Azərbaycan hakimiyyəti öz humanizmini göstərdi
İndi beynəlxalq təşkilatlar Dilqəm Əsgərovla Şahbaz Quliyevin azadlığa buraxılmasına səy göstərməlidirlər
11 Dekabr 2015 15:36 SiyasətAzərbaycan məhkəmələrindən biri humanist addım atıb. Bakı Apelyasiya Məhkəməsi "Sülh və Demokratiya İnstitutu" adlandırılan qurumun həbsdə olan rəhbəri Leyla Yunus və həyat yoldaşı Arif Yunus barəsində olan hökmdən verilən apelyasiya şikayətinə baxıb. Hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə L.Yunusun şərti azadlığa buraxılması barədə qərar qəbul edib. Beləliklə Leyla Yunus məhkəmə zalından azadlığa buraxılıb. İndi o, Leyla Yunus 5 illik şərti həbs cəzasını azadlıqda çəkəcək. Vəkil Elçin Sadıqov bildirib ki, məhkəmə qərarına əsasən, L.Yunusla bağlı ittihamdan CM-nin 320.1 (sənədlərin saxtalaşdırılması) maddəsi çıxarılıb. Qalan hissələrdə hökm dəyişdirilmədən saxlanılıb: "Təyin olunmuş cəza şərti hesab olunub. Leyla Yunusa və Arif Yunusa 5 il sınaq müddətinə şərti cəza təyin olunub". Artıq Bakı Apelyasiya Məhkəmənin qərarı ilə əlaqədar beynəlxalq qurumlardan, xüsusən də insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlardan xoş mesajlar daxil olmaqdadır. Bütün beynəlxalq insan hüquq müdafiəçiləri birmənalı olaraq qərarı müsbət addım kimi dəyərləndirilər. Bunu isə Azərbaycan məhkəməsinin atdığı humanitar addmla bərabər hakimiyyət bölgüsünün təntənəsi kimi də qiymətləndirmək mümkündür. Yəni, bu vaxta qədər L.Yunusun həbsi siyasi sifariş kimi qələmə verilirdisə, indi qəbul edilən qərar göstərdi ki, Azərbaycanda hər bir kəs törətdiyi əmələ görə cavabdehlik daşıyır. Daha dəqiq siyasi statusundan, cəmiyyətdəki mövqeyindən, dini və irqi mənsubiyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı qanun qarşısında bərabərdir. Hətta lazım gələndə məhkəmə hakimiyyəti törətdiyi əməlin dərəcəsindən asılı olmayaraq vətəndaşlara qanunun humanizm prinsipini də tətbiq edə bilir. Leyla Yunusun ittiham olunduğu madələrn ağırlığına diqqət yetirmək kifayətdir ki, məhkəmə tərəfindən atılan addım humanizm nümunəsi kimi qəul edilsin. Xatırladaq ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilirdi. Bu isə o deməkdir ki, Leyla Yunusun siyasi sifarişlə həbs olunduğunu iddia edənlər qanunun humanizm prinsipini də unutmamalıdırlar. Unutmamalıdırlar ki, bu addım beynəlxalq insan hüquqlarının təbiri ilə desək, "müsbәt vә xoş humanitar jestdir". Eyni zamanda, insan hüquqları baxımından da alqışlanası hadisədir.
Məlumat üçün qeyd edək ki, Leyla Yunusun azadlığa buraxılmasına qarşı çıxanlar da oldu. Məsələn, millət vəkili Sahib Alıyev bildirib ki, "Azərbaycan dəyərlərindən tam uzaq, ölkəsinin əleyhinə işləyən, hətta muzd qarşılığında düşmənlə əməkdaşlıq edəcək dərəcədə biridirsə, belə birisinin həbsdən buraxılmasına bu xalqın böyük əksəriyyətinin sevinəcəyini zənn etmirəm". Ancaq baxmayaraq ki, hər kəs qanun qarşısındı bərabərlik statusuna malikdir, yenə də milli mentaliteti əsasən azərbaycanlı bir qadının həbsxanada xəstəlikdən əziyət çəkməsi yaxşı hal deyil. Bütün sadalananlara baxmayaraq, Azərbaycanın məhkəmə hakimiyyəti Leyla Yunusu azadlığa buraxmaqla humanist bir addım atdı. İndi istərdik ki, vaxtilə L.Yunusun müdafiəsinə qalxan, Azərbaycan dövlətini müxtəlif bəhanələrlə ittiham edən beynəlxalq təşkilatlar Ermənistan hakimiyyətinin humaniist qərar qəbul etməsində yardımçı olsunlar. Daha dəqiq, erməni girovluğunda olan Dilqəm Əsgərovla Şahbaz Quliyevin də azadlığa buraxılması istiqamətində səylərini əsirgəməsinlər. Axı onlar L. Yunus kimi vətənə xəyanətdə deyil, öz doğma ata-babalarının qəbirlərini ziyarət etməkdə "ittiham olunurlar". Nəzərə almaq lazımdır ki, azadlığa hamıdan çox haqqı olan, buraxılmaları tələb olunası dustaqlar onlardır.
Alim