Bakı heç bir zaman kimsənin quberniyası olmayacaq
Rusiyanın Liberal-Demokrat Partiyasının lideri, qalmaqallı siyasətçi Vladimir Jirinovskinin Azərbaycanla bağlı səsləndirdiyi növbəti fikirlər etirazla qarşılanıb. Partiya lideri keçmiş SSRİ respublikalarının birləşdirilməsindən danışarkən, SSRİ sərhədlərinin bərpa ediləcəyi halda, Qarabağ probleminin də “öz-özünə həll olunacağını” deyib. “Budur, Qarabağ.
7 Fevral 2017 15:38 SiyasətQənirə Paşayeva: "Bu şəhər hər zaman müstəqil Azərbaycan dövlətinin paytaxtı olacaq"
Rusiyanın Liberal-Demokrat Partiyasının lideri, qalmaqallı siyasətçi Vladimir Jirinovskinin Azərbaycanla bağlı səsləndirdiyi növbəti fikirlər etirazla qarşılanıb. Partiya lideri keçmiş SSRİ respublikalarının birləşdirilməsindən danışarkən, SSRİ sərhədlərinin bərpa ediləcəyi halda, Qarabağ probleminin də "öz-özünə həll olunacağını" deyib. "Budur, Qarabağ. Onlar heç vaxt bu məsələni həll edə bilməyəcəklər. Ermənistanla Azərbaycan arasında daim müharibə olacaq. Ancaq biz onların hamısını götürəndə nə Qarabağ olacaq, nə Azərbaycan. Olacaq Bakı quberniyası, İrəvan quberniyası, Tiflis quberniyası, Kutaisi quberniyası, çarın vaxtındakı kimi",-Jirinovski bildirib. Qeyd edək ki, daim təxribatçı fikirləri ilə yadda qalan Vladimir Jirinovskinin bu sözləri də Azərbaycan cəmiyyəti tərəfindən birmənalı qarşılanmayıb. YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə qeyd edib ki, Jirinovskinin fikirləri çox təhlükəlidir: " O, müstəqillik qazanmış dövlətlərin müstəqilliyini əlindən almış kimi provakasiyalı fikir səsləndirir. Görünür, Rusiyanın müəyyən dairələrində vaxtaşırı köhnə Çar imperiyasını bərpa etmək fikirləri, düşüncələri dolaşır. Amma, Jirinovski və onun təmsilçiləri bilməlidirilər ki, indi 21-ci əsrdir. Bu gün dünyanın sabitliyini saxlayan əsas prinsip sərhədlərin toxunulmazlığı prinsipidir. Məhz, bu prinsipə görə bu gün sülhü təmin etmək və dövlətlər arasında xoş münasibətlər yaratmaq mümkündür". Deputatın sözlərinə görə, hazırkı reallıqda Ermənistanın Azərbaycan ərazisinin bir hissəsini işğal edərək özünə birləşdirmək cəhdi Cənubi Qafqaza çox böyük problem yaradır: "Jirinovskinin fikirləri Azərbaycan cəmiyyətində etiraz doğurur. Təsəvvür edin: Jirinovskinin fikirləri tətbiq olunarsa, dünya yenidən orta əsrlərə qayıda bilər. Həmçinin, Azərbaycan müstəqilliyini ona görə qazanmayıb ki, sonradan onu əldən versin. Azərbaycanın hər bir vətəndaşı canından keçər, amma torpağının başqa bir dövlətin ərazisinə birləşdirilməsi işinə imkan verməz. Azərbaycan öz müstəqilliyini təsdiq edərək müstəqillik yolunda böyük uğurlar qazanıb. Müstəqil Azərbaycan dövlətinin olması həm də bütün Cənubi Qafqazın stabilliyini, eləcə də, Cənubi Qafqazla bağlı bir çox uğurlu layihələrin təminatı deməkdir". Rusiya siyasətçisinin bu cür fikirləri təkbaşına səsləndirməməsinə gəlincə, YAP rəsmisi bunu söyləməyin çətin olduğunu deyib: "Ortada fakt odur ki, Jirinovski bu fikirləri səsləndirib. Hesab edirik ki, Jirinovskinin bu fikirləri Rusiya hakim dairələrinin və ictimaiyyətinin fikirləri deyil. Rusiyanın demokratik qüvvələri heç vaxt bu yöndə fikirlərini ifadə etməyiblər. Həmçinin, Jirinovskinin fikirlərini müdafiə etmirlər. Hətta, çox kiçik bir dəstə müdafiə etsə belə, buna biganə qalmaq olmaz. Bu, eyni zamanda Azərbaycan ictimai fikrini yoxlamaq cəhdi də ola bilər. Çox şadam ki, Azərbaycan mətbuatı bu məsələdə hamıya yaxşı nümunə oldu. Məsələni gündəmdə saxladı. Məsələ ilə bağlı cəmiyyətin tanınmış insanlarının fikirlərini öyrəndi. Jirinovski kimilər bilməlidir ki, Azərbaycanın müstəqilliyi, ulu öndər Heydər Əliyevin dediyi kimi, "əbədidir dönməzdir". Heç zaman da başqa dövlətin bir hissəsinə çevrilməyəcək"
Millət vəkili Qənirə Paşayeva isə qeyd edib ki, Jirinovskinin arzularının reallaşması qeyri-mümkündür:"Mənasız və qalmaqallı açıqlamaları, bəzən dediyi bir fikri bir müddət sonra təkzib etməsi ilə tanınan, Rus və SSRİ imperiyaları həsrəti ilə yaşayan Jirinovski yenə açıb ağzını və SSRİ-nin işğalından minbir əziyyətlə xilas olub müstəqilliyini qazanan ölkələrə hucum edib. Bu adam özünün uydurduğu xəyallarına özünü o qədər inandırıb ki, hələ də anlamır ki, məsələn, Azərbaycan xalqı heç zaman onun ölkəmizlə bağlı Bakı quberniyası və sar kimi arzularının reallaşmasına imkan verməz və verməyəcək". Onun sözlərinə görə, Qazaxıstan yəqin ki, onun qazax xalqı ilə bağlı təhqirlərinə lazımi cavab verəcək: "Jirinoskinin keçmişi də, fəaliyyəti də hər kəsə bəllidir və ciddi qəbul ediləcək tərəfi yoxdur, amma hər dəfə onun bu cür açıqlamalarından sonra insanı düşündürən önəmli sual budur. Özümü danışır, yoxsa, onu danışdırırlar... Əgər danışdırırlarsa, düşündürücüdür. Rusiyada onu tanıyan ziyalılarımızdan kimsə varsa, ona söyləsin ki, vaxtını ölkəsinin ciddi problemlərinin həllini düşünməyə həsr etsin. Bakı heç bir zaman heç kimsənin quberniyası olmayacaq. Hər zaman müstəqil Azərbaycan dövlətinin paytaxtı olacaq. Onun bu cür açıqlamaları isə Şimal qonşumuzda bir çoxlarının ürəyindən keçən bu cür xəyallar barədə xalqımızın hər zaman daha çox məlumatlı olmasına və müstəqil dövlətimizə daha da çox sarılıb onun müstəqilliyi üçün çalışmamıza səbəb olur o qədər".
Alim