Cəmiyyət öz dövlətini sevir

Öz dövlətini kimlərinsə maraqlarına qurban vermək istəmir

Ötən həftənin sonlarında millət vəkillərindən biri tərəfindən Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünün mümkünlüyü barədə səsləndirilən fikirlər cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrildi desək yanılmarıq. Əksəriyyət rəsmi Bakının sözügedən quruma üzvlüyünü normal qarşılamasa da, lakin həmin təşəbbüsə dəstək verənlər də oldu. Bir sözlə cəmiyyətin sözügedən təşəbbüslə bağlı mövqeyi birmənalı olmadı.  

Azərbaycan Milli Elmlər Akademiyasının  A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın orta əsrlər tarixi" şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli hesab edir ki, bununla Azərbaycandakı "beşinci kolon" yeni bir sınaq həyata keçirdi. Onun sözlərinə görə, əslində, düzgün hesablamadılar: "Güman etdilər ki, Birləşmiş Ştatlar prezidenti Donald Trampın apardığı son siyasət Azərbaycanda Amerikaya, o cümlədən Avropaya qarşı əks mövqeni daha da dərinləşdirib. Buna görə də zamanın yetişdiyini düşündülər. Bu dəfə də millət vəkili Əli Hüseynlini önə verdilər. Əslində, düzgün hesablamışdılar. Çünki Əli Hüseynlinin ictimaiyyət arasında nüfuzu digər millət vəkillərinin nüfuzundan fərqlənir. Ona qarşı simpatiyası olanlar da var idi. Amma bu adam düşünmədən addım atdı və bütün nüfuzunu itirdi. Bəlkə də məcbur oldu. Çünki Azərbaycan parlamentində birbaşa Rusiyaya bağlı olan "beşinci kolon"un aparıcı adamları olan millət vəkilləri vardır. Əli Hüseynli kimi bir millət vəkilinin bu "cəbhə"yə cəlb olunması əslində, "uğurlu" siyasətin nəticəsi ola bilərdi. Bu mənada onun önə verilməsində gizli məqamlar vardır. Əli Hüseynlinin düşünmədən atdığı bu addım onun nüfuzunu tamam heçə endirdi. Çünki bu vaxta qədər "beşinci kolon"un əsas fiqurlarından sayılan Arif Rəhimzadə özü ona qarşı çıxış etdi. Nədən belə oldu?"
Dilavər Əzimli deyib ki,  bu müddət ərzində mpvzu barədə bütün yazılanları oxuyub: "İlk əvvəl Əli Hüseynlinin "rusiyapərəstliyi"nə qarşı dostum, tanınmış siyasi analitik Elxan Şahinoğlu çıxış etdi və bütün prosesləri dəqiqliklə bizə çatdırdı. Onun arqumentləri qarşında dayana bilməyən Əli Hüseynli "Real.Tv."-də Elxan Şahinoğlunu və onun kimi düşünənləri populist adlandırdı. Əslində, bu məğlubiyyət idi. İflas idi. Çünki cəmiyyət birmənalı şəkildə Rusiyanın üstünlüyü məsələsini qəbul etmir. Cəmiyyət öz dövlətçiliyini sevir. Cəmiyyət öz dövlətçiliyini heç nəyə, kimlərinsə maraqlarına qurban vermək istəmir. Cəmiyyət anti-amerikan, anti-avropa ola bilər. Amma bu o demək deyildir ki, Rusiyanı "sevsin", onun bura qayıtmasına razı olsun. Cəmiyyət yaxşı bilir ki, Xocalıda baş verənlərdə birbaşa Rusiyanın iştirakı vardır. Bunu Rusiyanın keçmiş prezidenti Boris Yeltsin də etiraf etdi və bildirdi ki, biz bununla Azərbaycanı cəzalandırdıq. Bu günlərdə müsahibə verən Ermənistanın keçmiş prezidenti Robert Köçəryan etiraf etdi ki, Surət Hüseynovun fəaliyyəti olmasaydı, biz Azərbaycanın rayonlarını işğal edə bilməzdik. Surət Hüseynovun arxasında kim dayanırdı: təbii ki, Rusiya. Rusiya olmasaydı, Surət heç nə edə bilməzdi. Bunu da Azərbaycan ictimaiyyəti çox yaxşı bilir. Bunu "beçinci kolon" hesablaya bilmir. Rusiyadan gələn əmr əsasında aradabir fəaliyyətə keçirlər. İctimai rəyi yoxlayırlar... Onların məğlubiyyətinin əsas səbəblərindən biri də Azərbaycan Prezidentinin atdığı addımlardır. Hesab etdilər ki, onların Kollektiv Təhlükısizlik Müqaviləsi Ttəşkilatına üzv məsələsində Azərbaycan Prezidenti loyal münasibət bildirəcəkdir. Buna görə də Əli Hüseynov efirdən onun təklifini tənqid edənləri populist adlandırdı. Amma Azərbaycan Prezidenti buna reaksiya vermədi. Çünki bu gün Azərbaycanın xarici siyasəti balans siyasətinə söykənməklə Qərb, NATO ilə daha çox işbirliyinə yönəlibdir. Azərbaycan Prezidenti ABŞ Prezidentinin Türkiyəyə qarşı atdığı düzgün olmayan addımlarda qardaş mövqeyini ortaya qoyaraq Türkiyənin maraqlarını birmənalı şəkildə müdafiə etdi. Bu gün Türkiyə ilə Rusiya arasında əməkdaşlıq inkişaf etməkdədir. Amma hamımız bilirik ki, bu kövrək yaxınlaşmadır. Əslində, bu gün daha cox Rusiya üçün Türkiyə ilə yaxınlaşmaq vacibdir. Tarix sübut edir ki, bu yaxınlaşma əbədi yaxınlaşma ola bilməz və yaranan beynəlxalq münasibətlərə bağlıdır. "Beşinci kolon" isə düşündü ki, bu gün Azərbaycan Türkiyənin yanında yer alıbsa və Türkiyə ilə Rusiya arasında yaxınlaşma mövcud şəraitdən asılı olaraq güclənirsə, Rusiyanın maraqlarından çıxış etmək olar. Güman etdilər ki, onların çıxışına ölkə başçısı müəyyən reaksiya verəcəkdir. Reaksiya olmadı və Moskvadan "otboy" əmri gəldi. Buna görə də atdıqları "uğursuz" addım iflasa uğradı. Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq bəyan edirik ki, qanımızla müstəqilliyini əldə etdiyimiz doğma Azərbaycanımızın müstəqilliyinə qarşı atılan bütün addımlara qarşı çıxacağıq. Bizim məqsədimiz Azərbaycanın ərazi bütövlüyünü təmin edib, Böyük Azərbaycanı yaratmaqdır. Dünyada birləşmə prosesi gedir. Şimali Koreya ilə Cənubi Koreya arasında birləşmə istiqamətində danışıqlar gedir. Moldova Rumıniya ilə birləşmək üçün uğurlu siyasət aparır. Bizim də yolumuz Məhəmməd Əmin Rəsulzadə-Əbülfəz Elçibəy yolu olmaqla Bütöv Azərbaycan yoludur. Buna görə də bu gün "rusiyapərəst"lər birmənalı şəkildə başa düşməlidilər ki, Azərbaycanda onların bazası yoxdur. Bu millət öz müstəqilliyi uğrunda sona qədər döyüşəcəkdir. Bu millət növbəti dəfə imkan verməz ki, Rusiya boyundurağı onun boynuna keçirsin. Azərbaycanın müstəqilliyi əbədidir!!! Tarix geriyə dönür. Biz, Kəngər körfəzinə çıxışı olan Böyük Azərbaycan övladlarıyıq və Şah Babam Xətainin cızdığı coğrafiyada Azərbaycan ərazilərini birləşdirib dünyaya kim olduğumuzu bir daha göstərəcəyik".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31