Politoloq: “Toplanmış faktlar Eldar Mahmudovun həbsinə tam əsas verir” - cinayətkar dəstənin əməllərinin yeni təfərrüatları
10 Dekabr 2015 09:43 SiyasətNardaranda hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat, ardınca "Günəşli" yatağında 10 saylı platformada baş verən qəza ətrafında müzakirələr bir anlıq MTN-nin keçmiş rəhbəri Eldar Mahmudov və onun dəstəsi haqqında ictimai marağın azaltması görüntüsü yaratsa da, əslində bu mövzu aktual olaraq qalır.
Demək olar ki, hər gün mediada bu cinayətkar dəstənin törətdiyi yeni əməlllər ortaya çıxır və təhlükəsizliyə cavabdeh olan şəxslərin əslində millət və dövlət üçün hansı təhlükə yaratdıqları aydın olur.
Politoloq Qabil Hüseynli də bu fikirdədir ki, "MTN işi" son hadisələr fonunda arxa plana keçməyib.
Onun fikrincə, Eldar Mahmudov başda olmaqla, Milli Təhlükəszilik Nazirliyinin (MTN) sabiq rəhbərliyinin törətdiyi irimiqyaslı cinayətlərin ifşası davam edəcək və buna uyğun cəzalandırmalar olacaq:
"Doğrudur, son bir həftə - on gün ərzində ölkədə bir neçə cidddi hadisə baş verdi və ictimai diqqət həmin olaylara yönəldi.
Amma hesab edirəm ki, hazırda Azərbaycan gündəminin əsas mövzusu məhz "MTN işi"dir və onun bu hadisələrin kölgəsində qalması haqda fikirlərlə razılaşmağa əsas yoxdur", - Q.Hüseynli deyib.
"Yeni Müsavat" qəzeti bugünkü sayında da mövzuya toxunaraq yazır ki, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun tutduğu postdan qovulması illərlə gizlin qalan əməllərin üzərinə işiq salınıb.
Konkret olaraq yazıda adam oğurluğuna görə həbs edilən Loğman Abdullayevin Akif Çovdarovun tabeliyində çalışdığı bildirilib.
"Bu ilin iyul ayında DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməliyyatı nəticəsində MTN-in adından dələduzluq edən dəstənin yaxalanması barədə məlumat yayılıb. Həmin məlumatda deyilirdi ki, Bakı sakini olan vətəndaş DİN-ə müraciət edərək bildirib ki, özlərini MTN-in əməkdaşları kimi təqdim edən şəxslər onun 3 milyon 400 min ABŞ dolları məbləğində pulunu ələ keçirib.
Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində dəstənin üzvləri Loğman Abdullayev, Elnur Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev və Fərhad Tağıyev həbs edilib. İstiqlal.az-a bu məsələ ilə bağlı ilginc məlumat daxil olub. Məlumatda deyilir ki, dəstənin üzvü Loğman Abdullayev həqiqətən də MTN əməkdaşı olub və bu dəstə adıçəkilən nazirliyin nəzarəti altında fəaliyyət göstərib.
İddialara görə, Loğman Abdullayev həbs edilən MTN generalı Akif Çovdarovun tabeliyində olan şəxs olub. Dəstənin hədəfinə gələn şəxs pulu alınandan sonra Rusiyaya gedib. Bu ölkənin siyasi dairələrindəki tanışları vasitəsilə məsələni Vladimir Putinə çatdırıb.
Məhz bundan sonra DİN-ə dəstəni zərərsizləşdirmək barədə göstəriş verilib. Polisin peşəkarlığı nəticəsində dəstə dərhal zərərsizləşdirilib.
Eyni zamanda, məsələ bütün çılpaqlığı ilə "yuxarılar"a məruzə edilib.
Həmin vaxt Akif Çovdarov Loğman Abdullayevin həbsinə mane olmağa çalışsa da, bu mümkün olmayıb.
MTN-in həbsdə olan generalı Cinayət Məcəlləsinin 9 maddəsi ilə ittiham edilir", - qəzet yazır.
Bu arada MTN Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin (TİCQMBİ) sabiq rəisi, general-mayor Sübahir Qurbanova qarşı irəli sürülən ittihamlar məlum olması haqqında xəbərlər var.
"Report"un əldə etdiyi məlumatına görə, rəsmi ittihama əsasən, S.Qurbanov MTN-in TİCQMBİ-nə rəis təyin edildikdən sonra cinayətkar dəstə yaradıb. Onun rəhbərlik etdiyi dəstə vəzifəli şəxsləri, iş adamlarını, müxtəlif peşə sahiblərini adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə ilə hədələyib, onlara qarşı zor tətbiq edib.
İttihama əsasən, S.Qurbanovun rəhbərlik etdiyi dəstənin əsas fəaliyyət istiqaməti bundan ibarət olub. Bütün bunlara görə, barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilən general-mayor S.Qurbanova qarşı Cinayət Məcəlləsinin 9 maddəsi ilə cinayət işi açılıb.
O, Cinayət Məcəlləsinin 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 182.3.1-ci (Hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 182.3.2-ci (Hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 302.2-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma, bu Məcəllənin 309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), maddələri ilə ittiham olunur.
Mövzu haqqında danışan Qabil Hüseynli bildirir ki, "MTN işi" deyilən proses çərçivəsində araşdırmalar və həbslər davam etdirilir, yeni təfərrüatlar üzə çıxır.
"Ümumiyyətlə, Eldar Mahmudovun özünün və dəstəsinin törətdiyi əməllərə görə məsuliyyətdən kənar qalmaları istisnadır. Bu hal milli təhlükəsizlik üçün böyük təhdid olardı.
Prezident İlham Əliyevin bununla bağlı qətiyyəti də göstərir ki, o bu məsələdə yetərli siyasi iradəyə malikdir.
Eldar Mahmudovun özünə gəldikdə isə onun həbs olunması zaman məsələsidir. Yəni "MTN işi" ilə əlaqədar toplanmış faktlar Eldar Mahmudovun həbsinə tam əsas verir və bunun şahidi olacağıq", - Q.Hüseynli deyib.
Qeyd edək ki, noyabrın 25-də Baş Prokurorluğun yaydığı məlumatda MTN-in 21 sabiq əməkdaşının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyi bildirilib.
19 şəxs barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs-qətimkan tədbiri seçilməklə axtarış elan edilib. MTN əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərər çəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib.