ABŞ Dövlət Departamenti: “Dağlıq Qarabağda zorakılıq hallarının artması qəbuledilməzdir”

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baş verən hadisələrdə ölən və xəsarət alanların ailələrinə başsağlığı veririk. Gün.Az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, zorakılıq hallarının artması və ağır texnikadan istifadə qəbuledilməzdir. ABŞ rəsmisi tərəfləri ciddi şəkildə atəşkəs rejiminə riayət etməyə çağırıb. O xatırladıb ki, vəziyyətin gərginləşməsi Ermənistan və Azərbaycan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi ilə bağlı öhdəliklərinə uyğun deyil:"Bu ilin sonuna kimi ATƏT-in Minsk qrupu həmsədrləri prezidentlər arasında növbəti görüşü təşkil edəcəklər. Biz tərəfləri zorakılıqdan yayınmaq və danışıqlar atmosferini yaxşılaşdırmaq üçün bütün addımları atmağa çağırırıq". Rusiya-Türkiyə arasındakı münasibətlərin Ermənistan və Azərbaycan arasında gərginliyə səbəb ola biləcəyinə dair sualın cavabında Kirbi deyib: "Biz mənbəyindən asılı olmayaraq gərginliyin özündən narahatıq. Hər iki halda gərginliyin aradan qaldırılmasının tərəfdarıyıq. Təbii ki,  gərginlikdən narahatıq və xüsusilə də iki həftə bundan əvvəl  təyyarənin vurulması ilə əlaqədar Rusiya- Türkiyə arasında münasibətləri monitorinq edib, izləyəcəyik. Biz gərginliyin aradan qaldırılmasını istəyirik". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00