Azərbaycanın Birinci vitse-prezidenti həm də bir xanım olaraq bütün qadınlara nümunədir

Vüqar Rəhimzadə: "Xeyirxahlıq, humanistlik Mehriban xanım Əliyevanın həyat amalıdır"

"Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, Azərbaycan Gimnastika Federasiyasının rəhbəri, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinə bir daha nəzər salsaq, hər addımın əsasında xeyirxahlığın, humanizmin, səmimiyyətin, vətəndaşlıq təəssübkeşliyinin yüksək səviyyədə qorunduğunun şahidi olarıq. Mehriban xanım Əliyevanın "Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir" fikri qazandığı uğurların, gördüyü işlərin bələdçisidir. Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdimatında bu prinsipləri də diqqətə çatdırmışdır: "Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar." Bu fikirləri Olaylar.az -a Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, ulu öndər Heydər Əliyevin ideyalarına, Azərbaycan xalqının zəngin mədəniyyətinə, milli- mənəvi dəyərlərinə dərindən bağlılıq Mehriban xanım Əliyevanın həyat amalına çevrilib, zaman-zaman daha geniş sahələri əhatə edib. Heydər Əliyev Fondunun prezidenti kimi Ümummilli Liderin irsinin təbliği ilə məşğul olan Mehriban xanım Əliyeva Azərbaycan xalqının tarixinin, mədəniyyətinin xarici ölkələrdə daha yaxından tanıdılması sahəsində çox böyük uğurlara imza atıb.

Uğurlarımıza davamlı töhfələri ilə diqqət çəkən Mehriban xanım Əliyevanın xidmətlərinin miqyası ölçüyəgəlməzdir. Azərbaycan reallıqlarının təbliği istiqamətində dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlər, təqdimatlar, hazırlanan vəsaitlər, nəşr edilən kitablar məqsəd və məramın açıqlanmasına yardımçı olur. Mehriban xanım Əliyevanın xidmətləri Azərbaycanın dövlətlər, xalqlar arasında körpü roluna yeni töhfələr verir. Onun milli-mənəvi dəyərlərimizin, tariximizin qorunması və təbliği istiqamətində atdığı addımlar Azərbaycan-YUNESKO əlaqələrinin bugünkü inkişafında, gələn il qurumun Ümumdünya İrs Komitəsinin

növbəti 43-cü sessiyasının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul olunmasında stimulverici amil rolunu oynamışdır. Onun səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri YUNESCO-nun müvafiq siyahılarında yer almışdır. Muğam sənətinin, aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin YUNESKO-nun nadir, şah əsərləri siyahısına daxil edilməsi Azərbaycanla bu təşkilat arasında əməkdaşlığın davamlılığına xidmət edən töhfələrdir.

Vüqar Rəhimzadə xatırladıb ki, Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı ilə ölkəmizdə "Eurovision" mahnı yarışmasının, eyni zamanda Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi Azərbaycanın malik olduğu imkanların dünyaya təqdimatında əhəmiyyətli rol oynamışdır. Məqsəd ötən hər günü tarixinə uğur səhifəsi kimi yazan Azərbaycanın beynəlxalq aləmdə yerini və rolunu möhkəmləndirmək, həqiqətlərimizi dünya ictimaiyyətinə olduğu kimi çatdırmaqdır.

Baş redaktor Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti sırasında Milli Məclisin deputatı olarkən gördüyü işlərdən, qazandığı seçici etimadından da geniş bəhs edib. Bildirib ki, sözü ilə əməli bir olan, verdiyi vədləri layiqincə yerinə yetirən, mühüm problemlərin həllinə yüksək səviyyədə nail olan Mehriban xanım Əliyevanın gördüyü işlər insanlarda böyük ruh yüksəkliyi yaradıb.

Vüqar Rəhimzadə vurğulayıb ki, Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasını təşkil edən prinsiplərin dəyişməzliyi onun uğurlarının müşaiyətçisidir. Mehriban xanım Əliyevanın özünün də vurğuladığı kimi, insanın malik olduğu imkanlar, eyni zamanda, Allah Təalanın köməkliyi yüksək nəticələrin əldə olunmasına, qarşıya qoyulan məqsədlərə nail olmağa yol açır: "Mehriban xanım Əliyevanın aldığı mükafatlar, fəxri adlar onun fəaliyyətinin nə dərəcədə çoxşaxəli olduğuna əyani sübutdur. Ən böyük mükafat isə xalqın sevgisidir. Dövlətimizin başçısı İlham Əliyev Mehriban xanım Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdim edərkən bildirib: "Bax, bu, çoxşaxəli fəaliyyət və eyni zamanda, uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda, qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır." Ölkə Prezidentinin bu etimadını yüksək dəyərləndirən Mehriban xanım Əliyeva

"Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam" vədini verməklə, istər bu günədək Heydər Əliyev Fondunun prezidenti, istərsə də son bir ildən artıq dövr ərzində Azərbaycanın Birinci vitse-prezidenti kimi bütün fəaliyyətini məhz bu prinsiplər üzərində qurub."

Bəhruz Quliyev: "Azərbaycanın beynəlxalq nüfuzunun artırılması istiqamətində də Mehriban xanım danılmaz işlər görüb"

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə təkcə ölkəmizdə deyil, eləcə də bütün dünyada nüfuz qazanıb. Ölkəmizin birinci xanımı səmərəli və humanist fəaliyyəti ilə dünyada geniş şöhrət sahibidir". Bu fikirləri Olaylar.az -a "SƏS" Media Qrupun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.

O bildirib ki, Mehriban xanım Əliyeva Azərbaycanın birinci vitse-prezidenti olmaqla bu institutun formalaşmasında böyük işlər görüb: "Uzun illərdir ölkənin ictimai-siyasi, mədəni, humanitar, sosial həyatında mühüm və fəal rol oynayan Mehriban xanım Əliyevanın həm Heydər Əliyev Fondunun prezidenti, həm Milli Məclisin üzvü, həm UNESCO və İSESCO-nun xoşməramlı səfiri kimi hərtərəfli fəaliyyəti cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Onun rəhbərlik etdiyi Fond maddi durumu ağır olan minlərlə xəstənin əməliyyat və müalicə olunaraq yenidən həyata qayıtmasına yardım edib. Yoxsul insanlar daim Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun diqqət və qayğısındadır".

Bəhruz Quliyev qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində çoxsaylı layihələrə, eyni zamanda mühüm işlərə imza atıb: "Buna misal olaraq, valideyn himayəsindən məhrum olan uşaqlara dövlət qayğısının göstərilməsi, xəstələrin müalicəsi, əlilliyi olan şəxslərin reabilitasiyası, uşaqlar üçün müalicə və istirahət pansionatlarının, məktəblərin, uşaq bağçalarının, xəstəxana və poliklinikaların tikilməsini və digərlərini sadalamaq olar. Mehriban xanımın təşəbbüsü ilə Azərbaycandan xaricdə də çoxsaylı humanitar aksiyalar həyata keçirilib".

Mehriban xanım Əliyevanın ölkəmizin milli-mənəvi dəyərlərinin qorunması, dünyada Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması istiqamətində zəngin fəaliyyət ortaya qoyduğunu deyən siyasi ekspert vurğulayıb ki, Mehriban xanım həyata keçirdiyi işlərlə təmsil olunduğu cəmiyyətə yalnız fayda gətirib: "Azərbaycanın beynəlxalq nüfuzunun artırılması istiqamətində də Mehriban xanım danılmaz işlər görüb. Mehriban xanım Qarabağ həqiqətlərinin yorulmaz təbliğatçısı olmaqla yanaşı, xalqımızı, mədəniyyətimizi dünyada layiqli şəkildə tanıdan qadın Liderdir!".

Bəhruz Quliyev əlavə edib ki, Azərbaycanın Birinci vitse-prezidenti həm də bir xanım olaraq bütün qadınlara nümunədir: "Mehriban xanım Əliyeva hər kəsə gözəl bir ailə örnəyidir. Bu gün Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq, Azərbaycanın inkişafı, gələcəyi uğrunda dövlət başçısı ilə çiyin-çiyinə mübarizə aparır, ölkəmizin inkişafı üçün əlindən gələni edir".

Ay An

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31