Milli Şuradan çıxarılan Sahib Kərimli: Açıqlamalarımı sonraya saxlamışam
Mən Milli Şuradan çıxarılmağım barədə qərara və mitinqlərə münasibətim barədə Facebook-da yazmışam. Ona görə də bu barədə əlavə nəsə demək istəmirəm. Bütün açıqlamalarımı refendumdan sonraya saxlamışam.
16 Sentyabr 2016 18:19 SiyasətMən Milli Şuradan çıxarılmağım barədə qərara və mitinqlərə münasibətim barədə Facebook-da yazmışam. Ona görə də bu barədə əlavə nəsə demək istəmirəm. Bütün açıqlamalarımı refendumdan sonraya saxlamışam.
Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrliyinə sabiq namizəd Sahib Kərimli deyib.
S.Kərimli qeyd edib ki, onun sözləri əlavə müzakirələrə səbəb olduğundan hələlik əlavə fikir bildirmək niyyətində deyil.
Xatırladaq ki, Sahib Kərimli isə öz Facebook səhifəsində məsələ ilə bağlı bunları yazıb: "Milli Şuradan çıxarılmağımla və bütövlükdə siyasi proseslərlə bağlı geniş dəyərləndirməmi, referendumdan sonraya saxlayıram. Eyforik dönəmdir, prosesin bir mərhələsi bitsin, ayılmalar olsun, soyuq başla müzakirələr edərik. Mitinqlərin daha kütləvi olması yönündə çalışmışam, cəmiyyət olaraq da maraqlarımıza uyğundur.
Haqqımda çıxarılan qərarın ruhu, siyasi həbslər üçün verilən qərarlardan heç nəylə fərqlənmir. Onun qədər antidemokratik, onun qədər hüquqazidd, onun qədər mərhəmətsiz, onun qədər qorxaq".

Onun sözlərinə görə, mitinqlərin kütləvi alınmaması üçün, hakimiyyət təbliğatına qoşulmaq ittihamı gülməlidir: "Ölkəmdə açılımların olması üçün, siyasət ölkəyə qayıtmalıdır. İmitasiyaya qayıtmamalıdır! Ondan bir üst mərhələyə adlaya bilib, dövlətin və cəmiyyətin potensialından istifadə etməliyik. Hələlik isə, tezdir. Dəyərli dostlarımın sonuncu eyforik dönəmini yola verməliyəm, duyğularına, istəklərinə hörmət etməliyəm. Referendumdan sonra geniş açıqlama verəcəm, ölkənin siyasi həyatının daha çox aydınlanması mümkün olacaq".
"Ona kimi isə, kirpi çəkənlərin çəkdiklərinə baxaq", - deyən AXCP-çi profilində bu karikaturanı paylaşıb.

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı bildirib ki, AXCP sədrliyinə sabiq namizəd Sahib Kərimli Milli Şuradan çıxarılıb. Qərar Milli Şuranın Koordinasiya Mərkəzinin sonuncu iclasında qəbul olunub.
G.Bayramlı deyib ki, S.Kərimli Milli Şuranın mitinqlərinin əleyhinə təbliğat apardığı üçün qurumdan uzaqlaşdırılıb. G.Bayramlı S.Kərimlinin AXCP-dən də uzaqlaşdırılacağını istisna etməyib: "Sahib Kərimli AXCP-nin Şəki rayon şöbəsinin üzvüdür. Şəki rayon şöbəsi Sahib Kərimlinin fəaliyyəti ilə bağlı bir neçə də narahatlığını ifadə edib. Sahib Kərimli ilə bağlı məsələyə Şəki rayon şöbəsində, yaxud Rəyasət Heyətində baxıla bilər".
Xatırladaq ki, S.Kərimli AXCP-nin sonuncu qurultayına qədər partiyanın Rəyasət Heyətinin üzvü olub.