Parlamentdən dini ekstremizmə qarşı qərar
Milli Məclis ciddi müzakirələr apardı
4 Dekabr 2015 17:52 SiyasətMilli Məclis dekabrın 4-də keçirilən iclasında "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanunu müzakirəyə çıxarıb. Qanun layihəsi barədə məlumat verən MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, sənədin məğzi dini ekstremizmlə mübarizə ilə bağlıdır: "Azərbaycanda dinin modeli bir çox ölkələrdən fərqlidir. Hesab edirəm ki, ən düzgün modeli bizim modelidir. Qafqaz Müsəlmanları İdarəsi və Dini Komitə bu işləri irəli aparır. Azərbaycanda məscidlər, ayrı-ayrı ziyarətgahlar təmir edilib. Heydər Əliyev Fondu tərəfindən Şamaxı məscidi təmir edilib və vətəndaşlara təqdim edilib. Biz görürük ki, digər ölkələrdə belə hal yoxdur. Lakin hər kəs görür ki, din dövlətdən ayrı olsa da, dövlət hər zaman dinin yanında olub. Bəzi hallarda isə din pərdəsi adı altında ayrı-ayrı ölkələr öz ideologiyasını ixrac etməyə çalışır. Görmüşük ki, vaxtı ilə demokratiya və insan hüququ adı altında hər bir dövlət öz ideologiyasını ixrac etsin. Son dövrlər ayrı-ayrı dini qruplar öz məkrli ideologiyasını, niyyətini ixrac etməyə çalışır. Dəyişikliklər də bu kimi halların qarşısını almağa xidmət edir. Bir çoxları əsaslandırmağa çalışır ki, bu dəyişikliklər Nardaran hadisələri ilə bağlıdır. Amma bu yanlış mövqedir. Bu zalda dəfələrlə bəyan edilib ki, ayrı-ayrı ölkələrə gedib vuruşurlar, təlimlər keçirirlər və ölkəmizə qayıdanda bunu tətbiq etməyə çalışırlar". Komitə sədri əlavə edib ki, Qanun 3 fəsildən və 15 maddədən ibarətdir. Burada söhbət radikal dini ekstremist qüvvələrin fəaliyyətinin qarşısının alınmasından gedir. Dəyişikliklərdə qanunsuz silahlı qruplaşmaların yaradılması, terror, xarici silahlı münaqişələrdə iştirak, Konstitusiya quruluşunun dəyişdirilməsi, ərazi bütövlüyünə təhdidlər kimi məsələlər var. Eləcə də dini ekstremizmi maliyyələşdirmə məsələsi əksini tapıb: "Bizdə bütün dinlər bərabərdir. Hansısa cərəyanın digər cərəyana qarşı mübarizəsi, insanları qızışdırması məqamlarına qarşı addımlar nəzərdə tutulur. Qanunun ikinci fəslində dini ekstremist qruplarına qarşı əməliyyatların aparılması nəzərdə tutulur. Qanuna görə, biz hüquq mühafizə orqanlarına icazə veririk ki, əməliyyatlar aparsın, axtarışlar həyata keçirsin. Biz burada əsasən qanunçuluğu nəzərdə tutmuşuq. Hər bir fəaliyyətdə qanun əsas olmalıdır, bütün tədbirlər qanun çərçivəsində olmalıdır. Qanunda həmçinin hadisələr, mətbuatın mövqeyi də nəzərdə tutulur. Bəzən ayrı-ayrı media nümayəndələri qızışdırıcı mövqe tutur, insanlara çağırışlar edir, qeyri-dəqiq məlumatlar yayır. Ona görə, nəzərdə tutulur ki, xüsusi ərazilərdən dəqiqləşdirilməmiş məlumat verən jurnalistlər cəzalandırılsın". Komitə sədri deyib ki, digər qanunvericiliyə də dəyişiklik ediləcək: "Son hadisələr göstərir ki, vətəndaşlarımız ayıq-sayıq olmalı, atılan addım dövlətçiliyə xidmət etməlidir. Azərbaycan hüquqi dövlətdir. Heç kimə imkan vermək olmaz ki, xüsusi idarəçilik yaratsın. Görürsən ki, bir qrup insan ayrı-ayrı yerlərdə dövlət quruluşunun pozulması, başqa dövlət quruluşunun yaradılması üçün addımlar atır".
"Məscidlərin siyasiləşməsinə yol vermək olmaz"
Qaninin müzakirəsi zamanı millət vəkili Musa Qasımlı deyib ki, məscidlərin siyasiləşdirilməsinə yol vermək olmaz: "Qanun layihəsi dövlətimizin dünyəviliyini, vətəndaşlarımızın təhlükəsiz yaşamasını təmin edəcək. Azərbaycan dünyəvi, demokratik dövlətdir. Din dövlətdən ayrıdır. Dini radikal ekstremist qüvvələr təkcə dini təbliğat aparmırlar. Onlar vətəndaşı məcburi formada hansısa dinə daxil edirlər, ekstremizmi nəzərdə tutan materiallar yayırlar. Əgər tədbir görülməsə bir gün belə qüvvələrin üz-üzə gəlməsinin şahidi ola bilərik. 1978-79-cu illər İran inqilabı regionda vəziyyəti dəyişir. Böyük Birtaniyanın baş naziri deyir ki, hansı səbəbdən şah devirildi. Hər kəs bir səbəb deyir. Tetçer isə bildirir ki, şah ona görə devrildi ki, məscidlər siyasiləşmişdi, media üzərində şah nəzarət edə bilmirdi. Fikrimcə, məscidlərin siyasiləşdirilməsinə yol vermək olmaz. Şərqdə baş verən hadisələrdən biz ibrət dərsi almalıyıq". AVP sədri Fəzail Ağamalı deyib ki, qanun layihəsinin ancaq islamla bağlı olduğunu söyləmək doğru olmazdı: " Qanun layihəsi bütövlükdə dini eksremizmə qarşıdır. Qanun konseptual baxımından bütün standartlara uyğundur". Deputat Qüdrət Həsənquliyev isə qeyd edib ki, bu dəyişikliklər dinə qarşı deyil. O, bəyan edib ki, heç kəs bizi öz dinimizə qarşı çıxmaqda ittiham edə bilməz: "Prezident İlham Əliyev, mərhum prezident Heydər Əliyev dəfələrlə müqəddəs ziyarətgahları ziyarət ediblər. Biz dinimizi ektremistlərdən qorumalıyıq ki, dinimizi hörmətdən salmasınlar. Biz əslində dinimizə sahib çıxmalıyıq. İki təklifim var. Nardaran hadisələri zamanı ürək ağrısı ilə uşaqların çıxışına baxırdım. Bu uşaqları bəzən xilas etmək üçün Avropada valideynləri bu hüquqdan mərhum edirlər. Məncə, biz də bu haqda müzakirə aparmalıyıq. İkincisi, hesab edirəm ki, xüsusi əməliyyat keçirirsə, dərhal ictimaiyyət məlumatlandırılmalıdır. Adətən dünyanın fərqli ölkələrində belə hallar baş verəndə hüquq mühafizə orqanlarının rəhbərliyi mütəmadi brifinqlər keçirir. Təklif edirəm ki, qanuna əlavə edilsin ki, belə xüsusi tədbirlər keçirilən zaman hüquq mühafizə orqanlarının rəsmi şəxsləri mütəmadi mətbuat konfransı təşkil etsin".
"2017-ci ildə kosmosa peyk buraxacağıq, amma qulağımızın dibində orta əsrlərdə yaşayırlar"
Deputat, Gənclər və idman komitəsinin sədri Fuad Muradov bəyan edib ki, gənclərin sivil dünyada yaşamasını istəyirlər: "Bu hadisələr Azərbaycan dövlətçiliyinə qarşı olan hadisədir. Bu dəyişikliklər dinə qarşı deyil. Bu qanun dəstəklənməlidir. Hesab edirəm ki, terrorun təbliğinin də qarşısı alınmalıdır və bu qanunda qeyd olunmalıdır. Sənəddə eyni zamanda hadisə barədə məlumat verən şəxslərin qorunması məsələsi qoyulmalıdır. Dövlət tərəfindən bir çox ölkələrdə belə xəbər verən şəxslərin ailəsi qorunur. Məncə, biz də bunu qeyd etməliyik. Bu qanunda söhbət dini, milli, siyasi ekstrimizmdən gedir. Nəzərə almaq lazımdır ki, Qarabağda həm də ekstremist fəaliyyəti var". Vitse-spiker Ziyafət Əsgərov xatırladıb ki, "2007-ci ildə Milli Təhlükəsizlik Konsepsiyası qəbul edilib. Orada qeyd edilib dini esktremizm əsas təhlükə mənbəyidir. Konstitusiyanın digər maddəsində dövlətin təsbit olunmasından söhbət gedir: "Əgər bu gün kimsə əlinə silah alıb Konstitusiyanın dəyişməsinə çalışırsa, bu ən ağır cinayətdir. Konstitusiyada birbaşa yazılıb ki, din dövlətdən ayrıdır. Sənin siyasətlə nə işin var? Durub qara bayraq yelləndirirlər. Quranda belə bayraq məsələsi varmı? Bunu bağlayırlar imamların adına. Mirzə Cəlil, Axundov bir əsr əvvəl xurafata, cahilliyə qarşı mübarizə aparıblar. Onlar öz dövrünün böyük insanları olublar ki, belə hala qarşı durublar. 2017-ci ildə kosmosa peyk buraxacağıq, amma qulağımızın dibində orta əsrlərdə yaşayırlar. Bu uşaqlar elmlə, idmanla məşğul olmalıdır. Düz deyirlər, bu cahələt, xurafat xaricdən ixrac edilir. Azərbaycan dövləti güclüdür. Artıq 1990-cı ilin əvvəlləri deyil. Azərbaycanın bir bayrağı var. Məscid də, digər yerlərdə də bir bayraq var. Bu bayrağa xəyanət edən öz cavabını alacaq".
Qüdrət Həsənquliyevin növbəti çıxışı isə Milli Məclisdə rezonansa səbəb olub. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında " Qanunda dəyişikliklərin müzakirəsi zamanı deputat qanun layihəsinin gündəlikdən çıxarılmasını təklif edərək bildirib ki, Konstitusiyanın 53-cü maddəsinə görə vətəndaş heç bir halda vətəndaşlıqdan mərhum oluna bilməz. 147 maddəsində Konstitusiyanın hüquqi qüvvəsindən danışılır. Qeyd edilir ki, Konstitusiya hüquqi qüvvəyə malikdir. Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Qanunu pozanlara qarşı ağır cəzalar nəzərdə tutaq, amma Konstitusiyanı pozmaq olmaz". Vitse-spiker Ziyafət Əsgərov isə deyib ki, Konstitusiyanın əsasları bərpa olunmalıdır: "Bəli, Konstitusiyanın 53-cü maddəsinə görə, heç kəs heç bir halda vətəndaşlıqdan mərhum edilə bilməz. Amma burada söhbət vətəndaşlığın itirilməsindən gedir, vətəndaşlığın mərhum edilməsindən yox. Bunlar ayrı situasiyadır". Müzakirələrdən sonra hər iki qanun layihəsi qəbul edilib.
Alim