbət tərəfdən tanımışam. Xaraktercə təmkinli, sakit və çox ziyalı bir insandır. O, insanlarla işləməyi, onları dinləməyi xoşlayır. Niyazi Bayramovun hüquq-mühafizə orqanları ilə münasibətləri çox rəvan, bərabərhüquqludur. Onların fəaliyyətinə həm dəstək olan, həm də hörmətlə yanaşan insandır. Həmçinin o, Mingəçevirin icra başçısı olduğu dövrdə  Mingəçevirin həm cari problemlərinin həllinə diqqət edirdi, həm də perspektivi ilə bağlı daim layihələr üzərində işləyirdi. Mingəçevir Tekstil müəssisəsinin işə salınmasında onun da səylərinin böyük rolu var. Niyazi müəllim abadlıq işlərinə mənzil tikintisinə, sosial qayğıya ehtiyacı olan insanların problemlərinin həllinə böyük diqqət edir, ziyalı təbəqə, universitet və məktəb, səhiyyə kollektivi ilə daim sıx işləyir. Bu sahələrdə problemin olmaması üçün kifayət qədər əhəmiyyətli işlər görür. O, Mingəçevirdən Milli Məclisə iki il deputat seçilib. Bir dəfə olmayıb ki, mənim zəngimə cavab verməsin və ya mənim qaldırdığım hansısa məsələni diqqətdən kənar qoysun.  Niyazi Bayramovun Gəncəyə təyinatını düzgün qitmətləndirirəm. Hesab edirəm ki, o, qısa zamanda gəncəlilərin məhəbbətini qazanacaq, Gəncədə gedən quruluculuq işlərini çox uğurla  davam etdirəcək. Gəncənin yenə də ölkənin qüdrətli, nüfuzlu şəhərlərindən biri olması üçün bütün təcrübəsini ortaya qoyacaq. Cənab prezidentə Niyazi Bayramova etimad  göstərdiyinə görə təşəkkür edir və gəncəliləri təbrik edirəm. Qısa zamanda gəncəlilər Niyazi müəllim haqqında yüksək fikirdə olacaqlar".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31