Onu niyə Bakıya əliqandallı gətirdilər - SADƏ SUALLARA CAVABLAR

Üç ölkənin vətəndaşı olan bloqer Aleksandr Lapşin Belarusun paytaxtı Minskdən Bakıya gətirildi. Xüsusi təyyarə ilə. Bakıdakı Heydər Əliyev beynəlxalq hava limanında onu Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstəsinin əməkdaşları qarşıladılar.

Üç ölkənin vətəndaşı olan bloqer Aleksandr Lapşin Belarusun paytaxtı Minskdən Bakıya gətirildi. Xüsusi təyyarə ilə. Bakıdakı Heydər Əliyev beynəlxalq hava limanında onu Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstəsinin əməkdaşları qarşıladılar.

Belarusdan Azərbaycana ekstradisiya olunmuş bloqer Aleksandr Lapşin hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı istintaq təcridxanasındadır.

Baş Prokurorluqdan verilən məlumata görə, hazırda onun ifadələri alınır.

Xatırladaq ki, qalmaqallı bloqer dünən Minskdən Bakıya xüsusi aviareyslə gətirilmişdi. O, Belarus Ali Məhkəməsinin qərarı ilə Azərbaycana ekstradisiya olunub.

A.Lapşinin saxlanması, həbsi, məhkəməsi, sonra da Azərbaycana ekstradisiyası böyük müzakirələr, sosial şəbəkələrdə mübahisələr, rəsmi qurumların açıqlamaları, mediada çoxsaylı xəbərlər və məqalələrlə müşayiət olundu.

Rusiya, İsrail və Ukraynanın vətəndaşı olan bu şəxslə bağlı əvvəl Rusiya, sonra İsrail, sonda da Ukrayna rəsmi açıqlamalar verdi.

İsrail vətəndaşının tutulmasını çox soyuqqanlı şəkildə şərh etdi, onun məhkəməsini izlədi və diplomatik bəyanatlarla işini bitmiş saydı.

Rusiya isə tam əksinə, əvvəl aqressiv, sonra ultimatum tipli bəyanatlar yaydı.

Əvvəlcə Rusiyanın XİN başçısı Sergey Lavrov qəzəbli bəyanatla çıxış etdi, A.Lapşinin Azərbaycana ekstradisiyasına yol verilməməsi üçün "müvafiq addımların atılacağını" bildirdi.

Daha sonra S.Lavrovun sözçüsü Mariya Zaxarova mətbuat konrfansında erməni jurnalist Xanbabyanın sualını cavablayarkən demişdi: "Aleksandr Lapşinlə bağlı mövqeyimiz konkret və dəqiqdir, indiyədək dəfələrlə bəyan edilib. O, Rusiya vətəndaşıdır və Rusiya da vətəndaşının üçüncü tərəfə verilməsinə qarşıdır".

Ermənistan da təbii, "oyun"un tam içində idi. Ermənilər əvvəlcə Belarusun ABŞ və Rusiyadakı səfirliklərinin qarşısında etiraz aksiyaları keçirdilər, sonra rəsmi Minskə qarşı tələblər qoyaraq "Lapşini verməyin!" dedilər.

Ermənistan mediasında Lapşinlə bağlı isteriya, şivən də öz yerində: bloqer sayılan, amma əslində avantürist olan bu adamı az qala cəfakeş və əzabkeş kimi qələmə verdilər. Ermənilərin dediklərindən və yazdıqlarından belə çıxdı ki, sən demə, üç ölkənin vətəndaşı olan A.Lapşin qəhrəmanmış: bəs nə, axı o, "qəddar Azərbaycan"a meydan oxuyaraq "Dağlıq Qarabağ ermənilərini dəstəkləmişdi".

Ermənilər anlayırdılar ki, onların dəstəyi əslində Lapşinin ziyanınadır. Fəqət, İrəvan öz aləmində "doğru kurs" tutmuşdu.

A.Lapşinin Dağlıq Qarabağdakı separatçı, terrorçu rejimi dəstəkləməsi, Xankəndiyə səfərləri, sonra İnterpola axtarışa verilməsi, saxlanması, həbsi, məhkəməsi və sonucda da Azərbaycana ekstradisiya edilməsi ilə bağlı suallar çoxdur.

Və həmin suallar cavablar tələb edir: nədən ki, sosial şəbəkələrdə, mediada, cəmiyyətdə A.Lapşinin Bakıya gətirilməsini təqdir edənlər tam əksəriyyət təşkil edirsə, tənqid edənlər də var.

Hətta Azərbaycanın tanınmış bloqerlərindən və teleaparıcılarından biri Heydər Əliyev beynəlxalq hava limanında A.Lapşinin DTX əməkdaşları tərəfindən qarşılanmasını və müşayiətlə Baş Prokurorluğa aparılmasını istehza ilə "maski-şou" adlandırdı.

"O bloqer niyə tutuldu?"

A.Lapşin "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikasının qanunlarının tələblərini kobud surətdə pozaraq ölkəmizin mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal altındakı ərazilərimizə daxil olub. O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə özünün "http//puerrtto.livejournal.com" internet səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistan ilə yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 2016-cı il 6 aprel və 29 iyun tarixli müraciətlərində işğal altındakı ərazilərimizdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib.

A.Lapşin Azərbaycan tərəfinin tələbi ilə dekabrın 14-də Belarus Respublikası hüquq mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıb.

"Bloqerdir də, düşündüyünü yazıb, buna görə adamı tutarlar?"

Aleksandr Lapşin adi bloqer deyil. O, səyyah, fotoqraf, eyni zamanda da avantürist, ekstremal macəralar arayan biridir. "Puerrtto" niki ilə Rusiyanın "Jivoy Jurnal" bloq-platformasında yazılar yazan, səyahətlərindən fotoreportajlarını və təəssüratlarını bölüşən A.Lapşin, gerçəkdən də, adi bloqer kimi görünür.

Lakin onun Hindistana, Özbəkistana, Qırğızıstana, Azərbaycana, Ermənistana səfərlərindən sonra yazdıqlarını diqqətlə oxuyanda mətnin struktur formatı arxasında aşkar sifariş ruhu duyulur. O ruh son vaxtlar Lapşinin "yaradıcılığı"na ciddi sirayət edib.

Məsələn, Özbəkistanda "adi bloqer"i ölkədəki radikal müxalifət mənsubları qarşılayırlar və A.Lapşin də ölkəyə səyahətə gələn xarici ölkə vətəndaşının qısa müddətdə əldə etməsi mümkün olmayan təfərrüatlı məlumatları paylaşır. Daha sonra isə o, Özbəkistan Sərhəd Xidmətini hədəfə alır.

Hindistana səfərində də eyni situasiya: "adi bloqer" ölkədə iqtidarda olan partiyanı "vurmaq" üçün iki ştatı dolaşır, o ştatlardakı müxalifət liderləri ilə görüşür və ən başlıcası, istənilən siyasi partiyanın qapalı saxladığı informasiyasını küçədəki plakatdan oxunmuş xəbər kimi paylaşır.

Daha sonra A.Lapşin İrana yollanır və Tehranda Fələstin səfirliyinin binasının fotolarını çəkir. Səfirlik binasını çəkmək yasaq olduğundan onu, təbii ki, polis saxlayır və Lapşin avantüraya başlayır: o, özünü ərəb kimi təqdim edir, Fələstin vizası almaq istədiyini deyir.

"İranlı polislər bisavad və sadəlövhdürlər: onlar mənə inandılar, buraxdılar. Marazmatik ayətullaların idarə etdiyi ölkədən başqa nə gözləmək olar ki..." - A.Lapşin bloqunda daha sonra yazır.

A.Lapşin Dağlıq Qarabağın separatçı rejim tərəfindən "idarə" olunduğunu, Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalında olduğunu gözəl bilir və elə buna görə də əvvəlcə Ermənistana yollanır, oradan da Xankəndiyə gedir.

Və yazır: "Azərbaycanı, azərbaycanlıları dolamaq istəyirəm. Qarabağlı ermənilərin azadlıq mübarizəsini dəstəkləmək gərəkdir. Dünya tanımasa da, onlar əsl dövlət qurublar və mən də onlara yardım etməliyəm".

Bu səfərlərdən sonra A.Lapşinin adı Azərbaycan XİN-in "qara siyahı"sına düşür.

Normal bloqer, adekvat insan bundan narahat olardı: məsələn, Rusiyanın ən məşhur bloqerlərindən və dizaynerlərindən biri, "Tyoma" kimi tanınan Artemi Lebedev kimi. A.Lebedev adının "qara siyahıya" düşəcəyini eşidən kimi rəsmi Bakıdan üzr istədi.

Lapşin isə tam tərsinə, provokasiyaları sıralayırdı. 2015-ci ilin iyun ayında o, Ukrayna pasportu ilə Gürcüstandan Azərbaycana keçir. Sərhəd nəzarətini keçməyə isə o, pasportda adının olduğu kimi Aleksandr yox, Ukrayna dilinə uyğun olaraq "Oleksandr" yazılması sayəsində nail olur.

Məhz bundan sonra Azərbaycan "Dövlət sərhədi haqqında" qanunu və Miqrasiya Məcəlləsini pozduğuna görə bloqeri beynəlxalq axtarışda elan edir. A.Lapşinin də adı İnterpolun axtarış siyahısına düşür.

A.Lapşin sakitləşmir: "Azərbaycan sərhədçiləri hansı ağıl və intellekt yiyəsi olduqlarını göstərdilər. Onları yenə aldatdım, barmağıma doladım".

"Lapşin həm də İsrail vətəndaşıdır. İsrail niyə onun ekstradisiyasına mane olmadı?"

A.Lapşin Minskdə saxlanandan sonra, dekabrın 18-də İsrail XİN-in nümayəndələri Belarusun hakimiyyət dairələrinə müraciət edərək, İsrailin Minskdəki səfirliyinin əməkdaşları ilə bloqerin görüşünə icazə istəmişdilər.

Bu görüş oldu və sonra da deyildi ki, İsrail öz vətəndaşının Bakıya ekstradisiyasına mane olacaq.

Rəsmi Təl-Əviv mane olmadı və bunun obyektiv səbəbləri var.

Əvvəla, A.Lapşində İsrail pasportu olsa da, o, özünü israilli saymayıb.

"Bu ölkəyə ancaq qonaq gedirəm və İsraili də sevmirəm. İsraillilər aqressiv insanlardır. Xüsusilə də rusdilli israillilər, rusdilli yəhudilər dözülməzdirlər", - A.Lapşin bloqunda yazıb.

Digər yazısında isə o, ümumiyyətlə İsrail vətəndaşlarını təhqir edib: "İsraildə gözəl, yaraşıqlı kişi və qadınlar həddən artıq azdır. Daha dəqiq, açıq desəm, israilli yəhudilərin əksəriyyəti kifirdir. Səbəb sadədir: yəhudilər əsrlər boyu qapalı mühitdə, kompakt icmalar şəklində yaşadıqlarından onların arasında qohum nikahları çoxdur. Bu səbəbdən də yəhudilər arasında Daun xəstəliyi geniş yayılıb".

A.Lapşinin pasportunu daşıdığı İsrailə belə təhqiramiz, antipatik, aqressiv yanaşma ilə daşan "post"ları çoxdur.

İsrail onu aşağılayan, pasportundan yararlanaraq çətin vəziyyətlərdə indulgensiya, çıxış yolu kimi istifadə edən fərdi müdafiə etmədi və etmək istəmədi.

"Lapşini Bakıya adi təyyarə ilə gətirmək olmazdımı? Hava limanında belə qarşılanma nəyə gərəkdi?"

Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasında xüsusi reaktiv təyyarə ilə gətirilməsi, onun hava limanında DTX-nın silahlı əməkdaşlarından ibarət xüsusi qrup tərəfindən qarşılanması spontan, adi prosesi deyildi.

Beynəlxalq siyasətdə "power demonstration" ("güc nümayişi") adlı anlam var və dövlətlər gücünü, potensialını, nəyə qadir olduğunu göstərmək üçün bu addımdan tez-tez istifadə edirlər.

Məsələn, İsrail dövlətə və millətə qarşı cinayətlər işləmiş hər hansı şəxsi ölkəyə gətirəndə, ekstradisiya edəndə istisnasız olaraq həmişə xüsusi təyyarələrdən istifadə edir, o adamı da hava limanında SAXAL və MOSSAD-ın, yəni İsrail ordusu ilə kəşfiyyatının xüsusi əməkdaşları qarşılayırlar. Bəzi hallarda prosesə hətta "Şin-bet", yəni ordu kəşfiyyatının əməkdaşları cəlb olunurlar.

ABŞ belə hallarda həmişə Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qoşunlar Baş İdarəsinin (United States Special Operations Command; USSOCOM) "United States Navy SEAL" ("Suitilər") korpusunun hərbçilərindən yararlanır.

Maskalı, əlləri tətikdə olan xüsusi təyinatlılar və ya ABŞ xüsusi xidmət strukturlarının eyni formadakı əməkdaşları hava limanlarında ekstradisiya olunanları qarşılayır, müşayiət edirlər.

Rusiya, Fransa, Britaniya, Almaniya, Yaponiya - bir sözlə, özünə, sərhədlərinə, müstəqilliyinə, vətəndaşlarına sayğı bəsləyən dövlətlər həmişə belə davranırlar.

Tunisdə və İraqda belə, analoji praktika tətbiq olunur.

Bu, məsələnin zəruri və qaçılmaz imic yönü.

DTX əməkdaşlarının hava limanında A.Lapşini qarşılamalarının detallarına fikir verək.

A.Lapşin təyyarədə gələrkən onu "maskalılar" müşayiət etmirlər. DTX əməkdaşları onu limanda qarşılayırlar. Səbəb - A.Lapşinin dövlətlərarası anlaşma nəticəsində, xarici dövlətin Ali Məhkəməsinin qərarı ilə Azərbaycana ekstradisiya edilən, ən başlıcası isə İnterpol axtarışında olmuş şəxs "status"udur.

Azərbaycanın sabiq baş naziri, İnterpol axtarışındakı Surət Hüseynov da Bakıya ekstradisiya ediləndə onu xüsusi təyinatlılardan ibarət qrup qarşılamışdı.

Bu artıq imic məsələsi yox, həmin şəxsin təhlükəsizliyinin maksimal dərəcədə təmin edilməsi, hava limanından müşayiət prosedurunun təminatıdır.

"Sahə müvəkkili bəs edərdi" deyənlər Azərbaycanı Fici, Samoa, Svazilend və ya Lesoto ilə səhv salırlar, deyəsən.

"Lapşinin Bakıya gətirilməsi aysberqin görünən tərəfidir. Bəs əslində nə baş verir?"

A.Lapşinin Belarusdan Azərbaycana ekstradisiyası 5 dövlət  (Azərbaycan, Rusiya, Belarus, Ukrayna və İsrail) arasında aparılmış gərgin danışıqların məntiqi sonucudur. Qalmaqallı, qarabağlı erməni terrorçularını vəsf edən bloqerin Bakıya gətirilməsi, təbii ki, aysberqin görünən tərəfidir.

Görünməyən tərəf isə bütün dövlətlərə Bakının messicidir: "Azərbaycan onun dövlət sərhədlərinin toxunulmazlığı və suverenliyini pozan, dövləti və milləti aşağılayan, qanunları pozan şəxsi kimliyindən asılı olmayaraq məsuliyyətə cəlb edəcək".

Tam normal, məntiqi və gərəkli mövqedir.

İllər əvvəl çox məşhur amerikalı siyasətçilərdən biri bu sətirlərin müəllifi ilə söhbətində demişdi: "Bizim mövqeyimiz dəyişməzdir: hər amerikalı əla bilir ki, ona bir şey olarsa, aviadaşıyıcı gəmimiz onun yardımına yollanacaq. Və hər kəs də əla bilir ki, ABŞ-a və ya amerikalılara qarşı cinayət işləyərsə, mütləq ABŞ ədaləti qarşısında cavab verəcək".

İsraildə yazılmamış qanun var: İsrailə və israillilərə qarşı qanunsuzluq edən, cinayət işləyən şəxs dünyanın harasında olursa-olsun, tapılır, yaxalanır və İsrailə aparılaraq məhkəmə qarşısında durur. Yetər ki, alman Adolf Eyxmanla bağlı prosesi xatırlayaq.

Rusiya da eyni doktrinaya sahibdir.

"Dağlıq Qarabağa çox adamlar gedib. Niyə məhz Lapşini tutub gətirdik?"

Dağlıq Qarabağdakı separatçı rejimin "dəvət"i ilə Xankəndiyə yollanan şəxslərin tam əksəriyyəti sonradan Bakıdan rəsmi şəkildə üzr istəyiblər. Azərbaycan XİN-in "qara siyahı"sında olan digər şəxslərə qarşı isə mövcud qanunvericilik çərçivəsində müvafiq addımlar atılır.

A.Lapşin sadəcə, bir "ilk"dir.

Azərbaycanın dövlət sərhədlərini pozan, erməni terrorçularına dəstək verərək işğal altındakı ərazilərə yollanan hər kəs A.Lapşinin taleyini təkrarlayacaq. Kimliyindən, hansı ölkə vətəndaşı olmasından bilaixtiyar.

"Lapşini gətirdik. Bu, Azərbaycana problemlər yaradacaq"

Əksinə, A.Lapşinin çirkin əməllərinə görə cəzasız qalması Azərbaycan üçün beynəlxalq arenada problemlər yaradardı. Ən azından, erməni separatçıları ruhlanacaq, ermənilərin işğal altında saxladıqları ərazilərə "get-gəl" adi, rutin prosedura dönəcəkdi.

"Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın inadına belə etdi"

Dövlətlərarası münasibətlərdə "inad" amili rol oynamır və A.Lukaşenko da postsovet məkanının ən təcrübəli, soyuqqanlı, praqmat siyasətçilərindən biridir. Hə, A.Lukaşenkonun Azərbaycana böyük rəğbəti var, ölkələrimiz arasında mehriban dostluq və qardaşlıq əlaqələri var.

Lakin bütün bunlar heç bir halda rəsmi Minskin müəyyən qərarlarına əhəmiyyətli, müəyyənləşdirici təsir edəcək amillər deyil.

A.Lukaşenko qalmaqallı bloqerlə bağlı qərar verməyib. Qərarı Belarusun Ali Məhkəməsi verib və Belarusun dövlət başçısı da "dosta yardım" prinsipi ilə qanunların kobud pozuntusuna heç vaxt yol verməz.

Ən nəhayət, Belarusla Rusiyanın münasibətləri sosial şəbəkələrdəki "ekspert"lərin düşündüyü kimi deyil.

Unutmayaq ki, 2000-ci ilin yanvarın 26-da Moskva və Minsk "Rusiya-Belarus Müttəfiq Dövləti"nin yaradılması barədə anlaşma imzalamışdılar.

Və...

A.Lapşinin Bakıya ekstradisiyası Azərbaycanın diplomatik qələbəsi, presedent yox, Bakının qanunlarının işləkliyini beynəlxalq səviyyədə təmin etməsidir.

Bu isə həddən ziyadə vacib, önəmli məsələdir.

Elçin Alıoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31