Rusiyanın diplomatik fəallığı Qarabağa sülh gətirəcəkmi?
Dağlıq Qarabağ probleminin həlli məsələsində deyəsən yeni bir mərhələ başlayır. Əslində buna yeni də demək doğru olmazdı. Çünki uzun illərdir problemin həlli istiqamətində danışıqlar prosesi gedir. Sadəcə danışıqlar prosesinin yeni mərhələsi ondan ibarətdir ki, bu dəfə tərəflərin Rusiyanın patronajlığı ilə görüşdürülməsi müzakirə mövzusudur.
21 Noyabr 2017 13:53 SiyasətDağlıq Qarabağ probleminin həlli məsələsində deyəsən yeni bir mərhələ başlayır. Əslində buna yeni də demək doğru olmazdı. Çünki uzun illərdir problemin həlli istiqamətində danışıqlar prosesi gedir. Sadəcə danışıqlar prosesinin yeni mərhələsi ondan ibarətdir ki, bu dəfə tərəflərin Rusiyanın patronajlığı ilə görüşdürülməsi müzakirə mövzusudur. Düzdür, bundan əvvəl də Moskva anoloji təşəbbüslər göstərib və münaqişə tərəflərini istər Moskva, istərsə də Soçidə görüşdürüb. Amma indiyə qədər keçirilən həmin görüşlərin hər birində ATƏT-in Minsk qrupunun həmsədrləri iştirak edib. Eyni zamanda keçirilən hər bir görüş barədə Qərbdə də bilgi olub. İndi isə Kreml Dağlıq Qarabağ problemini təkbaşına həll etmək istəyindədir. Buna səbəb isə haqlı olaraq Rusiya ilə bağlı səsləndirilən iradlardır. Heç kəsə sirri deyil ki, bu günkü Dağlıq Qarabağ münaqişəsinin meydana çıxmasında Rusiyanın sələfi olan keçmiş SSRİ-nin "xüsusi əməyi" olub. Məhz keçmiş ittifaq rəhbərliyinin yaratmış olduğu bu münaqişə Azərbaycan ərazilərinin 20 faizinin işğalına yol açıb. 1 milyona yaxın soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. Eyni zamanda erməni vandalları tərəfindən maddi və mənəvi abdilərimiz talana məruz qalıb. Elə bu səbəbdən də haqlı olaraq Azərbaycan cəmiyyətində belə bir fikir formalaşıb ki, Rusiya istəsə Dağlıq Qarabağ problemini qısa zamanda həll edə bilər. Artıq bu fikir təkcə Azərbaycan cəmiyyəti tərəfindən səslənmir. Eyni zamanda ayrı-ayrı dövlətlərin qeyri-rəsmi, hətta rəsmi dairələri tərəfindən də haqlı olaraq gündəmə gətirilir. Elə bir müddət əvvəl Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan da Bakıda səfərdə olarkən bu fikrə diqqət çəkərək bildirib ki, Rusiya istəsə Dağlıq Qarabağ problemini həll edə bilər. Sonradan isə rusiyalı həmkarı ilə Soçidə keçirilən görüşdən sonra mediaya açıqlama verən Rəcəb Tayyib Ərdoğan Vladimir Putinin Dağlıq Qarabağ probleminin həllinə ümidli olmadığını bildirmişdi. Təbii ki, bir ölkə prezidentinin səsləndirmiş olduğu məlum ifadələr havadan və ya sudan götürülməmişdi. Onun arxasında real əsaslandırma dayanırdı. Əsaslandırma isə ondan ibarətdir ki, bu gün reallıqda Ermənistan Rusiyanın forpostudur. Rusiyanın istənilən tələbini İrəvan hakimiyyəti etirazsız filansız yerinə yetirməyə hazırdır. Konkret olaraq Ermənistanın açarı bu gün Rusiyanın əlindədir. Ona görə Rusiya istəsə Ermənistana təzyiq göstərməklə onu danışıqlar prosesinə cəlb edə və münaqişənin həllinə nail ola bilər.
Hazırkı situasiyada Rusiyanın Dağlıq Qarabağ probleminin həlli istiqamətində başlamış olduğu diplomatik faəllıq və yeni mərhələ kimi xarakterizə etdiyimiz aktiv məsləhətləşmələr prosesi əslində Moskvanın özünü sığortalamaq və ona yönəlik iradları neytrallaşdırmaq cəhdi kimi xarakterizə edilə bilər. Eyni zamanda Rusiyanın Dağlıq Qarabağ probleminin həlli ilə bağlı artan diplomatik fəallığı indiki mərhələdə daha çox atəşkəsin qorunması, status-kvonun daha bir müddət saxlanmasına xidmət edir. Hər halda Sergey Lavrovun Bakıda və İrəvanda keçirdiyi görüşlərdən sonra mətbuata verdiyi açıqlamalar belə deməyə əsas verir. Belə ki, Rusiya xarici siyasət idarəsinin rəhbəri Bakıda keçirdiyi mətbuat konfransında deyib ki, ATƏT-in Minsk qrupu yaradılandan sonra Azərbaycan ərazilərinin azad olunması və Dağlıq Qarabağın son statusunun müəyyən edilməsi ilə bağlı danışıqlar onun səlahiyyətinə keçib. Ancaq bütün hallarda Lavrovun cümləsindən çıxan nəticə odur ki, "mənim Kremlin razılığım olmayan həll planı həyata keçirilə bilməz. Rusiyanın xarici işlər nazirinin başqa fikri də maraqlıdır. O. qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrindəki bəzi məsələlər səylər tələb edir. Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinin məcburi xarakter daşıdığını desə də, lakin İrəvanın buna məcbur edilməli olduğunu deməkdən yayınıb. Anlaşılan odur ki, bundan sonra aparılan danışıqlar prosesində də Kreml İrəvanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməyə məcbur etməyəcək.
Bakıdan sonra İrəvanda erməni həmkarı ilə bir araya gələn Rusiya xarici siyasət idarəsinin rəhbərinin verdiyi açıqlama da elə yuxarıda qeyd etdiklərimizi, Rusiyanın özünə qarşı olan iradları neytrallaşdırmaq cəhdlərini ortaya qoyur. Belə ki, Sergey Lavrov Edvard Nalbəndiyanla keçirdiyi görüşdən sonra vurğulayb ki, bu mərhələdə xüsusi nikbinlik mümkün deyil. Çünki Dağlıq Qarabağ münaqişəsinin həlli çətindir və bu, vaxt tələb edir: "Rusiya Ermənistan tərəfini Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Bakıda baş tutmuş danışıqlarla tanış etdi. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi, digər həmsədr ölkələrlə birgə bu münaqişənin həllinə şəraitin yaradılması üçün kömək etmək niyyətindədir".
Göründüyü kimi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı açıqlamaları,münaqişənin proqressiv həll variantını özündə əks etdirmir. Məlumata görə, Bakıda apardığı danışıqlarda Sergey Lavrov Rusiyanın ATƏT-in Minsk qrupu üzvüləri ilə birgə razılaşdırdığı 5 rayonun Azərbaycana qaytarılması planını müzakirə edib. Bu plana əsasən beş rayon əvəzinə Azərbaycan Qarabağda referendumun keçirilməsi ilə razılaşmalı və Azərbaycan Rusiyanın strateji planlarında yer almalıdır. Əlbəttə ki, rəsmi Bakı Lavrovun bu təklifi ilə razılaşmayıb. Bu arada bir məqamı qeyd etmək yerinə düşər ki, cari ilin avqusta ayında Birləşmiş Ştatların ATƏT-in Minsk qrupundakı sabiq həmsədri Riçar Hoqland mərhələli həll planıı özündə ehtiva edən yenilənmiş "Madrid prinsiplərinə" uyğun "Hoqland prinsiplərini" elan etmişdi. Birləşmiş Ştatların bu planı Rusiyanın "Lavrov planı"n dan fərqli olaraq, ərazi bütövlüyünü önə çəkirdi. İlk dəfə olaraq Birləşmiş Ştatlar bu prinsiplərlə, Qarabağ münaqişəsində Rusiya ilə ortaq mövqe nümayiş etdirmirdi. Hadisələrin sonrakı inkişafı nəticəsində Birləşmiş Ştatlar, öz həll variantından geri çəkildi.
Bu arada yayılan məlumatlarda o da vurğulanır ki, ATƏT-in Mİnsk qrupu həmsədrlərinin noyabrın 14-15-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrı-ayrlıqda görüş çərçivəsində rəsmi Kremlin tərəflərə təqdim etdiyi həll variantı Birləşmiş Ştatlar və Fransa ilə razılaşdırıb. Elə Sergey Lavrovun Bakıdakı çıxışında Birləşmiş Ştatlarla beynəlxaq məslələrdə ziddiyət yaşadıqlarını, amma Qarabağ münaqişəsinin həllində ortaq məxrəcdə olduqlarını ifadə etməsi də bunu təsdiqləyir. Burdan gəlinən nəticə ondan ibarətdir ki, artıq Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəninin həllini Rusiyanın öhdəsinə buraxıb.
Füzuli