Regionda gərginliyin artmasını, münaqişələrin alovlanmasını istəyən qüvvələr var

Mütəllim Rəhimli: “Hadisələrin inkişaf dinamikasına adekvat olaraq ola bilsin ki, Azərbaycanla Ermənistan arasında müharibənin başlaması da maraqlı qüvvələrin planına daxil olsun”

Son günlər cəbhə xəttində vəziyyət yenidən gərginləşib. Ermənistan Silahlı Qüvvələrinin cəbhə boyu müxtəlif istiqamətlərdən atəşkəs rejimini intensiv şəkildə pozması, bir neçə təxribat xarakterli hərəkətlərə əl atması genişmiqyaslı qarşıdurma riskini artırıb. Bəs görəsən belə bir təhlükə gözləniləndirmi? Ümumiyyətlə, erməni təxribatlarının Azərbaycan-Ermənistan prezidentlərinin yaxın vaxtlarda nəzərdə tutulan Paris görüşü ərəfəsində baş verməsi nəyə hesablanıb? Yaxud cəbhədə müşahidə edilən gərginlik prezidentlərin görüşünün təxirə salınmasına səbəb ola bilərmi? Bu və ya digər suallarla bağlı Ədalət Partiyasının sədr müavini, beynəlxalq münasibətlər üzrə təhlilçi Mütəllim Rəhimli ilə söhbətləşdik.
-Mütəllim bəy, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ərəfəsində ermənilərin cəbhədə atəşkəsi ciddi şəkildə pozmasını necə dəyərləndirirsiniz və bu nəyə hesablanıb?
- Ermənistan və Azərbaycan arasında atəşkəsin pozulmasının intensivləşməsi yeni hadisə deyil. Artıq bir ilə yaxındır ki, hər gün dəfələrlə atəşkəs pozulur, hər iki tərəfdən ölənlərin sayı da artıb. Müqayisədə Ermənistanın daha çox itki verdiyini də söyləyə bilərik. Cəbhədə situasiyanın ağırlaşmasını bir neçə amillə bağlamaq mümkündür. Əvvəla regionda vəziyyət getdikcə mürəkkəbləşir və Azərbaycan-Ermənistan arasında münasibətlər də bunun təsiri nəticəsində gərginləşməkdədir. Digər tərəfdən, regionda Qarabağ problemini dondurulmuş münaqişə kimi saxlayaraq bölgəyə təsir rıçaqlarını saxlayan qüvvələr hazırda taktiki gedişlərini dəyişə də bilərlər. Görünən odur ki, bizim regionda, həmçinin Yaxın və Orta Şərqdə gərginliyin artmasını, münaqişələrin alovlanmasını istəyən qüvvələr var. Hadisələrin inkişaf dinamikasına adekvat olaraq ola bilsin ki, Azərbaycanla Ermənistan arasında müharibənin başlaması da maraqlı qüvvələrin planına daxil olsun. Ona görə də hazırda bu qədər gərginliyin fonunda biz iri dövlətlərin və beynəlxalq təşkilatların "təmkinli" münasibətini müşahidə edirik. Əvvəllər isə atəşkəsin pozulması halları əvvəlki günlə müqayisədə artanda çoxsaylı bəyanatların şahidi olurduq.
-Mümükündürmü ki, yaranmış vəziyyət dövlət başçılarının görüşünü təxirə salsın?
-Düşünmürəm ki, yaxın 1-2 ayda cəbhədə vəziyyət o qədər mürəkkəbləşsin ki, bu prezidentlərin görüşünə mane olsun. Ümumiyyətlə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün baş tutmaması yalnız iki halda mümkün ola bilər. Birincisi, ATƏT-in Minsk Qrupunun həmsədrləri bunu istəməsinlər. Bu isə o deməkdir ki, regionun idarəedilməsində maraqlı olan güclər iki ölkə arasında gərginliyin artmasında və hətta müharibənin başlamasında maraqlıdırlar. Deməli, burada hansısa uzaq məqsədlər güdülür. Azərbaycan tərəfi heç bir halda bunu nəzərdən qaçırmamalı, Dağlıq Qarabağ problem üzərində bölgəyə can atmağa çalışan qüvvələrə əsas verməməyə çalışmalıdır. Çünki bu problemin daha da mürəkkəbləşməsinə xidmət etmiş olar. İkincisi, iki ölkə arasında müharibə başlaya bilər ki, bu da görüşün baş tutmasına imkan verməz.
-Türkiyə-Rusiya gərginliyi fonunda Cənubi Qafqazdakı vəziyyəti necə dəyərləndirirsiniz və regiona nə vəd edir?
- Bu hazırda olduqca mürəkkəb məsələdir və çox təəssüf ki, problemə münasibətdə kütlə psixologiyasının əlamətləri müşahidə edilməkdədir. Ona görə də cəmiyyətdə bir çox hallarda ağıllı fikirlər "xəyanət", "təxribat" kimi qəbul olunur və onu səsləndirənlərə "düşmən" kimi baxılır. Siyasət isə bunu sevmir və belə yanaşma heç bir ölkəyə və cəmiyyətə fayda verə bilməz. Problem varsa onun həlli yolu axtarılmalıdır. Heç bir halda millətin və dövlətin taleyi kimlərinsə şəxsi "kapriz"lərinə tabe etdirilməməlidir. Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi nəinki Cənubi Qafqazda, daha geniş regionda vəziyyətin mürəkkəbləşməsinə şərait yaradacaq. Proseslərin gərginləşən xətt üzrə inkişafı Qafqaz ölkələrinin xarici siyasətlərinin kəskin fərqliliyini ortaya qoyacaq. Bu da onlar arasındakı münasibətlərin gərginləşməsinə gətirib çıxaracaq. Hətta regionda müvəqqəti olaraq dondurulmuş münaqişələr alovlana, etnik münaqişələr baş qaldıra bilər.
-2015-ci il Azərbaycanın xarici siyasəti və ümumilikdə beynəlxalq münasibətlər sistemində daha çox müsbət yoxsa mənfi tərəfləri ilə yadda qaldı?
- Yola salmağa hazırlaşdığımız 2015-ci ildə Azərbaycanın xarici siyasətində ümumi şəkildə götürsək, mürəkkəb situasiyalarda operativ və doğru qərar qəbul edildiyini, ölkəmizin qarşı duran beynəlxalq güclərin məngənəsindən uzaq tutulduğunu söyləmək olar. Bu xarici siyasət strategiyasının düzgünlüyü, taktiki
addımların uğuru kimi qiymətləndirilə bilər. Ən təqdir ediləsi məqam odur ki, Respublikamız üzərində statusundan asılı olmayaraq hər hansı qüvvənin diqtə etməsinə yol verilməyib. Beynəlxalq münasibətlər milli iradəyə və milli maraqlara söykənərək öz ifadəsini tapıb.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00