İctimai-siyasi xadim, xeyriyyəçi xanım
Mehriban Əliyeva müasir Azərbaycan qadınının obrazını yaradıb
25 Avqust 2018 13:48 SiyasətMehriban Əliyeva müasir Azərbaycan qadınının obrazını yaradıb
Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq "birinci xanım" statusunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva formalaşdıraraq cəmiyyətin həyatına birinci xanım ənənəsini gətirmişdir. Adətən, hər bir ölkənin birinci xanımı öz ölkəsində elmə, mədəniyyətə və təhsilə diqqət yetirir. Mehriban xanımın diqqətindən kənarda isə heç bir sahə qalmır; o, bütün bilik və bacarığını müxtəlif humanitar təşəbbüslərin reallaşmasına sərf edir. Mehriban xanımı ölkə başçısı ilə ictimaiyyət arasında ən mahir əlaqələndirici hesab etmək olar. Onun irəli sürdüyü bir çox təşəbbüslər dövlət və vətəndaş birliyinin təmin edilməsində mühüm rol oynayır. Ölkəmizin birinci xanımı Mehriban Əliyevanın ictimai-siyasi-mədəni sahələrdə çoxsaylı təşəbbüslərin müəllifi kimi önə çıxması Azərbaycan qadınının inkişafı üçün yeni üfüqlər açmışdır.
Xatırladaq ki, Mehriban Əliyeva 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. Mehriban Əliyeva 1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib və 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib. 2005-ci ildə "Evtanaziya və təbabətdə humanizm problemi" mövzusunda dissertasiya işi müdafiə edib və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb. Mehriban Əliyeva 1995-ci ildə hal-hazırda rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunu yaradıb və 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan "Azərbaycan - İrs" jurnalını təsis edib.
Azərbaycanda son illər ərzində formalaşmış birinci xanım institutu dünyanın bir çox ölkələri üçün örnək ola bilər. Mövcud reallıqlar Azərbaycanda birinci xanım faktorunun mahiyyətini bizlərə aydın göstərir. O, xalqına xidməti əsas meyar kimi birinci xanım qismində qəbul etmişdir: "dövlət başçısının xanımı kimi mənim üçün həmişə ən vacibi o olmuşdur ki, mən öz ölkəm üçün nə edə bilərəm". Mehriban Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində məhz millətə layiqli xidmət məramı dayanır. Mehriban Əliyeva ictimai düşüncədə "bir çox sosial problemləri yalnız dövlət həll etməlidir" kimi stereotipi dəyişdirməyə cəhd etdi və cəmiyyətin bütün təbəqələrinin kənar müşahidəçi mövqeyindən konkret fəaliyyətə keçməsinə nail oldu.
Mehriban xanım Əliyevanın fəaliyyət dairəsi çox genişdir. O, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri kimi sistemli və aydın, bir-birini təkrarlamayan fəaliyyət zənginliyinə malikdir. Hələ 21 il öncə -1995-ci ildə Azərbaycan Mədəniyyəti Fondunu təsis edən Mehriban Əliyeva milli-mənəvi dəyərlərimizin qorunmasını, incəsənətimizin inkişafı və təbliğini, Azərbaycan mədəniyyətinin ümumbəşəri mədəni dəyərlər sisteminə inteqrasiyasını fəaliyyətinin başlıca prinsipləri kimi müəyyənləşdirmişdi. Fondun fəaliyyətinin əsas məqsədi Azərbaycan mədəniyyətini təbliğ etmək, onu bütün dünyaya tanıtdırmaq idi. Ölkəmizin müstəqilliyini yenicə bərpa etdiyi zamanlarda Mehriban xanım Əliyevanın belə bir müqəddəs missiyanı üzərinə götürməsi onun zəngin mənəvi irsimizə sadiqliyinin bariz göstəricisi idi. Bu təşəbbüs xalqımıza azərbaycançılıq məfkurəsinin aşılanması, onun zəngin mədəniyyət tariximizlə mənəvi bağlarının möhkəmləndirilməsi yolu ilə Sovet hakimiyyətinin süqutundan sonra yaranmış ideoloji boşluğun aradan qaldırılması baxımından xüsusi önəm kəsb edirdi.
Azərbaycanın "Eurovision" Mahnı Müsabiqəsində iştirakının təşəbbüskarı kimi çıxış etmiş Mehriban xanım Əliyeva bu musiqi yarışması vasitəsilə Azərbaycanın və onun musiqisinin dünyada tanıdılmasına xüsusi səy göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il "Eurovision" Mahnı Müsabiqəsinin təşkili və keçirilməsi haqqında müvafiq Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinə rəhbərlik edən Mehriban xanım Əliyeva bu musiqi yarışmasının Azərbaycanda ən yüksək səviyyədə keçirilməsinə nail olmuş və Azərbaycanın müxtəlif məzmunlu beynəlxalq tədbirlərin təşkilində qabaqcıl dövlətlərdən birinə çevrildiyini ortaya qoymuşdur.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi də fəaliyyəti peşəkarlıq və səmərəlilik baxımından xüsusilə diqqətəlayiqdir. 2005, 2010 və 2015-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Mehriban Əliyeva seçicilərin böyük səs çoxluğu ilə millət vəkili seçilmişdir. Bu, həm də Mehriban xanım Əliyevanın fəaliyyətinə verilmiş layiqli vətəndaş qiymətinin bariz nümunəsidir. Azərbaycan seçicisi bu seçimlə dövlətçiliyimizin möhkəmləndirilməsi və xalqın rifahının yüksəldilməsi işində həm ölkə başçısı İlham Əliyevin, həm də bütün təşəbbüslərində ona öz dəstəyini əsirgəməyən Birinci xanım Mehriban Əliyevanın yanında olduğunu bir daha sübut etmişdir. 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən isə Partiyanın sədr müavini olan Mehriban Əliyeva Azərbaycanın siyasi elitasının aparıcı qüvvələrindən birinə çevrilmişdir. Milli Məclisdəki fəaliyyəti dövründə Mehriban xanım Əliyeva humanizm prinsiplərinə sadiqliyini dəfələrlə sübut etmişdir. Onun təşəbbüsü ilə hazırlanmış Amnistiya aktları 2007, 2009, 2013 və 2016-cı illərdə Milli Məclis tərəfindən qəbul olunmuş, nəticədə, ümumilikdə 30 mindən çox məhkum müxtəlif növ cəzalardan azad edilmişdir. Cəmiyyətə layiqli vətəndaş qazandırmağın onu cəzalandırmaqla deyil, bağışlamaqla, sosial həyata inteqrasiyasına lazımi şərait yaratmaqla mümkünlüyü düşüncəsində olan Mehriban Əliyeva hər zaman məsuliyyətli qərarlar vermək bacarığını nümayiş etdirmişdir. Azərbaycan Parlamentində "28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında" sonuncu Qanun layihəsinin müzakirəsi zamanı söylədiyi fikirlərlə Mehriban xanım Əliyeva cəmiyyətdə humanizm prinsiplərinin rəhbər tutulmasının nə qədər önəmli olduğunu ifadə etmişdir: "Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir". Mehriban Əliyevanın simasında Azərbaycan qadını ilk dəfə olaraq humanist dəyərləri mənəvi kamilliyin əsas meyarı kimi önə çıxarır, ədalətli cəmiyyətin bərqərar edilməsinin zəruri şərtlərini müəyyən edir. Beləliklə, Azərbaycanın qadın hərəkatında güclü dövlət, ədalətli cəmiyyət və azad qadın anlayışı bir-birinə möhkəm tellərlə bağlanaraq, sosial-mədəni inkişafımızın mütəhərrik qüvvəsinə çevrilir.
2004-cü ildə Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun təsis edilməsi müasir Azərbaycan tarixinin əlamətdar hadisələrindən biridir. Heydər Əliyev Fondu Azərbaycanın dövlətçilik tarixini zənginləşdirmiş ümummilli liderimizin xatirəsinə Azərbaycan xalqının ehtiramını ifadə etmək məramı ilə, ulu öndərin zəngin mənəvi-siyasi irsinin öyrənilməsi, milli dövlətçilik ideyalarının nəsildən-nəsilə ötürülməsi zərurətindən yaranmışdır. Heydər Əliyev Fondu ölkəmizin və müasir dünyanın yeni və qabaqcıl ideyalarla hərəkət edən ən innovativ təsisatlarından biri olaraq təhsil, mədəniyyət, səhiyyə, idman, elm və texnologiya, ekologiya və sosial sahələrdə cəmiyyət və dövlətimiz üçün aktual olan layihələrin həyata keçirilməsində təşəbbüskar və təşkilatçı qurum kimi çıxış edir. Xüsusi qayğıya ehtiyacı olan insanlara yardım göstərilməsi, Azərbaycan vətəndaşlarının yaradıcı potensialının üzə çıxarılması və inkişaf etdirilməsinə, mənəvi dəyərlərimizin qorunmasına dəstək verilməsi, azərbaycançılıq ideologiyasının təbliği Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətləridir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Azərbaycan Respublikasının beynəlxalq nüfuzun artırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi Fondun fəaliyyət dairəsinə daxil olan prioritet sahələrdir. Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Marçellinio və Pietro katakombalarının, Luvr muzeyinin bir hissəsinin bərpası Azərbaycanın nadir bir tolerantlıq məkanı kimi dünya miqyasında mədəniyyətlər və dinlər arası dialoqda oynadığı tarixi rolun təzahürüdür.
Mehriban xanımın ölkə və qlobal səviyyədə gördüyü işlər beynəlxalq aləmdə də yüksək qiymətləndirilməkdədir. 2016-cı ildə Mehriban xanım Əliyeva Avropada idmanın inkişafına göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitəsinin ən yüksək mükafatı olan Ali Ordenlə təltif edilmişdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransanın "Şərəf Legionu" ordeninə və bir çox dövlətlərin orden və medallarına, çoxsaylı mükafatlarına layiq görülmüşdür. Azərbaycan xanımına xas olan bütün nəcib xüsusiyyətləri özündə əks etdirən Mehriban xanım Əliyevanın səyləri nəticəsində bu gün Azərbaycanda qadın hərəkatı keyfiyyətcə yeni səviyyəyə yüksəlmiş, ölkəmizin siyasi sistemində güclü "Birinci Xanım" institutu formalaşmışdır. Mehriban xanım Əliyevanın maddi və qeyri-maddi irsimizin qorunması, Azərbaycan gerçəkliklərinin, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, xeyriyyəçilik və humanitar təşəbbüslərin irəli sürülməsi kimi çoxşaxəli fəaliyyət dairəsi Azərbaycan xanımının tükənməz gücünü nümayiş etdirir. Bütün bunlar müasir Azərbaycan xanımının öz tarixi missiyasını ləyaqətlə davam etdirdiyini, milli-mənəvi dəyərlərimizin keşiyində cəsarətlə durduğunu göstərir.
Alim