Rusiyanın heç bir nəticə verməyən Qarabağ təşəbbüsləri
Şimal qonşumuz Dağlıq Qarabağ probleminin həlli istiqamətində səylərini, təşəbbüslərini davam etdirir. Baxmayaraq ki, Kremlin bu istiqamətdəki təşəbbüsləri, fəallığı heç bir nəticə vermir və problemin həllinə müsbət təsir göstərmir, buna rəğmən Rusiya belə demək mümkünsə sülhyaratma missiyasını davam etdirməkdə israr nümayiş etdirir. Rusiyanın bu səyləri həm də kənar güclərin Dağlıq Qarabağ probleminin həllinə yönəlik cəhdlərini neytrallaşdırmaq məqsədi daşıyır.
29 Dekabr 2017 13:01 SiyasətVə Ermənistanın maraqlarına xidmət edən situasiya
Şimal qonşumuz Dağlıq Qarabağ probleminin həlli istiqamətində səylərini, təşəbbüslərini davam etdirir. Baxmayaraq ki, Kremlin bu istiqamətdəki təşəbbüsləri, fəallığı heç bir nəticə vermir və problemin həllinə müsbət təsir göstərmir, buna rəğmən Rusiya belə demək mümkünsə sülhyaratma missiyasını davam etdirməkdə israr nümayiş etdirir. Rusiyanın bu səyləri həm də kənar güclərin Dağlıq Qarabağ probleminin həllinə yönəlik cəhdlərini neytrallaşdırmaq məqsədi daşıyır. Başa vurmaqda olduğumuz il ərzində bunun əyani şahidinə çevrildik. Nəticə etibarilə 2017-ci ildə Dağlıq Qarabağ probleminin həlli istiqamətində heç bir nəticə əldə edilmədi. İndi də Rusiya 2018-ci illə bağlı müəyyən təşəbbüslərlə çıxış edir. Hər halda bu günlərdə şimal qonşumuzdan verilən açıqlamalar belə deməyə əsas verir. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, indi də Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Qarabağ münaqişəsinin nizamlanması prosesində konkret təkliflərin tərəflərə təqdim etdiyini deyir. Həmçinin Ermənistan və Azərbaycan xarici işlər nazirinin növbəti görüşünü yanvar ayında keçiriləcəyini və bu görüşdə müsbət nəticələrin olmasını gözlədiklərini necə deyərlər arzu edirlər: "İlk növbədə ona diqqət etmək lazımdır ki, tərəflərə təqdim edilən konkret təkliflər heçdə münaqişənin tezliklə və mərhələli həllini özündə ehtiva etmir. İrəli sürülən konkret təkliflərdə, əsasən münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin intensivləşdirilməsi, münaqişə tərəflərinin təmas xəttində gərginliyin azalmasına yönəlmiş əlavə tədbirlər görməsi razılaşdırılıb. Hazırda münaqişənin irəlləyişi üçün konsensusa nail olunmayıb. Həmçinin konkret bu təkliflər münaqişə tərəflərinə ATƏT-in müşahidə missiyasının genişləndirilməsindən ibarətdir.
Göründüyü kimi, aparılan danışıqlar və növbəti XİN rəhbərlərinin yanvar görüşündə konkret təkliflər, yalnız ATƏT-in müşahidə missiyasının genişləndirilməsi və atəşkəsin qorunması və buna əməl edilməsi ilə bağlı olacaq". Politoloq deyib ki. sentyabr ayından başlayan danışıqlar prosesi, yalnız atəşkəsin qorunmasına xidmət etdi: "Yanvar ayında XİN rəhbərlərinin görüşündə ərazilərin boşaldılması müzakirə predmeti olmayacaqsa, yuxarıda göstərilən prinsiplər üzrə danışıqlar davam edəcəksə, danışıqlara getmək lazım deyil. Belə bir imitasiya xarakterli danışıqlar işğalçı Ermənistanın lehinə işləyir. Görünür, Moskva tərəfindən Azərbaycana çox ciddi təzyiqlər var. Azərbaycanı məqbul olmayan sülh razılaşmasına məcbur edirlər. Aparılan danışıqlarda indiyə kimi nəticəsiz və " etimad mühitinin " formalaşmasına və atəşkəsin qorunmasına xidmət edib". Məhəmməd Əsədullazadə hesab edir ki, 2018-ci il üçün Qarabağ konflikti ətrafında müzakirələr Aprel ayına kimi aparılacaq: "Ermənistanda hakimiyyət dəyişikliyindən sonra yenidən bu kimi danışıqlar davam edərsə, Azərbaycan mütləq şəkildə yay aylarında növbəti hərbi təzyiqləri bərpa etməlidir. Moskvanın təklif etdiyi formatda aparılan danışıqlar Azərbaycana lazım deyil. Çünki konkret şəkildə ərazilərin boşaldılmasından söhbət getmir. Əgər, ortada konkret ərazilərin boşaldılması təkliflər masada olsaydı, Ermənistan tərəfi danışıqlara qatılmayacaqdı. Rusiyanın Qarabağ konfliktində tutduğu hazırkı siyasət özünün MDB məkanında siyasətinin uğursuzluğa düçar edir".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə deyir ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə marağı yoxdur. Onun sözlərinə görə, buna baxmayaraq, rusiyalı rəsmilər və Kremlə yaxın ekspertlər Qarabağ münaqişəsinin həlliylə bağlı müxtəlif fikirlər və ideyalar səsləndirirlər: "Bu sadəcə, bölgədə nəzarətin Rusiyanın əlində olmasını təsdiqləmək üçün Moskvaya lazımdır. Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin "İnterfaks" agentliyinə geniş müsahibəsində Qarabağ münaqişəsinə də toxunub. O deyib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesinin aktivləşməsini alqışlayır. Qriqori Karasin 2017-ci ilin oktyabrında Cenevrədə uzun fasilədən sonra ATƏT-in Minsk qrupu həmsədrlərinin dəstəyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunan Azərbaycan-Ermənistan sammitinin keçirildiyini xatırladıb. Rusiyalı diplomatın fikrincə, bu sammitdə danışıqlar prosesinin intensivləşdirilməsi, təmas xəttində gərginliyin azaldılmasına yönələn tədbirlərin görülməsi razılaşdırıldı. Qriqori Karasin misal olaraq həmsədrlərin noyabrda Azərbaycan və Ermənistan XİN başçıları ilə ayrılıqda məsləhətləşmələr keçirməsini, dekabrda isə Vyanada ATƏT XİN başçılarının Şurasının iclasında nazirlərin görüşünün təşkil olunmasını göstərib. Rusiyalı diplomat etiraf edib ki, münaqişənin nizamlanmasının əsas məsələləri müzakirə olunsa da, hələlik onlarla bağlı konsensusa nail olunmayıb. Buna baxmayaraq, Moskva fəal vasitəçiliyinə davam edir və gələn ilin yanvarında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada növbəti görüşü olacaq". Politoloqun qənaətincə. Qriqori Karasinin sözlərindən anlaşılır ki, birincisi, Dağlıq Qarabağ münaqişəsinin həllində Moskvanın vasitəçiliyi davam edəcək, ikincisi, ancaq bu o demək deyil ki, vasitəçilik real nəticəyə hesablanıb: "Dekabrın 23-də Bakıda "Regionun gələcəyi: Geosiyasi çağırışlar və perspektivlər" mövzusunda beynəlxalq simpozium keçirildi. Həmin simpoziumda rusiyalı iştirakçı tərəfindən belə bir fikir səsləndi ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya-Türkiyə-İran formatı faydalı ola bilər, ancaq bunun üçün zaman lazımdır. Həqiqətən Rusiya-Türkiyə-İran formatı Suriyada birinci mərhələdə fayda verdi. Bu 3 ölkənin əməkdaşlığı sayəsində Suriyada terrorçular üzərində qələbə əldə edildi. Ancaq Suriyada hələ sülh əldə olunmalı və hakimiyyət bölgüsü həyata keçirilməlidir. Bu isə hələ baş verməyib. Bu, terrorçularla birgə mübarizədən az problemli məsələ deyil. Ona görə də Rusiya-Türkiyə-İran formatının Suriyada vəziyyətin stabilləşməsində növbəti addımlarının uğurlu olub-olmayacağını gələcək göstərəcək. Rusiya, Türkiyə və İran Azərbaycan və Ermənistanla həmsərhəddirlər və məntiqlə Qarabağ münaqişəsinin həllində faydalı ola bilərlər. Ancaq bunun üçün iki addım atılmalıdır. Birinci addım. Rusiya-Türkiyə-İran formatı ATƏT-in Minsk Qrupunu faktiki əvəz etməli və ya həmsədrlərlə birgə çalışmalıdır. Bunun mümkünlüyü şübhə doğurur.
İkinci addım. Ermənistan Türkiyənin fəal vasitəçiliyinə razılaşmalıdır. Bunun üçün isə Rusiya Ermənistan hakimiyyətinə təzyiq edib İrəvanı razı salmalıdır. Bu iki addım atılmadan Rusiya-Türkiyə-İran formatının Dağlıq Qarabağ münaqişəsinin həllində fəal vasitəçiyə çevriləcəyi praktik baxımdan mümkün deyil".
Süleyman