Qərbin uğursuz “ demokratiya dərsi”

Deyəsən dünyada oturuşmuş, uzun illər dövlətçilik tarixi yaşayan ölkələrin yenicə müstəqillik əldə edərək sıçrayışlı inkişaf mərhələsini yaşayan ölkələri öz sıralarına qəbul etmək niyyətləri yoxdur.

Azərbaycan dünyada istinad ölkəsi kimi təqdim olunur

Deyəsən dünyada oturuşmuş, uzun illər dövlətçilik tarixi yaşayan ölkələrin yenicə müstəqillik əldə edərək sıçrayışlı inkişaf mərhələsini yaşayan ölkələri öz sıralarına qəbul etmək niyyətləri yoxdur. Fakt ondan barətdir ki, ABŞ və Avropa dövlətləri məhşur "Qurd və quzu" təmsilində deyildiyi kimi "O vaxt sən yox idin, valideynlərin ki var idi" prinsipini əsas tutaraq inkişaf etməkdə olan dövlətləri təsir altına salmağa çalışırlar. Konkret olaraq Azərbaycan yenə onun inkişafına, əldə etdiyi nailiyyət və uğurlarına qısqananların hədəfinə çevrilib. Daha dəqiq, Azərbaycanda hökm sürən daxili təhlükəsizlik və sabitlik Qərbin narahatçılığına səbəb olub. "Parçala, hökm sür" siyasətinə sadiq qalan bu dövlətlər heç cür Azərbaycan kimi kiçik dövlətin böyük uğurlara imza atmasını həzm edə bilmirlər. Elə bu səbəbdən də hər dəfə Azərbaycanda keçirilən beynəlxalq tədbirlər ərəfəsində fəallaşaraq qarayaxma kampaniyasına start verirlər. Demokratiya pərdəsi altında iri dövlətlərin təsiri altında olan qeyri-hökumət təşkilatları və media qurumları vasitəsilə çirkin kampaniyaya start verirlər. 2015-ci ildə Azərbaycanda keçirilən Birinci Avropa Oyunları ərəfəsində də eyni ittihamlar, eyni təzyiq vasitələri seçilmişdi, cəmi bir necə gündən sonra baş tutacaq ümumxalq səsverməsi ərəfəsində də. Eyni ssenari, eyni "oyunçular" eyni mənbə. Məqsəd bəllidir: Azərbaycanın günü-gündən artan beynəlxalq imicinə kölgə salmaq, onun iqtisadi və hərbi qüdrətini sarsıtmaq. Deməli, belə məlum olur ki, Azərbaycanda həyata keçirilən siyasi, iqtisadi, sosial, hüquqi islahatların heç biri bu dövlətlərin gözünə görünmür. Çünki, bu qüvvələr antiAzərbaycan dairələrinin sifarişinin girovuna çevriliblər. Əslində, Avropa ölkələrinin Azərbaycanın davamlı iqtisadi inkişaf mərhələsinə qısqanclıqla yanaşması başa düşüləndir. Ona görə ki, dünya dövlətlərinin iqtisadiyyatının tənəzzülə uğraması fonunda Azərbaycanın yeni iqtisadi uğurlara imza atması, sosial layihələri genişləndirməsi Qərbi narahat etməyə bilməz. Ancaq Azərbaycan ictimaiyyətini narahat edən məqam istər ABŞ-ın, istərsə də Avropanın ölkəmizə qarşı təzyiq rıçaqlarını yalan və böhtanlar üzərində qurmasıdır. Dünyada cərəyan edən proseslər deməyə əsas verir ki, ABŞ və onun Avropadakı müttəfiqləri təkcə Azərbaycanın deyil, eləcə də digər müstəqil ölkələrin daxili işinə müxtəlif bəhanələrlə qarışmaq siyasətini seçiblər. Azərbaycana qarşı irəli sürülən əsassız ittihamlar sırasında "qanunsuz söküntülər", heyvanlara qarşı "qəddar münasibət", saxta "siyasi məhbus" siyahıları və digər bu kimi məsələlər olub ki, sonradan Avropa təsisatlarının özləri həmin ittihamların əsassız olduğunu etiraf ediblər. Təəssüflər olsun ki, bu tipli antiAzərbaycan qüvvələrin ölkə daxilində də dəstəkverici qüvvələri mövcuddur və onlar da ölkəmizə qarşı qərəzli mövqedən çıxış edən təşkilat və şəxslərin mənafelərinə can-başla xidmət etməkdə mənmun görünürlər. Ən ağrıdıcı məqam ondan ibarətdir ki, bəzi yerli qrupların, QHT-lərin və medianın fəaliyyəti Ermənistan və erməni lobbisinin təsiri altında olan analoji qurumların dəst-xətti ilə eynilik təşkil edir. 
Çox maraqlıdır ki, insan hüquqlarından dəm vuranlar nədən öz doğma ata-baba yurdlarından qovulmuş bir milyondan artıq Azərbaycan vətəndaşının hüquqlarını yada salmırlar? Nəyə görə Avropa Parlamenti Ermənistan dövlətinin qonşu Azərbaycanın ərazisini işğal etməsini pisləyən, onu təcəvüzkar bir dövlət kimi tanıması məsləsini müzakirəyə çıxarmır? Çünki bu qüvvələr daim Ermənistanın təcavüzkar siyasətini gizlətmək, ona don geydirmək üçün çalışırlar. Ölkəmizə qarşı yeni-yeni qondarma ittihamlar irəli sürməklə Azərbaycanla Ermənistanın mövqelərini bərabərləşdirməyə səy göstərirlər. Birmənalı şəkildə qeyd etmək olar ki, Qərb və Amerika dairələri apardıqları qarayaxma kampaniyası ilə Azərbaycanın müstəqil siyasət yürütməsinə mane olmağa çalışırlar. Onu da vurğulayaq ki, Azərbaycan həmişə əməkdaşlıq etdiyi bütün ölkələrlə o cümlədən Qərb dünyasını təmsil edən dövlətlərlə münasibətini müstəqil sürətdə qarşılıqlı anlaşma və faydalı prinsipləri əsasında qurmağa çalışıb və bundan sonra da belə olacaq. Ancaq Qərb dövlətləri Azərbaycanla münasibətlərini öz məqsədlərinə uyğun, öz istəkləri formada qurmağa çalışırlar. Göstərilən təzyiqlərin kökündə də bu amil durur. Lakin bütün bu anti-Azərbaycan kampaniyalarının heç bir nəticəsi olmayacaq. Çünki Azərbaycan prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi müstəqil, ölkəmizin milli maraqlarına cavab verən siyasəti ilə daha da inkişaf edərək bütün sahələrdə yeni-yeni uğurlara imza atacağı şübhə doğurmur. Qətiyyətlə deyə bilərik ki, Azərbaycanı gözdən salmaq cəhdləri həmişə olduğu kimi, bu dəfə də heç bir nəticə verməyəcək və sabun köpüyü effektini verəcək. Azərbaycan hərətərfli inkişaf dövrünü yaşayan azsaylı müsəlman dövlətlərindən biridir. Dövlətimiz dünya ölkələrini dinlərarası, mədəniyyətlərarası dialoqlara dəvət edir, tolerant yanaşma ortaya qoyur. Azərbaycanın həyata keçirdiyi bu siyasət nəticəsində anti-Azərbaycan qüvvələrinin apardığı məkrli kampaniyanın iflasa uğrayacağı heç kimdə şübhə doğurmamalıdır. 

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31