Şəxsi mənfəətini dövlət maraqlarından üstün tutanlar
Belə məmurlar dövlətin nüfuzuna xələl gətirirlər
27 Avqust 2018 16:53 SiyasətBelə məmurlar dövlətin nüfuzuna xələl gətirirlər
Ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar regionlara da təsirini göstərib. Artıq bir sıra iri şəhər və rayonlar inkişaf mərhələsini çoxdan geridə qoyub. Prezident İlham Əliyevin yürütdüyü sosial-iqtisadi siyasətin qayəsində vətəndaş məmnunluğu durur ki, bunun da məsuliyyəti yerli icra orqanlarının üzərinə düşür. Lakin bəzi üzdəniraq məmurlar şəxsi mənfəətlərini dövlət, millət maraqlarından üstün tuturaq yarıtmaz fəaliyyətləri ilə dövlət başçısının yürütdüyü siyasətə gölgə salırlar. Daha dəqiq, bir sıra dövlət qulluqçuları var ki, sanki vətəndaşları narazı salmaqla iqtidarın yürütdüyü siyasətin mahiyyətinə zərbə vurmaq niyyəti güdürlər. Belə məmurlardan biri də Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayonu şöbəsinin rəisi vəzifəsində işləmiş Allahverdi Xudaverdiyevdir ki, o, fəaliyyət göstərdiyi müddət ərzində saxta yolla yüzlərlə Dövlət Aktı kadastr planı verib. Məlumata görə, hazırda yüzlərlə vətəndaş Allahverdi Xudaverdiyev tərəfindən verilmiş saxta Dövlət Aktlarını qanuniləşdirə bilmir. Belə ki, vətəndaşlar Dövlət Aktları kadastrı planlarını Əmlak Məsələləri üzrə Dövlət Komitəsində qeydiyyata daxil etmək istədikdə, onlara verilən həmin sənədlərin əslinin olmadığı aşkarlanıb. Zərərçəkmişlərin verdiyi məlumata görə, yol verdiyi saxtakarlıqların nə zamansa üzə çıxacağından ehtiyat edən Allahverdi Xudaverdiyev hətta əlbir olaraq Quba rayon Notariat Arxivinin yandırılmasına belə qol qoyub. Əslində sözügedən fəaliyyət sabotaj xarakteri daşıyır ki, hazırki dövrdə belə fəaliyyət olduqca təhlükəli hesab olunur. Lakin buna baxmayaraq, hazırda Quba Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində çalışan Allahverdi Xudaverdiyev daha yüksək vəzifələrə sahib olmaq uğrunda çalışır. Belə ki, idarə rəisinin Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini postuna iddialı olduğu bildirilir. Bəs bu cür fəaliyyət dövlət qulluqçularının qeyri-etik davranışı kodeksinə uyğundurmu?
Qeyd edək ki, dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi vəzifəli şəxslərin üzərinə düşən vəzifələrdən biridir. Daha dəqiq, dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması dövlət məmurların vəzifə borcu hesab olunur. Lakin, A.Xudaverdiyevin fəaliyyətindən aydın olur ki, bu şəxsin nəinki dövlət qulluğunun nüfuzu və ona olan etimad istənilən səviyyədə deyil, hətta onun timsalında dövlət orqanlarının fəaliyyəti tam səmərəli və şəffaf həyata keçirilmir, korrupsiya və maraqların toqquşması hallarına rast gəlinir. Heç şübhəsiz ki, bu kimi hallar mütləq və mütləq dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində nəzərə alınır və alınacaq.
Sadalanan faktlar deməyə əsas verir ki, A.Xudaverdiyev kimi dövlət qulluqçularının qeyri-etik davranışı dövlət orqanlarının və ümumilikdə dövlətin nüfuzuna xələl gətirir. Bu tip məmurlar vətəndaşların dövlət qulluqçularından tələb edilən davranış qaydaları barədə məlumatsızlığından sui-istifadə edərə dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinə kölgə salırlar. Hansı ki, özləri dövlətin idarə olunmasına imkanlarına qətiyyən malik deyillər. Nəzərə almaq lazımdır ki, dövlət qulluqçusu şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə öz vəzifə borcunu səmərəli yerinə yetirməyə borcludur. Belə ki, dövlət qulluqçusu öz fəaliyyətini qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməli, etik davranışı və öz peşəkar fəaliyyəti ilə dövlət orqanlarına, hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir. Dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməli, öz adını və şərəfini uca tutmalı, etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmalı, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməlidir. İstifadəsində olan dövlət əmlakından qənaətlə və səmərəli istifadə etməyə borcludur. Çox təəssüf ki, A.Xudaverdiyevin fəaliyyətində sadalanan halların heç birinə rast gəlinmir.
Nurlan