Qarabağ münaqişəsi ətrafında gəzişmələr…
BMT Baş Assambleyası çərçivəsində Dağlıq Qarabağla bağlı görüş gözlənilir. Xatırladaq ki, bir müddət öncə Minsk qrupunun amerikalı həmsədri Jeyms Uorlik Rusiya Xarici İşlər naziri ilə münaqişənin həlli ilə bağlı müzakirələr aparıb. Müzakirələrin detalları incəliyinə qədər açıqlanmasa da məlum olan odur ki, görüşdə konkret olaraq heç bir razılaşmaya nail olunmayıb. Görünən isə odur ki, ABŞ və Rusiya Cənubi Qafqazda mövqelərini möhkəmlətmək məqsədilə Qarabağ müaqişəsinin həlli istiqamətində səylərini artırıblar. Belə halda, Dağlıq Qarabağla bağlı BMT-də aparılacaq müzakirələrdən nə gözləmək olar?
19 Sentyabr 2016 13:13 SiyasətProsesə BMT-nin müdaxiləsi nə vəd edir?
BMT Baş Assambleyası çərçivəsində Dağlıq Qarabağla bağlı görüş gözlənilir. Xatırladaq ki, bir müddət öncə Minsk qrupunun amerikalı həmsədri Jeyms Uorlik Rusiya Xarici İşlər naziri ilə münaqişənin həlli ilə bağlı müzakirələr aparıb. Müzakirələrin detalları incəliyinə qədər açıqlanmasa da məlum olan odur ki, görüşdə konkret olaraq heç bir razılaşmaya nail olunmayıb. Görünən isə odur ki, ABŞ və Rusiya Cənubi Qafqazda mövqelərini möhkəmlətmək məqsədilə Qarabağ müaqişəsinin həlli istiqamətində səylərini artırıblar. Belə halda, Dağlıq Qarabağla bağlı BMT-də aparılacaq müzakirələrdən nə gözləmək olar?
Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməyib: "ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllindəki mövqeyi dəyişməzdir. Biz ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyirik". Səfirin sözlərinə görə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllini vacib hesab edir: "Regionda sabitlik və sülhün təmin olunması üçün münaqişə tərəflərinin bir araya gəlməsi və bu istiqamətdə çalışmaları gərəkdi. ABŞ Azərbaycan hökuməti ilə bu istiqamətdə çalışır. ABŞ-ın Azərbaycanla hərbi sahədə əməkdaşlığı mövcuddur. Onu deyə bilərəm ki, bizim hərbi əməkdaşlığımız Azərbaycan Silahlı Qüvvələrini NATO qüvvələrinə uyğunlaşdırmaqdan ibarətdir". Səfir ABŞ-ın Azərbaycana iki ölkə arasında hərtərəfli geniş müzakirələrin keçirilməsini təklif etdiyini bildirib: "Buraya ticarət, iqtisadiyyat, insan haqları və digər sahələr daxildir. Eyni zamanda ABŞ-ın ticarət nümayəndə heyəti Azərbaycana gəlib və burada iqtisadi məsələlər müzakirə edilir". Rusiya prezidenti Vladimir Putin isə şəxsən Qarabağla məşğul olacağını bəyan edib. Son günlər Moskvanın hansısa sülh planı haqqında danışılır və "5+2 formatı" adlandırılan planda 5 rayonun qaytarılması əsas detal kimi qabardılır. Hansı ki, illər öncə prezidentlər İlham Əliyev, Dmitri Medvedyev və Serj Sarkisyan Kazanda görüşərək bununla bağlı əsas prinsipləri müzakirə ediblər. Görüş nizamlamanın əsas prinsipləri üzrə razılaşmaya nail olmadan başa çatıb. Reallıq isə ondan ibarətdir ki, Qarabağın işğal altında olan ərazilərində aparılmış son aprel əməliyyatları problemi ölü nöqtədən tərpətsə də, həlli ilə bağlı yanaşmanı açıq saxlayıb. Minsk Qrupu hərbi əməliyyatları pisləyir, Moskva isə çoxdan arxa plana atılmış Kazan prinsiplərini gündəmə gətirib. Eksperlər hesab edirlər ki, görüş zamanı əsas müzakirə mövzusu Ermənistan ilkin şərt qoymadan Dağılıq Qarabağ ətrafındakı 5 rayonları boşaltması olmalıdır. Ermənistan rayonları boşaltmağa hazırdır, ya yox? Əks halda BMT-də müzakirələrin əhəmiyyəti yoxdur və bunun imitasiya xatirinə müzakirələrdən biri olacağı şübhə doğurmur. Çünki ötən illərdə aparılan məhz bu cür görüşlər Dağlıq Qarabağ və ətraf rayonların işğal altında qalmasına, status-kvonun qorunmasına şərait yaradıb. Fakt odur ki, aprel hadisələri bir sıra maraqlı məqamları ortaya çıxarıb. Belə ki, Azərbaycanın müasir ordusu və silahları Moskvanı, Qərbi və Ermənistanı narahat edib. Prosesin gedişi göstərir ki, Rusiya Azərbaycanın hərbi gücünün artmasından narahatdır və buna qarşı alternativ layihələr üzərində düşünür. ABŞ-ın özü də problemin həll olunmasının vacibliyinə eyham vurur. Amerikalı politoloq, Qlobal Təhlükəsizlik Analizi İnstitutunun Energetika, təbii resurslar və geosiyasət mərkəzinin direktoru Ariel Koen bir müddət öncə bəyan etmişdi ki, Qarabağ münaqişəsinin həlli məsələsində dəyişikliyin vaxtıdır. Politoloq bildirib ki, Minsk prosesi hələ ki heç bir nəticə vermir: "Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artması və müharibə təhlükəsinin yeni səviyyəyə çatması heç də təəccüblü deyil". A.Koen Ermənistan Qarabağ münaqişəsindən ciddi zərər gördüyünü söyləyib. O qeyd edib ki, Ermənistanın 1 milyondan çox əhalisi ölkəni tərk edib, ölkədə yaşayış səviyyəsi minimuma enib: "Ermənistan vacib investisiya və iqtisadi imkanları əldən buraxıb, öz demokratiyasını təhdid altına salıb. Onun elitası biznesə köklənməyib". Nüfuzlu politoloqun sözlərinə görə, BMT qətnamələrinin də tələb etdiyi kimi, ermənilər sülh prosesi və nizamlanması çərçivəsində Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarmalı və Cənubi Qafqazda sülh bərqərar olmalıdır. Bütün hallarda Rusiyanın və Qərbin Dağlıq Qarabağla bağlı mövqeyi "sülhə məcburetmə" taktikasını xatırladır. Çünki masa üzərində münaqişənin konkret həll planı yoxdur. Belə bir şəraitdə müzakirələrin hansı istiqamətdə aparılacağı müəmmalı görünür. Üstəlik, görüşün keçirilməsi üçün tərəflərin mövqeyində fərqliliklər var. Cəbhə xəttində baş verən son gərginliklərdən sonra Azərbaycan tərəfi vəziyyəti real qiymətləndirir. Bakı Azərbaycanın ərazi bütövlüyünün konkret dəstəklənməsini istəyir. Azərbaycan Ermənistan ordusunun 7 rayondan dərhal çıxarılmasını tələb edir. Daha sonra Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələrin aparılmasını istəyir. Ermənistan tərəfi isə müzakirələrdən yayınmaq məqsədilə genişmiqyaslı müharibə ehtimalını ortaya atır. Erməni politoloq Aleksandr İsgəndəryan bildirib ki, hazırda bütün səylər Dağlıq Qarabağ konfliktinin nizamlanmasını siyasi axara keçirmək səylərindən ibarət olmalıdır: "Söhbət aprel eskalasiyasına kimi getmiş siyasi prosesin bərpasından gedir. Başqa, daha ciddi nəticələr gözləmək məncə, real yanaşma olmazdı. İndi maksimum ona nail olmaq mümkündür ki, Minsk Qrupu çərçivəsində danışıqlar bərpa edilsin və münaqişə tərəflərinin düşdüyü kifayət qədər kəskin situasiyadan çıxarılsın". Bu isə o deməkdir ki, Ermənistan tərəfi əvvəlcədən müzakirələrin nəticə verməyəcəyi qənaətindədir.
Nurlan