Xaricdə dini təhsilə yasaq qoyulur

Azərbaycanda ödənişsiz ali dini təhsil qurumu yaradılır

Milli Məclisdə "Dini ekstremizmin qarşısının alınması haqqında" qanunun qəbulu ilə əlaqədar olaraq daha 4 qanunda dəyişiklik edilib. Bunlar "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında","Dini etiqad azadlığı haqqında", "Polis haqqında", Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunlardır. Ancaq sözügedən qanunlarda edilən dəyişikliklər millət vəkilləri tərəfindən birmənalı qarşılanmayıb. Xüsusən, "Dini etiqad azadlığı" haqqında qanuna edilən iki düzəliş müzakirə predmetinə çevrilib. Qanunvericilikdə dəyişiklikləri şərh edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, "Dini etiqad azadlığı" haqqında qanuna edilən iki dəyişiklikdən biri xaricdə dini təhsil almağı tamamilə yasaqlayır: "Yəni xaricdə dini təhsil alanlar bundan sonra Azərbaycanda heç bir vaxt məscidlərdə hər hansı bir formada xütbə və moizə verilməsində iştirak edə bilməz və məsciddə rəhbər vəzifə tuta bilməz. Bu cür təhsil almış şəxslər təbii ki, başqa sahələrdə çalışa bilərlər. Burada kimsə onlara hər hansı bir formada maneəçilik törətməyəcək. Azərbaycanda dini təhsil verən mədrəsələrimiz (o cümlədən Bakı İslam Universiteti) var. Bakı İslam Universitetinin bazasında ödənişsiz ali dini təhsil verən bir qurumun yaradılması üzərində düşünülür. Biz bu barədə təklif vermişik. Bundan sonra Azərbaycanda ali və orta dini təhsil yalnız ölkəmizdə veriləcək. Beləcə yalnız Azərbaycanda təhsil alan şəxslər məscidlərdə çalışmaq səlahiyyəti əldə edəcəklər". Komitə sədri bildirib ki, Azərbaycanda artıq milli dini kadrların hazırlanması istiqamətində əsaslı dəyişiklik etməliyik. Xaricə axının qarşısını almaq üçün ölkəmizdə dini təhsil mütləq pulsuz olmalı və dövlət bu sahəni himayəyə götürməlidir. Komitə sədrinin sözlərinə görə, dini təhsil məsələsi qısa zaman ərzində həll olunan məsələ deyil və burada iki nüans nəzərə alınmalıdır: "Birincisi, orta məktəblərdə dini biliklərin tədris olunması məsələsidir. Azərbaycanda orta məktəblərdə hazırda "Həyat bilgisi" adlı fənn tədris olunur. Həmin fənn çərçivəsində dinlər haqqında müəyyən məlumat verilir. Bizim Təhsil Nazirliyinin mütəxəssisləri ilə söhbətlərimiz zamanı belə belə bir ümumi nəticə hasil olub ki, "Həyat bilgisi" dərsliyində bu proqram bir az da genişləndirilsin və daha geniş bilgi verilsin. Başqa bir ideya da var. Ola bilsin ki, orta məktəblərdə, xüsusilə yuxarı sinif şagirdləri üçün məsələn, "Dünya dinləri" fənni tədris olunsun. Bu ad şərtidir və fənnin adı "Dünya dinləri və mədəniyyət", "Din və mədəniyyət", "Din və cəmiyyət" və s. də ola bilər. Fənn 6 ay və ya 1 il ərzində fənn və ya kurs kimi tədris oluna bilər. Burada söhbət yalnız İslamın tədrisindən getmir. İstəyirik ki, yuxarı sinif şagirdləri İslam, xristianlıq, iudaizm, bütpərəstlik və s. haqqında, o cümlədən hər bir dindəki radikal qruplar, cərəyanlar, onları yaradan səbəblər, nəticələri və fəsadları barədə ətraflı bilgi əldə etsinlər. Bunlar din haqqında olmaqla yanaşı, həm də dünyəvi və şagirdlərə həyatları boyu lazım ola biləcək bilgilərdir". M.Qurbanlı qeyd edib ki, əslində bu yeni mövzu deyil və əvvəllər də müzakirə olunub: "Müstəqilliyimizin ilk illərində bu mövzuda söhbətlər, müzakirələr aparılıb. Ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində də, ondan sonra da bununla bağlı söhbətlər olub. Amma bu, Dövlət Komitəsinin səlahiyyətləri çərçivəsində həll olunası məsələ deyil. Bunu mütəxəssislər həll etməlidir. Təhsil Nazirliyində də bununla bağlı fikir mübadilələri aparılır". DQİDK sədrinin fikrincə, ikinci əsas məsələ, ümumi dini təhsil və dini kadrların hazırlanmasıdır: "Bu, çox ciddi bir məsələdir. Azərbaycandan kənarda, xarici ölkələrdə dini təhsil almış və hazırda da alan vətəndaşlarımız, gənclərimiz var. Amma qanunla onlar Azərbaycana qayıtdıqda məscidlərdə, dinlə bağlı yerlərdə çalışa, dini ayin və mərasimlərin icrasına rəhbərlik edə bilməzlər. Çünki din yalnız mənəviyyat deyil, eyni zamanda insanları bir araya gətirən idelolji sahədir. Ona görə də hər ölkə özünü qoruyur və başqa ölkələrdə dini təhsil almış din xadimlərinin, eyni zamanda, əcnəbilərin gəlib məscidlərdə və digər yerlərdə ayinlər icra etməsinə imkan vermir. Azərbaycan da buna imkan vermir və bu doğru yoldur. Azərbaycanda dini ayinləri yalnız ölkə daxilində dini təhsil almış şəxslər apara bilər. Ona görə də dini təhsil, din üzrə kadrların hazırlığı məsələsində müəyyən ciddi addımların atılmasına ehtiyac var. Biz ilk növbədə milli dini kadrların hazırlanması sahəsində əsaslı dəyişiklik etməliyik". M.Qurbanlı qeyd edib ki, Azərbaycanda Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsi, Bakı İslam Universiteti və mədrəsələr var. Son illərdə Bakı İslam Universiteti Azərbaycanda din üzrə kadr hazırlığında xeyli irəliləyişə nail olub və hazırda çalışan din xadimlərinin əksəriyyəti də bu universitetin məzunlarıdır. Burada hazırlanan kadrlara heç kimin şübhəsi və iradı yoxdur. BDU-nun İlahiyyat fakültəsi də xüsusilə dinşünaslıq üzrə səviyyəli mütəxəssislərin hazırlanmasında xeyli uğurlar əldə edib. DQİDK-da çalışan kadrların böyük əksəriyyəti, eləcə də Milli Elmlər Akademiyasında, o cümlədən ayrı-ayrı təhsil ocaqlarında dinşünaslıq üzrə fəaliyyət göstərən şəxslər də məhz bu fakültənin yetirmələridir. DQİDK sədri hesab edir ki, burada ciddi bir nüans var. Bu da ondan ibarətdir ki, Bakı İslam Universitetində təhsil ödənişlidir: "Bu isə müəyyən problemlər yaradır. Azərbaycandan İranda, Türkiyədə, ərəb ölkələrində və digər yerlərdə təhsil alanlar var. Məsələ ondadır ki, ətrafımızdakı ölkələrdə dini təhsil pulsuzdur. Ona görə də pulsuz dini təhsil almaq üçün ölkədən kənara axın var. Biz bu axının qarşısını almaq üçün mütləq ölkəmizdə din üzrə kadr hazırlığını pulsuz etməliyik və dövlət bunu himayəyə götürməlidir. Azərbaycanda din dövlətdən ayrıdır. Ona görə də dini təhsilin dövlət tərəfindən himayəyə götürülməsi dedikdə, söhbət dövlət büdcəsindən vəsait ayrılmasından getmir. Bu məsələni büdcədən olmasa da, müxtəlif qrantlar ayırmaqla və ya fond yaradıb onun vasitəsilə həll edə bilərik. Amma mütləq bu sahədə təhsilin pulsuz olmasına nail olmalıyıq və din üzrə hazırlanan kadrlarımız pulsuz təhsil almaq imkanı əldə etməlidirlər. Bu şəxslər mütləq milli kadrlar olmalıdır. Bu, gələcəyə yönəlik proqram olmalıdır. Bu yolla ideoloji olaraq bizə yad, radikal məzhəb və ya təriqətlərin ölkəmizə müdaxilə etməsinin qarşısını almış olarıq". Millət vəkili Fazil Mustafa bildirib ki, məsciddə cahil mollanın moizə aparmasındansa, xaricdə təhsil almış, dövlətinə bağlı olan bir şəxsin moizəsi daha faydalı olur: "O başqa ölkəyə işləmir ki, öz ölkəmizin vətəndaşıdır. Dövlətə sadiq insandır. Bunu qadağan etmək İslam haqqında doğru müzakirələrin qısırlanmasına gətirib çıxaracaq". Millət vəkili həmçinin qanunvericilikdə dini atributların dəqiqləşdirilməsini vacib sayıb. Fikrini onunla əsaslandırıb ki, İslam dinində atributlar dedikdə, məscid nəzərdə tutulur: "Atributların qanunda qeyd olunmasının heç bir əsası yoxdur". Millət vəkili Qənirə Paşayeva qeyd edib ki, dini ayinlər ölkə vətəndaşları tərəfindən icra edilməlidir: "Hesab edirəm ki, dinə aid ayin və mərasimlərin aparılması Azərbaycan vətəndaşları tərəfindən həyata keçirilməlidir: "İslamla yanaşı digər dinlərlə bağlı da dini ibadət yerlərində ayin və mərasimlərin aparılması yalnız Azərbaycan vətəndaşları tərəfindən həyata keçirilməsi daha doğru olardı". Millət vəkili əlavə edib ki, dində vahid İslam və ya İslam dini bayrağı anlayışı yoxdur: "Hərə İslam bayrağı adı ilə müxtəlif bayraqları dini ibadət yerlərindən, dini mərasimlərin, tədbirlərin keçirildiyi yerlərdə asırlar, dalğalandırırlar. Bizim dövlət bayrağımızda bizim müsəlman ölkəsi olmamız, İslam dini yaşıl rənglə özünün əksini tapıb. Ona görə də dini ibadət yerlərində, dini mərasimlərin keçirildiyi yerlərdə də dövlət bayrağımız asılmalıdır, başqa bayraqlar deyil". Deputat, MM-in İctimai birliklər və dini qurumlar üzrə komitənin sədri Siyavuş Novruzov bildirib ki, Azərbaycanda dövlət- din münasibətləri ən yüksək səviyyədə qurulub və inkişaf edir, bu münasibətlərdə heç bir problem yoxdur: "Aydın məsələdir ki, bəzi adamlar din pərdəsi altında başqa məqsədlərə xidmət edirlər. Onlar Azərbaycanda terror aktı həyata keçirmək istəyirlər. Azərbaycanın dövlət quruluşunu dəyişməyə cəhd edirlər. İslam dini terroru qadağan edir. Bizim dinimizlə terrorun heç bir bağlılığı yoxdur. Bu müqəddəs kitabımızda, peyğəmbərimizin tövsiyələrində birbaşa göstərilir. Onların bu addımları İslama ləkə gətirməkdən başqa bir şey deyil". S.Novruzov qeyd edib ki, bu gün dünyada İslam dini ilə bağlı ən mötəbər tədbirlər məhz Azərbaycanda keçirilir: "Bu yaxınlarda ISESCO-nun növbəti iclası Bakıda keçirildi. İslam dünyasının tanınmış simaları ölkəmizə gəldilər, bu tədbirdə iştirak etdilər". Sonda onu da qeyd edək ki, sözügedən qanun indiyə qədər xaricdə dini təhsil alıb, sonra Azərbaycanda əlavə dini təhsil alanlara şamil olunmayacaq. Çünki qanunun geriyə qüvvəsi yoxdur. 

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00