Terror aktları niyə dinlə əlaqələndirilir? - MÖVQE

Dindən siyasi məqsədlər və məkrli niyyətlərin həyata keçirilməsində geniş istifadə olunur

Terrorçuluğun həm beynəlxalq aləmdə, həm də ayrıca bir dövlət daxilində siyasi mübarizənin müntəzəm fəaliyyətdə olan və ondan fəal surətdə istifadə edilən amilə çevrilmə perspektivi barədə terror araşdırıcılarının etdikləri xəbərdarlıqlar artıq real təhlükəyə çevrilib. Lakin ilk dəfədir ki, terrorçuluq özünün ayrı-ayrı dövlətlərin gücünə bərabər bir qüvvə kimi qəbul edilməsi iddiasındadır.Terror hadisələrindən heç bir dövlət sığortalanmamışdır. Müasir dövrdə bütün dünya xalqları, Uzaq Cənubi-Şərqi Asiyadan tutmuş Yaxın Şərqə qədər, Afrikadan, Avropadan Amerikayadək dünyanın bir çox ölkələri terrorun dəhşətli nəticələrini birbaşa və yaxud dolayısı ilə hiss edir və bu kimi hadisələrdən əziyyət çəkir. Bu təkcə hər hansı bir ölkənin və yaxud xalqın deyil, bütün bəşəriyyətin problemidir. Hər il dünyanın ayrı-ayrı ölkələrində baş verən terror aktları və siyasi münaqişələr nəticəsində çoxlu günahsız insan terrorun qurbanına çevrilir.
İlk dəfə terror siyasi təsir metodu olaraq əsasən XVIII əsrin sonunda Böyük fransız inqilabı dövründə meydana gəlmiş və radikal inqilabçılar tərəfındən onların siyasi rəqiblərinə qarşı repressiya məqsədi ilə istifadə olunmuşdur. Sonralar siyasi problemləri zorakılıq metodu ilə həll etməyin bir üsulu kimi terrordan həm ayrı-ayrı dövlətlər tərəfindən siyasi müxalifətə, həm də müxtəlif gizli qruplar tərəfındən hakim təbəqələrə və dövlət strukturlarına qarşı tətbiq edilməyə başlanmışdır. Tarixi təcrübə göstərir ki, dini rəmzlərdən və təlimlərdən bir sıra hallarda çoxsaylı qırğınlara bəraət qazandırmaq üçün də istifadə olunur. Artıq kütləvi xarakter almış bu meyl ən azı xristian (qərb) və müsəlman (şərq) dünyalarını bürümüşdür. Məsələn, 2001-ci ilin 11 sentyabr ayında ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində baş vermiş dəhşətli terror hadisələrinin islam dəyərlərilə əlaqələndirilməsi və ya 2011-ci ilin iyul alyında radikal xristian qruplaşmasının üzvü tərəfindən Norveçdə islam dini daşıyıcılarına qarşı yönəlmiş, çoxsaylı insan tələfatı ilə nəticələnmiş terror aksiyasını xristianlıqla əlaqələndirilməsi cəhdləri edilmişdir. Son illər dünyada regional və qlobal müstəvidə baş verən hadisələr yüksək əxlaqi dəyərlərin təbliği, insanların birlik və bərabərliyinin təmin edilməsi, sülhün və əmin-amanlığın qorunması missiyasını daşıyan dinlərdən müasir dövrdə siyasi məqsədlərin və məkrli niyyətlərin həyata keçirilməsində geniş istifadə olunduğunu göstərir. Hazırda dünyada, xüsusilə müsəlman ölkələrində sabitliyin pozulmasında din amili xüsusi rol oynayır və beynəlxalq güclər bu vəziyyətdən məharətlə istifadə edir. Bu müəyyən şəxslər və qurumlar tərəfindən yaradılan çoxsaylı hərəkat və cərəyanların timsalında özünü açıq büruzə verir . Müasir dövrdə dünyanın bir çox dövlətləri dini ekstremizm və terrordan ciddi əziyyət çəkir. Terror hadisələri səbəbindən dünyanın bir çox bölgələrində ictimai sabitlik pozulur, vətəndaş qarşıdurması yaranır, milyonlarla insan qaçqın və didərgin həyatı yaşayır, tarixi memarlıq abidələri və məktəblər dağıdılır. Qloballaşma, inteqrasiya və informasiya texnologiyalarının geniş vüsət aldığı müasir şəraitdə terrorçuluq da, belə demək olarsa, qloballaşır və beynəlxalq miqyas alır. Nəticə etibarilə bu gün "beynəlxalq terrorçuluq" ifadəsi sosial-siyasi reallıqların əsas təzahürlərindən birinə çevrilmişdir. Azərbaycan xalqı tarixin müxtəlif mərhələlərində terrora məruz qaldığından onun ağrı-acısına, ağır nəticələrinə daha dərindən bələddir. Təəssüf ki, bir sıra dövlətlər və beynəlxalq təşkilatlar bölgədə və dünyada baş verən münaqişələrə ikili standartlarla yanaşır, prinsipial mövqe nümayiş etdirmir, problemlərin həllini bilavasitə münaqişəyə cəlb olunmuş tərəflərin işi hesab edir. Bu, xalqımız üçün son dərəcə mühüm olan Dağlıq Qarabağ probleminin həllinə yanaşmada da özünü açıq göstərir. Dağlıq Qarabağ probleminin bu günə kimi həll olunmamasında bu kimi subyektiv amillərin rolu kifayət qədər böyükdür. Azərbaycan Respublikasında dini ekstremizm təhlükəsi keçən əsrin 90-cı illərindən meydan çıxmağa başlamış, müstəqilliyin ilk illərində respublikada siyasi stabilliyin pozulması, Ermənistanla silahlı münaqişə və iqtisadi durumun çətinləşməsi ölkədə xeyli problem yaratmışdır. Yetmiş ildən artıq bir müddətdə sovet rejiminin ateizm təbliğatına məruz qalan, din xadimlərinin fəaliyyətinə və dini maarifləndirmənin aparılmasına qadağa qoyulan ölkəmizdə dini fəaliyyət sahəsində bir sıra problemlər özünü açıq göstərir, əhalinin böyük bir hissəsinin din barəsində məlumatsızlığı, dinlərin fəlsəfəsinə, Azərbaycanda yayılması tarixinə və xüsusiyyətlərinə dair biliklərinin yetərsizliyi radikal dini təriqətlərin respublikada yayılmasına əlverişli şərait yaradırdı Müasir dövrdə qloballaşan dünyada terror və ekstremizmlə mübarizədə müxtəlif üsullardan istifadə olunur, bir sıra hallarda inzibati metodlara daha çox üstünlük verilir. Bu gün ekstremizmlə mübarizədə ən səmərəli metodlardan biri maarifləndirmə işinin gücləndirilməsi, insanların, xüsusilə də gənc nəslin dini biliklərinin artırılmasıdır. Ümumi təhlillər gənclərin bu təsirlərə daha çox dini biliklərinin zəif olması və savadsızlıq səbəbindən məruz qaldıqlarını göstərir. Bunun üçün dini təhsil müəssisələrində təhsilin səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazanın gücləndirilməsi, dini dərslərlə yanaşı dünyəvi fənlərin tədrisi, əhatəli və dərin məzmunlu dərs vəsaitlərinin hazırlanması, tədrisin hər hansı məzhəbçilik deyil, ümumi prinsiplər əsasında təşkil olunması, xurafatçılığa yol verilməməsi və tələbələrə vətənpərvərlik ruhunun aşılanması xüsusi əhəmiyyət kəsb edir. Dövlətimiz dini ekstremizmin qarşısının alınması, vətəndaşlarımızın xarici təsirlərdən qorunması, ölkədəki dini durumun sabit saxlanılması, əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri bu gün də uğurla davam etdirir. Normativ-hüquqi aktların beynəlxalq normalara uyğunlaşdırılması, dövlətin, həm də dini qurumların hüquq və öhdəliklərinin dəqiq müəyyən olunması, eləcə də insanpərvərlik prinsipləri ilə ziddiyət təşkil edən zərərli fikirləri təbliğ edən təriqət və cərəyanların fəaliyyətinin məhdudlaşdırılması məqsədilə qanunvericilik bazası mütəmadi olaraq təkmilləşdirilir. Paralel olaraq, Azərbaycan Respublikasının hüquq mühafizə orqanları ölkədə ekstremizmin və radikallıq meyllərinin qarşısının alınması məqsədilə ardıcıl və sistemli tədbirlər həyata keçirir.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31