Konstitusiya dəyişiklikləri zərurətdən irəli gəlir
Azərbaycan daha bir mühüm siyasi hadisə ərəfəsindədir. Məlum olduğu kimi sentyabrın 26-da ölkə konstitusiyasına əlavə və dəyişikliklər məqsədilə ümumxalq səsverməsi keçiriləcək.
19 Sentyabr 2016 13:01 SiyasətBu ölkənin daha güclü olmasına, sürətli inkişafına, daha əhatəli islahatların həyata keçirilməsinə şərait yaradacaq
Azərbaycan daha bir mühüm siyasi hadisə ərəfəsindədir. Məlum olduğu kimi sentyabrın 26-da ölkə konstitusiyasına əlavə və dəyişikliklər məqsədilə ümumxalq səsverməsi keçiriləcək. Artıq bir neçə gündür ki, referendumla bağlı təbliğat-təşviqat prosesinə start verilib və həm paytaxt, həm də yerlərdə seçicilərlə müxtəlif grüşlər keçirilir. Keçirilən görüşlərdə vətəndaşların ortaya qoyduğu mövqe ondan ibarətdir ki, Azərbaycan xalqı konstitusiya dəyişikliklərini dəstəkləyəcək. Elə millət vəkili Sahibə Qafarova da bu qənaətdədir. Millət vəkili bildirib ki, referendum keçirilməsi üzrə çox aktiv bir fazaya qədəm qoyulub: "Əlbəttə, vətəndaşlarımız bu prosesə böyük maraq göstərirlər. Keçirilən görüşlərimizdə də bunu açıq şəkildə müşahidə etməkdəyik. Doğrudur, bəzi müxalifət partyiaları bu dəyişikliklərə qarşı çıxır, amma onların bununla bağlı ortaya heç bir arqument qoya bilməməsi, dəyişikliklərlə bağlı əsaslandırılmış mövqelərinin olmaması da göstərir ki, bu qüvvələrin yanaşması sadəcə qərəzlidir və heç bir məntiqə söykənmir. Mən əminəm ki, xalqımız bu qüvvələrin fikirlərini qəbul etmir və ölkəmizin daha da inkişafı, vətəndaşların həyat şəraitinin daha da yaxşılaşmasına xidmət edən bu dəyişikliklərə dəstək verir. Sentyabrın 26-da keçiriləcək referendumun nəticələrində biz bu dəstəyi daha aydın görəcəyik. Çünki təklif olunan dəyişikliklər ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatında aparılan islahatların nəticəsidir və bu islahatlar xalqımız tərəfindən daim dəstəklənib. Mən bir daha bütün vətəndaşlarımızı referendumda fəal iştirak etməyə və Konstitusiyaya təklif olunan bu dəyişikliklərə səs verməyə çağırıram". Dəyişiklikləri şərtləndirən amillərə gəlincə, millət vəkili deyib ki, Azərbaycan dövləti sürətlə inkişaf edir və son 12 ilin iqtisadi göstəriciləri kifayət qədər yüksəkdir: "Bu illər ərzində Azərbaycan iqtisadiyyatı dəfələrlə böyüyüb. Buna paralel olaraq, uğurlu sosial siyasət nəticəsində insanların da həyat şəraiti yüksəlib, yeni sosial şərtlər meydana çıxıb. Azərbaycanın beynəlxalq əlaqələri də kifayət qədər genişlənib, beynəlxalq təşkilatlarda təmsilçiliyi yüksəlib, ölkəmiz bir çox yeni beynəlxalq konvensiyalara qoşulub, beynəlxalq əməkdaşlıqla bağlı mühüm qərarlar qəbul olunub. Eyni zamanda, ölkə qanunvericiliyi də təkmilləşdirilir, yeni mütərəqqi qanunlar qəbul olunur. Azərbaycan bu gün sürətli islahatlar dövrünü yaşayır. Möhtərəm Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, 2016-cı il Azərbaycanda dərin islahatlar ili olmalıdır. Təbii ki, bu islahatlar bir çox sahələri əhatə edir. İqtisadi sahədə verilən qərarlar, aparılan islahatlar artıq öz nəticələrini verib və dünyada baş verən qlobal iqtisadi kataklizmlər fonunda belə Azərbaycan öz iqtisadi inkişaf dinamikasını qoruyub saxlaya bilib. Həmçinin, idarəetmənini təkmilləşdirilməsi, dövlət qurumlarının fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində ciddi institusional islahatlar həyata keçirilib. Digər tərəfdən, regionda və dünyada baş verən hadisələr hamımızın gözünün qabağındadır. Milli dövlətlərin təhlükəsizliyinə qarşı mövcud olan hədələr hər kəsi qabaqlayıcı tədbirlər görməyə sövq edir. Təbii ki, Azərbaycan dünyada cərəyan edən hadisələr fonunda öz sabitliyini, müstəqilliyini möhkəmləndirə bilib. Bununla belə, qeyd etdiyimiz kimi, yeni şəraitdə daha əhatəli tədbirlər görməyə ehtiyac yaranır. Ona görə də, biz bu gün Konstitusiyaya əlavə və dəyişikliklərdən danışarkən tam məsuliyyətimizlə bildiririk ki, bu dəyişikliklər zərurətdən irəli gəlir və ölkənin daha güclü olmasına, daha sürətli inkişafına, daha əhatəli islahatların həyata keçirilməsinə şərait yaradacaq". Sahibə Qafarovanın sözlərinə görə, təklif olunan dəyişikliklərdə bir çox məsələlər yer alıb ki, həmin dəyişikliklərdə idarətetmənin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, xüsusi mülkiyyət, sosial məsuliyyət və sosial ədalət, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı və digər məsələlər öz əksini tapıb: "Hesab edirəm ki, istənilən obyektiv və qərəzsiz yanaşmada bu dəyişikliklərin hər birinin nə qədər əhəmiyyətli olduğu meydana çıxır. İlk növbədə layihədə təhlükəsizlik məsələlərindən bəhs edilib. Qeyd edilib ki, 58-ci maddənin IV hissəsinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin: "Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır".
Konstitusiyaya belə bir dəyişiklik etmək zərurəti nədən irəli gəlir? Bilirik ki, hazırda regionda və dünyada olduqca mürəkkəb proseslər baş verir və bunlar milli dövlətlərin mövcudluğuna ciddi təhdidlər yaradır. Ən azından çox da uzaq olmayan keçmişdə bizi əhatə edən coğrafiyada baş verən hadisələrə nəzər yetirsək, dövlətlərin konstitusiton quruluşunu hədəf alan, müstəqilliklərinə qarşı yönəlmiş cəhdlərin nə qədər təhlükəli fəsadlar meydana gətirdiyini görərik. Ona görə də, Azərbaycan öz müstəqilliyini möhkəmləndirmək, təhlükəsizliyini təmin etmək üçün preventiv tədbirlər görmək və bunun hüquqi əsasını formalaşdırmaq üçün bu dəyişikliyin edilməsini məqsədəmüvafiq hesab edir və Referendum Aktının layihəsində təhlükəsizlik məsələlərinin yer alması milli dövlətimizin təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır.Yaxud digər bir dəyişiklikliyə nəzər salaq. Referendum Aktının layihəsində yer alan vacib məsələlərdən biri də mülkiyyətlə bağlıdır. Məlumdur ki, bəzi hallarda mülkiyyət sahiblərinin davranışları və fəaliyyəti Azərbaycanın sosial dövlət fəlsəfəsinə uyğun gəlmir. Bir çox hallarda mülkiyyətçilər və ya sahibkarlar sahib olduqları mülkiyyətdən səmərəli istifadə olunmasında maraqlı olmur. 29-cu maddədə "Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur" və "Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər"" kimi V və VI hissələr əlavə olunub. Bu, birbaşa dövlət maraqlarının daha güclü qorunmasına və iqtisadi inkişaf proseslərinin sürətləndirilməsinə xidmət edir ki, bu da fərdi olaraq hər bir vətəndaşın da maraqlarına cavab verir. Çünki ümummilli sərvət olan torpaqlardan səmərəli istifadə çox aktualdır. Hazırkı mərhələdə ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasına dair Dövlət proqramları həyata keçirilir və bu sahədə təhlükəsizliyin təmin edilməsi üçün torpaq ehtiyatları əsas baza rolunu oynayır. Bu səbəbdən torpaqlardan səmərəli istifadə edilməsi məsələsi müstəsna əhəmiyyət kəsb edir". Millət vəkili deyib ki, təklif olunan dəyişikliklər sırasında ən çox müzakirə olunan məsələlərdən biri birinci vitse-prezident və vitse-prezident vəzifələrinin təsis olunması ilə əlaqədardır. Onun sözlərinə görə, bu vəzifələrin təsis edilməsi
Azərbaycanın siyasi sistemində və idarəçilik praktikasına müsbət təsir göstərəcək: "Məlum olduğu kimi, Azərbaycan prezidentli respublikadır, bəzi hallarda bir-birini təkrar edən müəyyən idarəetmə strukturları var. Prezident üsul-idarə sisteminin mövcud olduğu bir sıra ölkələrdə ölkə prezidenti 7 il müddətinə seçilir və ali icraedici hakimiyyətin başçısı kimi özünə birinci vitse-prezident və vitse-prezidentlər təyin etmək hüququ var. Bu sistem idarəetmədə yeni çevik, effektiv keyfiyyət yaradır. Bir çox inkişaf etmiş dövlətlərin təcrübəsində də vitse-prezidentlik institutunun fəaliyyət göstərməsi uğurlu təsdiqini tapıb. Ona görə də vitse-prezidentlik institutunun yaradılması Azərbaycanda idarəetmə sahəsində yeni və olduqca vacib hadisədir. Layihədə əks olunmuş təklifə əsasən, Azərbaycan Respublikasının birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Eyni zamanda, layihədə Konstitusiyaya "Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir" məzmunlu cümlənin əlavə edilməsi də qeyd edilib. Beləliklə, Azərbaycanda yeni effektiv, optimal idarəetmə institutu yaradılacaq. Prezidentlik institutu daha da güclənəcək və idarəetmədə yeni operativ və effektiv mərhələ başlayacaq".
S.İsmayılbəyli