Bəzi qüvvələr “Lapşin məsələsini” siyasiləşdirmək istəyir
Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş, Belarusda saxlanılan bloqer Aleksandr Lapşinin Bakıya gətirilməsi ermənipərəst qüvvələrin ciddi narahatçılığına səbəb olub. Artıq reallaşan ekstradisiya prosesindən əndişlənən ermənilər baş vermiş hadisədən Azərbaycanın əlehinə istifadə etmək məqsədilə hücuma keçiblər.
8 Fevral 2017 15:37 SiyasətOnun ekstradisiyası beynəlxalq hüquq çərçivəsində reallaşıb
Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş, Belarusda saxlanılan bloqer Aleksandr Lapşinin Bakıya gətirilməsi ermənipərəst qüvvələrin ciddi narahatçılığına səbəb olub. Artıq reallaşan ekstradisiya prosesindən əndişlənən ermənilər baş vermiş hadisədən Azərbaycanın əlehinə istifadə etmək məqsədilə hücuma keçiblər. Ermənistan hakimiyyətdəki Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan deyib ki, Ermənistan Belarusun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlüyünün dayandırılması ilə bağlı məsələ qaldırmalıdır: "İlk dəfə deyil ki, Belarus Azərbaycanın xeyrinə qərəzli mövqe nümayiş etdirir. Aleksandr Lapşının ekstradisiyası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində müttəfiqlik münasibətlərinə ziddir. Biz bu təşkilatda Belarusun üzvlüyünün dayandırılmasına dair məsələ qaldırmalıyıq". Elə Rusiyanın da məsələyə münasibəti for-postları olan Ermənistandan heç nə ilə fərqlənməyib. Belə ki, Rusiya Xarici İşlər Nazirliyi məsələni bir az da qəlizləşdirərək bloqger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ilə əlaqədar bəyanat yayıb. Bəyanatda deyilir ki, fevralın 7-də Belarus Respublikasının Ali Məhkəməsi qapalı rejimdə Rusiya və İsrail vətəndaşı Aleksandr Lapşinin Azərbaycana ekstradisiya olunması haqqında Belarus Prokurorluğunun qərarından şikayətini təmin etməyib: "Rusiya tərəfi Rusiya və Belarus arasındakı müttəfiqlik əlaqələrinin ruhuna uyğun olmayan məlum qərardan dərin məyusluq hissi keçirir. Rusiya öz vətəndaşının tezliklə öz ailəsinə qaytarılması məqsədilə onun qanuni maraq və hüquqlarının qorunması üçün bütün tədbirləri görəcək". Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, Lapşinin Azərbaycana gətirilməsi ilə bağlı Ermənistan hakimiyyətində və cəmiyyətində ciddi narahatlıq var: "Ermənistan mətbuatı bunu aşıq şəkildə biruzə verməsə də, hiss olunur ki, Ermənistan hakimiyyətinin ciddi narahatlığı ortadadır. Erməni diasporu bu vaxta qədər kimlərisə hansısa şəkildə aldadaraq, Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfərlər təşkil edirdi. Narahatlıq isə ondan qaynaqlanır ki, bundan sonra hansısa xarici vətəndaş çətin ki, Azərbaycanın işğal altında olan torpaqlarına səfər etsin". F. Muradovun sözlərinə görə, bəzi qüvvələr Lapşin məsələsini siyasiləşdirmək istəyir: "Məsələyə siyasi yanaşmaq düzgün deyil. Bu, əslində Ermənistan tərəfinin sərgilədiyi mövqedir. Ermənistan hər vəchlə çalışır ki, məsələni siyasiləşdirsinlər. Ancaq beynəlxalq hüquq var. Bütün prosedurlar beynəlxalq hüquqla tənzimlənir. Belarus da beynəlxalq hüquq normalarını yerinə yetirib. Həm də düşünürəm ki, bu hadisə əcnəbi vətəndaşları dünyanın hər hansı işğal olunmuş zonasına getməzdən öncə düşündürəcək. Bu kimi hallar Azərbaycanın işğal olunmuş ərazilərinə də gəlmək istəyən xarici vətəndaşları çəkindirəcək". Deputat bildirib ki, erməni diasporu nə qədər özünü qalib kimi göstərməyə çalışsa da, məğlub olduğu göz önündədir: "Erməni diasporu ilə Ermənistan hakimiyyəti arasında ciddi konflikt yaranıb. Çünki Lapşin məsələsinə görə Ermənistan hakimiyyəti suçlanır. Erməni diasporu deyir ki, onlar hər vəchlə Dağlıq Qarabağa səfər təşkil edir, Ermənistan hakimiyyəti isə ora gedənləri müdafiə edə bilmir. Aleksandr Lapşinin beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanda məhkəmə qarşısına çıxarılması normal haldır. Beynəlxalq hüquq normaları işləmədikcə, belə tendensiyaların sayı artacaq. Bu da dünyanın təhlükəsizliyi üçün zərərlidir. Bir sual vermək istəyirəm: Azərbaycanın işğal olunmuş ərazilərinə gedən hər hansı bir əcnəbi vətəndaşın oradan Azərbaycan vətəndaşına güllə atmayacağına kim zəmanət verə bilər? Kim bundan əmin ola bilər? Əgər bu adam Azərbaycanın işğal altındakə ərazilərinə Azərbaycandan icazəsiz gedirsə, demək ki, o, Azərbaycan dövlətinə, xalqına qarşı çıxır. Bu da Azərbaycan əsgərinə güllə atmaq kimi bir şeydir. Azərbaycanın işğal edilmiş əraziləri nəzarətsiz bir yerdir. Ora gedən əcnəbilər hər şeyi edə bilər. Ermənistan tərəfi bildirir ki, Lapşin məsələsi Ermənistan turizminə də zərər vuracaq. Guya onlar işğal etdikləri Azərbaycan ərazilərində bir turizm zonası yaradıblar. Əlbəttə ki, bu, tamamilə yalandır. Çünki özünü turist qismində görən bir insan işğal olunmuş yerə getməz. İşğal edilmiş ərazilərdə ancaq terrorçular toplanır və orada qanunsuzluqlar olur. Heç kim təminat vermir ki, Azərbaycanın işğal edilmiş ərazilərində terrorçular yetişdirilmir. Narkotik dövriyyəsinin çoxalmasını heç kim istisna edə bilməz".
Hüquqşünas Alim Hüseynli hesab edir ki, Lapşinin Azərbaycana ekstradisiyası beynəlxalq hüquq çərçivəsində həyata keçirilib. Əvvala nəzərə almaq lazımdır ki, Lapşin beynəlxalq sənədlər də daxil olmaqla Azərbaycanın qüvvədə olan "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək ölkəmizə səfər edib. Buna görə də Azərbaycanın Xarici İşlər Nazirliyi onun adını "qara siyahıya" salıb. Amma Lapşin bundan nəticə çıxarmaq əvəzinə, Qarabağa səfərindən sonra Ukrayna pasportundan istifadə edərək yenidən Azərbaycana gəlib. Bundan başqa, o, Azərbaycan barəsində qeyri-obyektiv informasiyalar paylaşıb. Deməli, Azərbaycan hüquq mühafizə orqanları onun barəsində cinayət işi açmaqda tamamilə haqlıdır. Hüquqşünas qeyd edib ki, Azərbaycanla Belarus arasında cinayətkarların ekstradisiyası barədə Saziş mövcuddur. Azərbaycan tərəfi həmin sazişi əldə rəhbər tutaraq İnterpola Lapşinin saxlanması barədə müraciət edib. Belarus sərhədçiləri onun axtarışda olmasına reaksiya göstərib və onu saxlayıblar. Belarusda Lapşinin işinə üç instansiyada baxılıb və onun ekstradisiya qərarı qanunauyğun hesab olunub: "Azərbaycan onun verilməsini hüquq normalarına uyğun tələb edərək bir daha nümayiş etdirdi ki, hüquq dövlətidir. Bu, Azərbaycanın ərazi bötüvlüyünə hörmət etməyən bütün şəxslərə bir xəbərdarlıq olmalıdır. Bütün beynəlxalq alım bilməlidir ki, ölkəmizin dövlət sərhədini keçən şəxslər Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək hüququ barəsində etibarlı sənədlər təqdim etməlidir. Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində rejimi pozmaqda və ya pozmağa cəhd göstərməkdə, yükləri, materialları, sənədləri və başqa əşyaları Azərbaycan Respublikasının dövlət sərhədindən qanunsuz keçirməkdə və ya qanunsuz keçirməyə cəhd göstərməkdə təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıyırlar".
Nurlan