Ermənistanın nəqliyyat blokadasından çıxmaq cəhdləri

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən bir xeyli müddət keçsə də, lakin bu istiqamətdə hələ də müzakirələr davam edir, sözügedən layihə ilə bağlı müxtəlif yanaşmalar ortaya qoyulur. Bu layihə xüsusilə işğalçı Ermənistanda gündəmin əsas mövzularından birini təşkil etməkdədir.

Və İrəvanın təklif etdiyi perspektivsiz nəqliyyat marşrutları

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən bir xeyli müddət keçsə də, lakin bu istiqamətdə hələ də müzakirələr davam edir, sözügedən layihə ilə bağlı müxtəlif yanaşmalar ortaya qoyulur. Bu layihə xüsusilə işğalçı Ermənistanda gündəmin əsas mövzularından birini təşkil etməkdədir. Daha doğrusu Bakı-Tbilisi-Qars layihəsinin reallaşması İrəvan iqtisadiyyatı və nəqliyyat sektorundakı irimiqyaslı layihələrdə iştirak imkanlarına ciddi zərbə vurduğundan Ermənistan müxtəlif yollarla yaranmış situasiyadan çıxmağa, prosesləri müəyyən mənada öz xeyrinə dəyişməyə çalışır. Lakin İrəvan tərəfindən bu günə qədər layihə kimi təqdim edilən təşəbbüslərin heç bir iqtisadi perspektivi və səmərəsi olmadığından işğalçı ölkənin nəqliyyat blokadasını yarmaq cəhdləri uğursuz alınır. İstər Avropada, istərsə də əsas müttəfiqlərindən biri kimi tanınan İran və Rusiyada nəqliyyat sektoru, xüsusilə tranzit yükdaşımaları sahəsində aparılan müzakirələr effekt vermədiyindən indi də İrəvan qonşu Tbilisin saqqızını oğurlamağa çalışır. Söhbət Ermənistanla Rusiyanı birləşdirəcək Abxaziya dəmir yolu xəttinin bərpasından gedir. Hələlik bu təşəbbüs İrəvan tərəfindən ortaya atılıb və rəsmi şəkildə nə Tbilisi, nə də Moskva Abxaziya dəmir yolu xəttinin bərpa edilib-edilməyəcəyi barədə açıqlama verməyib. Amma onu da nəzərə almaq lazımdır ki, sözügedən dəmir yolu xəttinin açılması müəyyən mənada Kremlin də maraqlarına uyğundur. Düzdür, Rusiya bundan o qədər də iqtisadi divident qazana bilməsə də, lakin bu nəqliyyat dəhlizi Ermənistanı bir qədər də təsir altında saxlamaq, həmçinin işğalçı ölkədə mövcud olan 102-ci hərbi bazasına hərbi texnika və digər vasitələrin məhz bu yolla daşınması baxımından əhəmiyyətlidir. Elə bu səbəbdəndir ki, Kremlin Tbilisyə sözügedən dəmir yolu xəttinin bərpa olunaraq yenidən istifadəyə verilməsi ilə bağlı təzyiqlər göstərdiyi bildirilir. Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir. O, bildirib ki, Rusiya, Gürcüstanın separatçı Abxaziya regionundan keçən Ermənistanla dəmir yolu xəttini işə salmaq üçün rəsmi Tiflisə təzyiq edir. Onun sözlərinə görə, bu dəmir yol xətti Gürcüstanın separatçı bölgəsi olan Abxaziyadan keçməklə, Rusiya ilə Ermənistanı birləşdirir: "Qeyd edim ki, Abxaziyadan keçən dəmir yolu 1991-93 illərdə Gürcü -Abxaz münaqişəsi nəticəsində fəaliyyətini dayandırıb. Ermənistan hakimiyyəti bir neçə ildir ki, Gürcüstan hakimiyyətindən bu dəmir yolu xəttinin açılmasını "xahiş edir". Çünki, bu dəmir yol vasitəsi ilə Ermənistanın Rusiya ilə birbaşa nəqliyyat əlaqəsi yaranır və nəqliyyat blokadası yarılmış olur. Bununla da Rusiyadan hərbi təyinatlı yüklərin Ermənistana dəmir yolla daşınması reallaşır. Beləliklə, Azərbaycanın illərlə Ermənistana tətbiq etdiyi nəqliyyat blokadasının bir sahəsinin, aradan qaldırılması təhlükəsi yaranıb". Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, sabiq prezident Mixail Saakaşvilinin dönəmində də Ermənistan tərəfi bu təşəbbüsü irəli sürüb. Lakin Saakaşvilinin Gürcüstanda hakimiyyəti dövründə Abxaziyadan keçən dəmir yolunun açılması demək olar ki, qapadılmşdı: "Bundan əlavə, 2008-ci ilin avqust ayında Rusiya- Gürcüstan müharibəsindən sonra, rəsmi Kreml Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımaqla Rusiya-Ermənistan dəmir yolunun birləşməsi gündəlikdən düşməli idi. Görünür, Gürcüstanın boz kardinalı B.İvanaşvili çox ciddi siyasi xətalara yol verir. Rusiya öz hərbi qüvvələrini Cənubi Osetiya və Abxaziya ərazisində gücləndirməklə bu ölkənin hissə-hissə işğalını davam etdirir. Abxaziya dəmiryolunun qapadılması, Ermənistanın üzərinə bağlanmasında Gürcüstan hakimiyyəti Azərbaycan qarşısında xüsusi öhdəliyi də mühüm rol oynayır. Bu öhdəliyə görə, Azərbaycan Gürcüstana böyük investisiya yatırıb və neft-qaz məhsullarını dünya bazar qiymətindən aşağı bu ölkəyə satır". Politoloqun sözlərinə görə, Rusiyanın Gürcüstanda əsas adamı Bidzina İvanaşvili onun kölgəsində olan Gürcüstan hakimiyyəti, Avrointeqrasiya siyasətini aparsa da, Moskva ilə bir sıra sahələrədə danışıqlar həyata keçirir: "Məhz, bu danışıqların nəticəsidir ki, Gürcüstan hakimiyyəti Abxaziyadan keçən dəmir yolunun açılması istiqamətində Rusiya ilə danışıqlara başlayıb. Rəsmi Tbilisi bu dəmir yolunun açılmasına razılıq verməklə, bir sıra strateji səhvlərə yol vermiş olar. Birincisi, Gürcüstan hakimiyyəti, öz ölkəsinin ərazi bütövlüyünü şübhə altına alır. İkincisi, sepatçı Abxaziyanı müstəqil subyekt kimi qəbul edir, bununlada beynəlxaq miqyasda Abxaziyanın tanınmasına şərait yaradır. Üçüncüsü, Rusiyanın təzyiqləri qarşısında ölkəsinin suverenliyini və hakimiyyətinin müstəqilliyini şübhə altına qoyur. Dördüncüsü, Azərbaycanın bu qədər dəstəyinə rəğmən Azərbaycanın əleyhinə addıma gedir". Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri bildirib ki, Rusiya Abxaziya dəmiryolunun açılmasına nail olarsa, Ermənistanın Gümrü rayonunda "102-ci" hərbi bazasını möhkəmləndirəcək və Ermənistana rahat şəkildə silahların göndərilməsini həyata keçirəcək: "Bu dəmir yolu istifadəyə verilərsə, strateji tərəfdaşımız olan Gürcüstan hakimiyyəti Qarabağın işğalda qalmasında rol alacaq. B.İvanaşvili kurasiyasında olan Gürcüstan hakimiyyəti əgər, öz ərazi bütövlüyünə hörmət etmirsə, təbii ki, Azərbaycana da qarşı analoji addımdan çəkinməyəcək. Azərbaycan bununla bağlı Tibilislə ciddi danışıqlar aparmalı, dəmir yolu işə başlayarsa, öz investisiya lahiyələrini Gürcüstandan çıxarmalıdır.Rusiya, Ermənistanla birləşdirəcək yolu açmaqla Gürcüstan -Azərbaycan münasibətlərinə bununla zərbə vuramağa çalışır. Həmçinin regiona hərbi nəzarəti gücləndirməyi planlayır. Qeyd edim ki, ötən həftənin cümə axşamı Praqada ikitərəfli münasibətlərin yaxşılaşdırılmasına dair Rusiya-Gürcüstan danışıqlarının növbəti raundu keçirilib. Bu danışıqlarda Rusiya tərəfini xarici işlər nazirinin müavini Qriqori Karasin, gürcü tərəfini baş nazirin xüsusi nümayəndəsi Zurab Abaşidze təmsil edib. Danışıqlarda İsveçrənin SGS şirkətinin Rusiya, Gürcüstan və qondarma Cənubi Osetiya ilə Abxaziya "respublikaları" arasında gömrük nizamlanmasında iştirakı əsas müzakirə mövzusu olub".

Politoloq Ramiz Alıyev isə hesab edir ki, işğalçı Ermənistanın nəqliyyat blokadasından çıxmaq cəhdləri baş tutmayacaq. Onun sözlərinə görə Ermənistan tərəfindən irəli sürülən bu təşəbbüs bir növ daxili auditoriyaya hesablanıb: "Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra Ermənistan cəmiyyətində yeni bir məyusluq yaranıb. Sadə ermənilərdə hakimiyyət belə bir ümid yaratmışdı ki, guya İrəvan da müəyyən şərtlər əsasında BTQ-yə qoşulacaq. O zaman iddia edilən məsələlərdən biri bundan ibaarət idi ki. Türkiyə Rusiyanın yaratmış olduğu Avrasiya İqtisadi Birliyinə daxil olmağın qarşılığında Ermənistanın BTQ-yə qoşulmasına yaşıl işıq yandıracaq. Təbii ki, o zaman Azərbaycan cəmiyyəti buna inanmırdı və hər kəs bilirdi ki, bu Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ərəfəsində ortaya atılmış bir təxribat cəhdidiir. Həmçinin Ermənistanın daxili auditoriyasını aldatmaq manevridir. İndi də eyni proses təkrar olunur və sadə ermənilərdə belə ümid yaradılır ki, guya Abxaziya dəmir yolu xətti istifadəyə verilməklə Ermənistanın nəqliyyat blokadasına qismən son qoyulacaq". Politoloq əmindir ki, Gürcüstan hakimiyyəti buna getməyəcək. Çünki Abxaziya dəmir yolu xətti Tbilisi üçün perspektivsiz olmaqla yanaşı, həm də separatçılara şans vermiş olacaq. Faktiki olaraq bu həm də Gürcüstan hakimiyyətinin separatçı Abxaziyanı tanıması anlamına gələr. Eyni zamanda orada separatçılığın daha da genişlənməsinə yol açar. Ona görə də nə Gürcüstan hakimiyyəti , nə də gürcü cəmiyyəti buna razı olmaz. Digər tərəfdən rəsmi Tbilisi Azərbaycanla çox yaxın əlaqələrini, birgə layihələrdə iştirakını nəzərə alaraq Bakıya xəyanət yolunu tutmaz". Ramiz Alıyev qeyd edib ki, əslində Ermənistanın Abxaziya dəmir yolu xəttinin açılması təşəbbüsünü ortaya atması bir tərəfdən də Bakı ilə Tbilisi arasında münasibətlərə zərbə vurmağa çalışır.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31