Gözümüzü dörd açaq: "İki cür məlumat yayılır"
20 Dekabr 2016 14:02 Siyasət"Əvvəla, ötən ilin noyabrında Rusiya-Türkiyə münasibətlərini pozaraq gərginlik yaradan Rusiya təyyarəsinin vurulmasından fərqli olaraq, Ankarada Rusiyanın səfirinin müəmmalı şəkildə qətlə yeitirilməsi Rusiya-Türkiyə münasibətlərini zəiflətmək əvəzinə onu daha da gücləndirəcək. Çünki bu hadisə hər iki ölkə üçün böyük təhlükədir.

İkincisi, terroru törədən şəxs informasiya müharibəsinin qurbanıdır. Çünki onun Hələbdə sülh prosesinin başlanmasından xəbəri olmayıb. Əgər o, müsəlmanların öldürülməsinə qarşı idisə, o zaman əksinə, Rusiya-Türkiyə yaxınlaşmasını və onların atdığı addımları dəstəkləməli idi. Lakin faktiki olaraq bu aktla o, müharibənin tərəfdarı olduğunu göstərdi. Çünki şüar bir şey, əməli isə başqa şey deyir. Üçüncüsü, isə bu informasiya müharibəsində çox ehtiyatlı olmalı, sünni-şiə məsələsində heç bir tərəfin özünü tərifləməsinə inanmamalıdır".

Bunu "Baku Network" ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov açıqlamasında dekabrın 19-da Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun terrorçu-polis tərəfindən qətlə yetirilməsi hadisəsini şərh edərkən deyib.

Fikirlərini daha geniş şəkildə izah edən ekspertin fikrincə, bu terror aktı iki ölkə arasında münasibətlərə müsbət təsir edəcək: "Çünki bu terror aktı Rusiya-Türkiyə yaxınlaşmasına qarşı törədilib. Terror aktını törədən şəxsin şüarlarından belə məlum olur ki, guya bu hadisə Suriya ilə, Hələbdə insanların ölümü ilə bağlı olub. Hərçənd, Rusiya və Türkiyə Hələb məsələsində anlaşma əldə etmişdilər və orada insan qırğının qarşısını almaq üçün birgə tədbirlər görülürdü, mülki şəxslər şəhərdən çıxarılırdı və humanitar dəhliz açılırdı. Yəni bu fikir tamamilə mənasız bir şeydir".

Politoloqun sözlərinə görə, hazırda Türkiyədə səslənən ehtimallardan biri budur ki, hadisəni Fətullah Gülənin tərəfdarları - FETÖ-çular ediblər. Lakin qətl vaxtı səslənən şüarlar göstərir ki, bu daha çox "İslam dövləti" terror qruplaşması ilə bağlıdır. Amma daha çox ehtimal etmək olar ki, terrorçu-polis informasiya müharibəsinin qurbanıdır: "Çünki birmənalı olaraq bir antiterror koalisiyasında təbliğat gedir ki, sünnilər qırılır, hətta guya Hələbdən çıxan şəxsləri şiələr gülləbaran ediblər. Dünyanın bir qismində məhz belə təbliğat gedir. Digər tərəfin apardığı təbliğatda isə bildirilir ki, Rusiya münaqişə zonasında insanlara çörək, qida paylayır. Bu səbəbdən düşünmək olar ki, Rusiya səfirini qətlə yetirən şəxs aparılan informasiya müharibəsinin qurbanlarından biridir".

Ona görə də E.Ələsgərov hesab edir ki, indiki məqamda Azərbaycan xalqı da ciddi şəkildə ayıq-sayıq olmalı və Suriyadakı hadisələrlə bağlı təxribatlara, yalan məlumatlara uymamalıdır: "Bizim kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə də bir-birinə zidd, iki cür məlumat yayılır. Bir tərəfdə bildirilir ki, Hələb terrorçulardan azad olunur, insanlar ağ günə çıxır, digər tərəfdə isə bəyan edirlər ki, ay aman, ruslar və şiələr sünniləri qırıb öldürürlər, dinc sakinlər əziyyət çəkirlər. Yəni sünni-şiə qarşıdurmasını süni şəkildə qızışdıran qüvvələr var və bu KİV-lərdə də yer alır. Ona görə də azərbaycanlılar, xalqımız ayıq olmalı, bu məlumatlara çox inanmamalı və informasiya savaşının qurbanına çevrilməməlidir.

Çünki ehtimallardan birinə görə, terrorçu-polis də səfiri Suriyadakı münaqişə barədə doğru məlumatları olmadığına, yalanlara uyduğuna görə öldürüb. Təbii ki, terrorun hansısa mütəşəkkil qrup tərəfindən də törədilməsi istisna edilmir, amma bu məsələ hələ araşdırılır. Faktiki olaraq bu terror aktı Hələbdə döyüşlərin dayandırıldığı və sülh prosesinin başlandığı vaxt törədilib. Ona görə də bu, təkcə Rusiya səfirinə qarşı yox, ümumilikdə bölgədə sülh prosesinə qarşı törədilmiş terror aktıdır. Bölgədəki insanlar bu müharibəyə son qoymaq istəyirlər. Biz azərbaycanlılar da sülhün, atışmaların dayandırılmasının tərəfdarlarından olmalıyıq. Bu terror aktı isə bölgədə müharibənin, böhranın davam etdirilməsini istəyənlərin xeyrinədir". Milli.az
Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları aşağıdakı resurslardan da əldə etmək mümkündür: