Aydın Əliyev ÜGT-nin Baş katibi ilə görüşüb

Filippin Respublikasının Manila şəhərində Ümumdünya Gömrük Təşkilatının Gömrük sahəsində Akademik Araşdırma və İnkişaf üzrə Tərəfdaşlıq Proqramının (PICARD) növbəti 11-ci illik Konfransı çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya arasında ikitərəfli görüş keçirilib.

Filippin Respublikasının Manila şəhərində Ümumdünya Gömrük Təşkilatının Gömrük sahəsində Akademik Araşdırma və İnkişaf üzrə Tərəfdaşlıq Proqramının (PICARD) növbəti 11-ci illik Konfransı çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya arasında ikitərəfli görüş keçirilib. DGK-dan verilən məlumata görə, görüşdə Azərbaycan Gömrük Xidmətinin Ümumdünya Gömrük Təşkilatı ilə qarşılıqlı əlaqələrinə toxunan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev əməkdaşlığın hazırkı vəziyyətindən söhbət açıb. ÜGT-nin bir sıra beynəlxalq tədbirlərinə Azərbaycanın ev sahibliyi etməsindən məmnunluğunu ifadə edən Komitə sədri, eləcə də ÜGT-nin Regional Tədris və Regional Kinoloji mərkəzlərinin, Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Azərbaycandakı fəaliyyətinə toxunub. Qeyd edilib ki, ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində indiyədək bir sıra beynəlxalq və regional əhəmiyyətli seminarlar keçirilib. Bu günlərdə isə ofisdə Əfqanıstan gömrükçüləri və bu ölkənin digər sərhəd qurumlarının nümayəndələri üçün seminarın təşkil olunduğu da diqqətə çatdırılıb. ÜGT-nin Baş katibi Kunio Mikuriya beynəlxalq əməkdaşlığın əsas istiqamətlərindən biri kimi Azərbaycanda gömrüyün modernləşdirilməsi və kadrların peşəkarlıq səviyyəsinin artırılması məsələlərinə xüsusi önəm verilməsindən razı qaldığını bildirib. Rəhbəri olduğu təşkilatda Azərbaycan Gömrük Xidmətinin rolunu yüksək qiymətləndirən Baş katib ÜGT ilə Azərbaycan Gömrük Xidməti arasında əlaqələrin müsbət məcrada inkişafından razılığını ifadə edib, ÜGT-nin Azərbaycandakı üç regional qurumunun fəaliyyətinin səmərəliliyinin daha da artırılması ilə bağlı perspektivlərdən söhbət açıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31