Azərbaycan daim yeniləşir və inkişaf edir

Dövlətçilik baxımından qısa müstəqillik tarixinə malik olan Azərbaycan ən islahatçı ölkə kimi tanınır. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə sentyabrın 26-sında keçiriləcək Konstitusiyaya əlavə və dəyikliklərlə bağlı ümumxalq səsverməsi də bu islahatların davamı kimi qəbul edilir.

Deputat: "Xalqımız idarəçilik sisteminin təkmilləşdirilməsinə dəstək olacaq" 
 

Dövlətçilik baxımından qısa müstəqillik tarixinə malik olan Azərbaycan ən islahatçı ölkə kimi tanınır. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə sentyabrın 26-sında keçiriləcək Konstitusiyaya əlavə və dəyikliklərlə bağlı ümumxalq səsverməsi də bu islahatların davamı kimi qəbul edilir. "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı İmamverdi İsmayılov bildirib ki, Azərbaycan üçün beynəlxalq səviyyədə də etiraf olunan həqiqət budur ki, bu günümüz dünənimizdən daha möhtəşəm uğurlarla yadda qalır və sabaha böyük ümidlərlə baxmağa əsas yaradır. Ötən 25 ilin ümumi təhlilini versək, bu önəmli hadisələrin miqyasının hansı şəkildə olduğunu təsəvvür etmək çətin deyil. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan dövlətlər, xalqlar arasında dostluq, əməkdaşlıq körpüsü kimi xarakterizə olunur. Məhz ölkəmizin gerçəkləşdirdiyi layihələr, ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər bu körpünü möhkəmləndirməklə yanaşı, əhəmiyyətini artırır: "Bu gün hər bir yeniləşməni, təkmilləşməni zərurətə çevirən amil zamanın, dövrün tələbi olmaqla yanaşı, Azərbaycanın bu tələblərə yüksək səviyyədə cavab verərək islahatları təkmilləşdirməsi, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə xüsusi önəm verməsidir. Hər bir inkişafın təməlində dayanan iqtisadi tərəqqi fonunda digər sahələr üçün konkret Dövlət Proqramları qəbul olunur və icra edilir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, hər sahə üzrə konkret Dövlət Proqramlarının qəbulu və onların uğurlu icrası bugünkü uğurlarımızı şərtləndirir. Dövlət Proqramlarının icrası üçün maliyyə mexanizmi mövcuddur. Hər bir sənəddə onun icrası üçün nə qədər maliyyə vəsaitinin lazım olduğu öz əksini tapır. Azərbaycan günbəgün qüdrətlənərək, yeniləşərək islahatçı ölkə kimi mövqeyini möhkəmləndirir. Son 13 ilin uğurları həmçinin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirildiyini nümayiş etdirir. Dövlət başçısı İlham Əliyev qeyri-neft sektoru sahəsinə investisiyaların cəlbi üçün təbliğat işinin zəruriliyini hər çıxışında diqqətə çatdırır. Bu sahədə mövcud imkanlar barədə xarici iş adamlarının məlumatlandırılması vacib məqam kimi önə çəkilir. İnfrastruktur və investisiya layihələrinin müxtəlif sahələri əhatə etməsi, qeyri-neft sektorunun inkişafı ilə bağlı hədəfələrin gerçəkləşdirilməsi 13 ildə görülən işlərin, əldə olunan nəticələrin nümayişidir. Qeyri-neft sənayesinin sürətlə artması, Azərbaycanda sənayeləşmə prosesinin davam etməsi, iqtisadi zonaların yaradılması bölgələrin inkişafını daha da sürətləndirir. "Azərbaycanda ictimai- siyasi sabitlik qorunur, təmin edilir" söyləyən Prezident İlham Əliyev xarici investorların qoyacaqları vəsaitlərin təhlükəsizliyinə tam əmin olduqlarını bildirir. Bu gün Azərbaycanın beynəlxalq aləmdə sabitlik, inkişaf məkanı kimi tanınması. Mövqeyini möhkəmləndirməsi investisiya cəlbediciliyini qorumasında əsas rol oynayan amillərdəndir. Son 20 ildə ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 200 milyard dollardır. Statistik rəqəmlərin müqayisəli şəkildə təhlili də arxada qalan illərdə uğurların inkişaf səviyyəsini təsdiqləyir. Azərbaycanda yoxsulluq həddinin 49 faizdən 5 faizə enməsi, işsizliyin də eyni rəqəmlə ifadə olunması uğurlu sosial-iqtisadi islahatların nəticəsidir. Azad iqtisadiyyatın əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı prioritet istiqamətlərdəndir. Özəl sektorun inkişafının daha da sürtələndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər iş adamlarının sərbəst fəaliyyəti, şəffaflığın təminatı üçün əlverişli, münbit şərait yaratmışdır. Belə ki, sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılmış, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-ə endirilmiş, dövlət rüsumunun məbləği paytaxtda 2, regionlarda isə 4 dəfə azaldılımışdır. Lisenziyaların "ASAN xidmət" mərkəzlərində verilməsi ilə iş adamlarını narahat edən süründürməçilik halları aradan qaldırılmışdır. Dünyanın aparıcı kredit agentliklərinin Azərbaycanın reytinqlərini artırması, Davos Dünya İqtisadi Forumunun ölkəmizi iqtisadi sahədə rəqabətqabiliyyətliliyinə görə 40-ci yerə layiq görməsi, inflyasiyasiyanın da çox aşağı səviyyədə olması aparılan siyasətin uğurlu nəticələrini ehtiva edir". Onun sözlərinə görə, Azərbaycanın enerji sektorundakı yenilikləri də iqtisadi uğurların məntiqi nəticələrindəndir. "Cənub" qaz dəhlizi Azərbaycan üçün əlavə siyasi, iqtisadi, maliyyə imkanlar yaradacaq. Prezident İlham Əliyevin bildirdiyi kimi "Şahdəniz", Cənubi Qafqaz Kəməri, TANAP, TAP kimi dörd layihədən ibarət olan "Cənub" qaz dəhlizi ölkəmizə əlavə mənfəət gətirməklə dayanıqlı inkişafımızı təmin edəcək. Eyni sözləri Azərbaycanın iştirakı və maliyyə dəstəyi ilə inşa olunan nəqliyyat infrastrukturu barədə də söyləmək olar: "Bir sözlə, Azərbaycan dünya miqyasında seçilmiş, müstəqil siyasət aparan, iqtisadi müstəqilliyini təmin edən ölkədir. Dünyaya inteqrasiya siyasətini uğurla həyata keçirən ölkəmiz ən qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsinə və tətbiqinə maraq göstərir. Qəbul olunan qanunların dəyişməz hesab olunmaması, Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi də bu istəkdən irəli gəlir. Yenə də məqsəd hərtərəfli inkişafı daha da sürətləndirməkdir. Təbii ki, bu gün üçün qəbul olunan qanun bu günün tələblərinə cavab verir. Amma illər keçdikcə ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında baş verən yeniliklər bu qanunlara yenidən baxılmasını tələb edir. Milli Konstitusiyamızın qəbulundan ötən 21 ildə iki dəfə sənədə əlavə və dəyişikliklərin edilməsi də bu yeniliklərin öz əksini tapması istəyimizdən irəli gəlir. Sentyabarın 26-sında keçiriləcək ümumxalq səsverməsində Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklər də bu istəyimizin davamıdır". Onun sözlərinə görə, Konstitusiya əlavə və dəyişikliklərdə vitse-prezidentlik institutunun yaradılması, prezidentliyə, deputatlığa namizədlərin yaş həddinin aşağı salınması strtuktur islahatların həyata keçirilməsinin zəruriliyini otaya qoyur: "Vitse-prezidentlik institutu konstitusion sistemimizdə yeni institutdur. Məqsəd ölkənin inkişafına xidmət edəcək idarəçilik sistemini təmin etməkdir. Təkliflərdə vitse-prezidentin səlahiyyətlərinin nədən ibarət olacağı ilə bağlı məsələlər əksini tapmayıb. Azərbaycan xalqı bu kimi əlavə və dəyişikliklərin mahiyyətini daha dərindən dərk edərək, ölkəmizin daha da yeniləşməsinə, idarəçilik sisteminin təkmilləşdirilməsinə, iqtisadi yüksəlişə, yüksək rifaha, insan hüquqlarının daha etibarlı təminatına dəstək olacaqlar. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdə bu günün əsas çağırışı olan yoxsulluqla mübarizə sahəsində ölkəmizin uğurlarından, təcrübəsindən bəhs edərkən hər zaman bu fikir vurğulanır ki, yoxsul yox, yaxşı idarə olunmayan ölkələr var. İdarəçilik sisteminin düzgün qurulması təbii ki, kompleks tədbirlərin həyata keçirilməsini təmin edir".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31