Rusiyanın Qarabağ probleminin həllinə münasibəti dəyişibmi?

Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesi 2017-ci ildə davam etdirildi. Lakin müşahidələr göstərdi ki, rəsmi İrəvan Dağlıq Qarabağla bağlı status-kvonun saxlanmasında maraqlıdır. Azərbaycan isə münaqişənin tezliklə həll olunmasının tərəfdarıdır.

Politoloqların fikrincə, Duqinin mövqeyi yeni deyil, amma 2018-ci ildə müəyyən taktiki gedişlər ola bilər 

Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesi 2017-ci ildə davam etdirildi. Lakin müşahidələr göstərdi ki, rəsmi İrəvan Dağlıq Qarabağla bağlı status-kvonun saxlanmasında maraqlıdır. Azərbaycan isə münaqişənin tezliklə həll olunmasının tərəfdarıdır. Hətta sülh danışıqlarının tezliklə hansısa bir nəticəsinin olmayacağı təqdirdə, müharibə ehtimalının qaçınılmaz olması dəfələrlə vurğulanıb. Münaqişənin həlli ilə bağlı vasitəçilik edən Minsk qrupunun həmsədrlərinin 20 ildən artıqdır davam edən danışıqları isə bu il də nəticəsiz qaldı. Maraqlıdır ki, həmsədr ölkələrdən Rusiya daha çox problemin həllinə maraq göstərir və münaqişə tərəflərinin rəsmilərinin, dövlət başçılarının görüşlərinin keçirilməsinə çalışır. Bu günlərdə Kremlin ideoloqlarından olan Aleksandr Duqinin Qarabağ problemi ilə bağlı açıqlaması diqqət çəkməyə bilməzdi. Duqinə görə, istənilən konfliktin həllində iki mərhələ vacibdir: "Nəzəri həllin tapılması və ardınca implementasiya. Yəni həllin həyata keçirilməsi. Əslində nəzəri cəhətcə sıçrayış bir ildən çoxdur ki, baş verib. 5 rayonun Azərbaycana qaytarılması haqda qərar 2016-cı ildə işlənib. Bu həllin nəzəri paradiqması bütün tərəfləri qane edir. Digər regional dövlətlər, hətta Qərb də ona qarşı deyil. Bunun həyata keçməsini isə yalnız erməni tərəfi ləngidir. Serj Sərkisyan hər dəfə bu implementasiyanı uzadır. Münaqişənin həllinin uzanması halında situasiya geridönməz şəkildə kəskinləşə bilər. Ona görə də hesab edirəm ki, 2018-də Azərbaycanın 5 rayonunu qaytarmaq lazımdır. Əgər real nizamlama prosesi işə düşərsə, o zaman Rusiya ilə Azərbaycan arasında inteqrasiya güclənəcək".

Göründüyü kimi, Rusiyanın siyasi elitasında tanınmış bir şəxsin dilindən belə bir fikirin səsləndirilməsi heç də təsadüfi deyil. Bu fikirlər nə dərəcədə reallığı əks etdirir?

Mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Dağlıq Qarabağ və ətraf ərazilərin boşaldılması ilə bağlı səsləndirilən fikirlər ilk dəfə deyil: "Azərbaycan torpaqlarının geri qaytarılmasının mərhələli şəkildə həyata keçirilməsi ilə bağlı 2009-cu ilin dekabrında Afinada qəbul edilmiş yenilənmiş Madrid prinsiplərində bundan bəhs olunur. Eyni zamanda 5+2 variantı da təqdim olunub ki, burada əvvəlcə beş, sonra isə iki rayonun azad olunması kimi məsələ öz əksini tapmışdır. Dəfələrlə bu məsələ gündəmə gəlib, lakin heç bir real addım atılmayıb. Hətta yadımdadır ki, Türkiyə rəhbərliyi Azərbaycanın bir neçə rayonunun qaytarılmasından sonra Ermənistanla sərhədlərin açılması məsələsinə baxılması haqqında fikir səsləndirmişdi. Ümumi yanaşmada o idi ki, təki, bu prosesə başlansın. Lakin bu hələ də baş verməyib. Bu nöqteyi-nəzərdən, Duqinin 2018-ci illə bağlı nikbin proqnozu təbii ki, diqqəti cəlb edir. Bütövlükdə isə bu, yeni hadisə və ya təklif  deyil, yenilənmiş Madrid prinsiplərində öz əksini tapıb. Burada yalnız Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə bağlı bəzən 5 və ya 10 il pauza götürülürdü. Yəni, qeyd edilən müddətdən sonra Qarabağın statusuna yenidən, həm də referendum vasitəsilə baxıla bilərdi. Amma bunun özündə də qeyri-müəyyənlik var idi. Azərbaycanın mövqeyi belədir ki, Dağlıq Qarabağ bizim ərazimiz olduğundan referendum bütün ölkə miqyasında olmalıdır. Ermənilər isə yalnız Dağlıq Qarabağın özündə olmalıdır - fikrini irəli sürürlər. Fikir ayrılığının olmasına baxmayaraq, Azərbaycanın mövqeyi dəyişməzdir. Kataloniya hadisələri zamanı İspaniya hökumətinin birmənalı mövqeyi belə idi ki, bütün ölkə ərazisində Kataloniyanın müstəqilliyi ilə bağlı referendum keçirilə bilər. Amma ayrıca olaraq Kataloniyada referendum keçirilməsi İspaniya konstitusiyasına ziddir. Beynəlxalq aləmdə də mövqe belədir". 

E.Nəsirovun sözlərinə görə, Duqin kimi tanınmış bir şəxsin dilindən belə bir fikrin səslənməsi onu göstərir ki, bu istiqamətdə 2018-ci ildə müəyyən taktiki gedişlər ola bilər: "Amma təəssüf ki, bunlar daha çox kəmiyyət xarakteri daşıyır. Kəmiyyətin keyfiyyətə keçilməsinin hələ ki şahidi olmamışıq. Bütövlükdə 2018-ci ilə ümidlə baxırıq və gözləyirik ki, problemin həlli istiqamətində müəyyən pozitiv gedişlər ola bilər". 

Politoloq Tofiq Abbasov qeyd etdi ki, Duqin və digərlərinin Kremllə əlaqələri olduğu üçün vaxtaşırı diqqəti özlərinə cəlb edirlər: "Amma bu elə bir həssas məsələdir ki, bunu Duqin həll eləmir. Ola bilsin, belə insanlar hansısa tapşırıqlara uyğun olaraq ictimai fikri öyrənirlər, haradasa psixoloji hazırlıq işini təmin edirlər. Ancaq problemin həlli siyasi elitadan asılıdır. Xüsusilə, nəzərə almaq lazımdır ki, Dağlıq Qarabağ məsələsində Rusiya siyasi elitası maraqlı tərəf kimi çıxış edir. Əbəs yerə Rusiya Minsk qrupu çərçivəsində moderator rolunu öz üzərinə götürməyib. Kremlin və siyasi elitanın çalışdığı ondan ibarətdir ki, bu münaqişə yenidən irimiqyaslı hərbi kampaniyaya keçməsin. Çünki nə Türkiyə, nə Rusiya, nə də İran öz sərhədlərinin yaxınlığında qeyri-stabillik görmək istəyir. Problemli bölgələrin daha da xaosa sürüklənməsindən qaçırlar. Kreml görür ki, münaqişə tərəfləri razılığa gələ bilmir, Ermənistan danışıqlardan yayınır. İrəvan istəyir ki, status-kvo dəyişəməsin. Amma deyərdim ki, status-kvo dəyişməyə doğru gedir, yəni bu istiqamətdə hərəkət edir. Bu heç də 2016-cı ilin aprelindən deyil, 2014-cü ilin avqust döyüşlərindən başlayıb. Çünki həmin zaman həqiqətən böyük miqyaslı toqquşmalar oldu və Azərbaycan ordusu erməniləri layiqincə susdurdu. Duqin və digərləri anlayır ki, bu məsələ indiki vəziyyətində həllini tapmasa, onun gələcəyi daha da problemli olacaq. Çünki Azərbaycan tərəfi dözməyəcək və açıq şəkildə tərəflərin hamısını məlumatlandırıb". Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31