Azərbaycanda dinin cəmiyyət həyatındakı yeri bəllidir – ŞƏRH

"Hər şeydən əvvəl təəssüfümü bildirmək istəyirəm ki, dünyanın hazırda gəlib çatdığı inkişaf mərhələsinə, dinamizminə, müasirlik çağrışlarına rəğmən, Azərbaycan cəmiyyətində dini, məzhəbi mövzular yenidən aktuallıq qazanıb. Bu mövzular isə daha çox kənardan ölkəmizə, cəmiyyət həyatına transfer edilən mövzulardır. İnsanların mənəvi duyğularına təsir edərək onları müasir dünyanın gedişatından saxlamaq, yersiz dini mübahisələrə cəlb etmək, dini, məzhəbi platformada təşkilatlandırmaq və s. əslində xaricdən idarə olunan proseslərdir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal deyib.

O bildirib ki, Azərbaycan yerləşdiyi geosiyasi mövqeyinə görə həm qonşu dövlətlərin və digər güclərin maraq dairəsindədir. Azərbaycana müxtəlif səpkili təzyiq vasitələri mövcuddur. Qarabağ münaqişəsi bunlardan biridir. Eyni zamanda, insanları dini-məzhəbi müstəvidə təşkilatlandıraraq onları ölkəmizdə öz elektoratına çevirmək kimi illərlə aparılan sistemli fəaliyyətlər də mövcuddur: "Burada, Azərbaycan xalqının İslam dininə olan saf yanaşmasından da istifadə olunur. 70 illik dinsiz sovet əsarətindən qurtulandan sonra yenidən dini ibadətə qapılar açılarkən, bunu fürsət bilən bır sıra xarici dairələr din qardaşlığı adı altında öz dövlət siyasətlərini ölkəmizdə reallaşdırmağa çalışdılar".

Aqil Camal qeyd edib ki, bu gün dini bayraq edərək ölkənin ictimai-siyasi həyatına, gündəminə hökm etmək istəyənlər də, ötən illərdə aparılmış həmin işin cücərtiləridir. Azərbaycanda dinin cəmiyyət həyatındakı yeri bəllidir. Hətta üçrəngli bayrağımızda belə yüzillərdir bizimlə olan sevimli dinimiz öz əksini tapıb: "Bunun kənarında hansısa dini qaydaların tətbiqinə çalışmaq müasir Azərbaycan dövlətçiliyi ilə bir araya sığmır. Hesab edirəm ki, Azərbaycan xalqı üzərində aparılması arzulanan bu kimi təcrübələr iflasa uğrayacaq. Çünki, xalqımız modern dövlət modelini hələ 100 il bundan öncə seçib və bu gün də bu seçimə varislik edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31