Yaxın və uzaq tarixi unudan İran
İran ənənəsinə sadiq qalaraq yenə Azərbaycana xəyanət yolunu seçdi. İslam Respublikasında son prezident seçkilərində dövlət başçısı seçilən Həsən Ruhaninin hakimiyyətinin ilk aylarında öz mövqelərini möhkəmləndirmək, Qərblə münasibətlərini daha da istiləşdirmək məqsədilə bir növ vasitəçi axtarmaq ümidi ilə Azərbaycanla daha sıx təmasa keçməsi, rəsmi Bakıya yarınmaq məqsədilə bəzi gedişlər etməsi belə bir qənaət formalaşdırmışdı ki, artıq Tehran bu vaxta qədər yol verdiyi iri və xırda xətalarının fərqinə varıb.
21 Dekabr 2016 16:34 SiyasətYaxud Tehranın işğalçılıq siyasətinə dəstək nümayişi
İran ənənəsinə sadiq qalaraq yenə Azərbaycana xəyanət yolunu seçdi. İslam Respublikasında son prezident seçkilərində dövlət başçısı seçilən Həsən Ruhaninin hakimiyyətinin ilk aylarında öz mövqelərini möhkəmləndirmək, Qərblə münasibətlərini daha da istiləşdirmək məqsədilə bir növ vasitəçi axtarmaq ümidi ilə Azərbaycanla daha sıx təmasa keçməsi, rəsmi Bakıya yarınmaq məqsədilə bəzi gedişlər etməsi belə bir qənaət formalaşdırmışdı ki, artıq Tehran bu vaxta qədər yol verdiyi iri və xırda xətalarının fərqinə varıb. Yeni dövlət başçısı ilə yeni yola çıxan İran artıq bir sıra reallıqları qəbul etməkdədir. Bu reallıqlardan ən öndə duranı isə regional əməkdaşlıqda Azərbaycan faktorunu nəzərə almaqdır. Əslində ilk aylar qeyd etdiyimiz situasiya müşahidə edildi və Tehran-Bakı münasibətlıri bir qədər də intensiv xarakter aldı. Ancaq bu intensivlik İranın öz mövqelərini möhkəmləndirənə qədər davam etdi. Tarixən şahidi olduğumuz situasiyalar və gəldiyimiz qənaət bir daha təsdiqləndi ki, İranın xislət və mahiyyəti heç vaxt dəyişməyəcək. Əslində elə bizlərin İrana inanmağımız, onun düz yola istiqamət götürdüyünü düşünməyimiz də sadəlövhlük idi. Çünki İslam Respublikasını əldə bayraq edən, lakin əməlləri İslama zidd olan bir ölkənin tövbə qapısına istiqamət götürəcəyinin mümkünsüzlüyünü anlamaq lazım idi. Nədən ki, İran yaxın və uzaq tarixdə bunu öz əməlləri ilə sübuta yetirib.
Yenə də eyni situasiya təkrar olundu. Beləliklə, İslam Respublikasının prezidenti Həsən Ruhani ağız dolusu danışdığı müsəlman təssübkeşliyi, İslam qardaşlığı, müsəlman həmrəyliyi prinsiplərini açıq şəkildə ayaqlar altına ataraq XX əsrin işğalçı və təcavüzkar bir ölkəsinə, Ermənistana səfər etdi. Hansı ki, İran prezidentinin Ermənistan səfəri hələ Ruhani taxt-taca sahib olan günlərdən gündəmdə idi. Lakin yuxarıda qeyd etdiyimiz kimi həmin ərəfədə İran Qərblə münasibətlərini normallaşdırmaq ərəfəsində olduğu üçün regional aspektdə üstünlüyü Azərbaycana verdi. Təbii ki, bu da məkrli siyasətin bir parçası idi. İstəyinə nail olandan, Azərbaycanın regional gücü, qüdrəti hesabına beynəlxalq aləmlə əməkdaşlıq mühiti formalaşdırandan sonra İranda Ermənistan sevgisi yenə baş qaldırmağa başladı. Və bir neçə ay əvvəldən planlaşdırılan, lakin bəzi regional amilləri nəzərə almaq məcburiyyətində qaldığından təxirə salınan Ermənistan səfərini nəhayət ki, İran prezidenti reallaşdırdı.
Hər şeydən əvvəl bu səfərin məhz indiki vaxta təsadüf etməsinə toxunmaq istərdik. İranda Ermənistan sevgisinin olması onsuz da hər kəsə bəllidir. Amma bu sevginin indi daha çox özünü büruzə verməsi məhz İsrail faktoru ilə bağlıdır. Belə ki, İran sanki İsrail baş nazirinin Azərbaycana səfərinin acığına Yerevanla əlaqələri daha da istiləşdirir. İsrail baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərini sərt tənqid edən Tehran iddia edir ki, Bakı bu addımı ilə müsəlman təssübkeşliyinə zərbə vurmuş olur. Amma Tehran nəzərə almır ki, Azərbaycan İranın özündən daha çox müsəlman təssübkeşliyini qoruyan bir ölkədir. Əgər Azərbaycan bu prinsipə sadiq qalıb müsəlman təssübkeşliyindən çıxış etməsəydi, bu gün İran Qərbin, Birləşmiş Ştatların bir əyalətinə çevrilmişdi. İran nəzərə almalı və unutmamalıdır ki, bu gün bir dövlət kimi ayaqda durmasında məhz Azərbaycana borcludur. Zamanında İran-Amerika-Qərb münasibətləri müharibə həddinə çatanda və İslam Respublikasına qarşı hərbi əməliyyatların həyata keçirilməsi zərurəti meydana çıxanda məhz Azərbaycanın prinsipial mövqeyi İranı məhv olmaqdan xilas edib. Hətta Azərbaycanın cənub qonşusuna görə, Birləşmiş Ştatlarla müəyyən dövrlərdə münasibətləri də sərinləşib. Amma bu gün nədənsə İran rəsmiləri üçün bu amil yaddan çıxıb. Tarixi görməmək, onu inkar etməklə məşğul olan cənub qonşumuz nəzərə almalıdır ki, Azərbaycanın hərbi əməliyyatlar üçün hava sərhəddini Amerikaya açması və bu əməliyyata razılıq verməsi ilə İran yerlə bir olardı. Ən yaxşı halda bu gün İran İraqla eyni aqibəti yaşayacaqdı. Amma Azərbaycanın sayəsində Tehran məhv olmaqdan qurtuldu.
Ancaq bunun qarşılığında biz nə görürürk. İslam həmrəyliyindən bəhs edən bir ölkə müsəlman bacı və qardaşlarını qətlə yetirən, uşaq qatili kimi tanınan işğalçı bir dövlətə qucaq açır, onu himayə edir. Dağlıq Qarabağ problemi meydana gələn gündən xüsusi Ermənistan sevgisi nümayiş etdirən İran müntəzəm olaraq bu ölkə ilə bağlı irili-xırdalı bir çox layihələr həyata keçirərək işğalçını ayaqda durmağa sövq edir. Bu günlərdə Həsən Ruhaninin Ermənistana səfər etməsi də bunun əyani sübutudur. İran prezidentinin Ermənistan səfəri İslam Respublikasının əldə bayraq tutduğu müsəlman təssübkeşliyinə ziddiyitə təşkil etməklə yanaşı, eyni zamanda Tehranın işğalçılıq, separatizm və terrrorçuluğa dəstək nümayiş etdirməsi deməkdir. Əks halda İran atdığı addıma diqqət yetirər, necə böyük bir xətaya yol verdiyinin fərqinə varardı. Ancaq görünən odur ki, Tehran üçün bütün dəyərlər itib. Yaxud həmin dəyərlər yalnız öz maraqlarına uyğun olanda yada düşür.
Məhəmməd