Ekstremizmə qarşı mübarizə aparılan ərazilərdə xüsusi rejim yaradılacaq
4 Dekabr 2015 13:13 SiyasətMilli Məclisin dekabrın 4-də keçirilən iclasında "Dini ekstremizmə qarşı mübarizə haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə MM-in İctimai birliklər və dini qurumlar üzrə komitənin sədri Səyavuş Novruzov məlumat verib. Bildirib ki, yeni qanun lahisəsinə əsasən dini ekstremizmə qarşı mübarizənin əsas prinsipləri qanunçuluğun təmin edilməsi və dini ekstremizmə görə cəzanın labüdlüyüdür. Qanun layihəsində dini ekstremizm əleyhinə mübarizə aparılan xüsusi zonanın hüquqi rejimi ayrıca fəsil kimi verilib. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın həyata keçirildiyi zonada bu əməliyyatı aparan şəxslər aşağıdakı hüquqlara malik olacaq: Dini ekstremizm əleyhinə xüsusi əməliyyat zonasında nəqliyyat vasitələrinin və piyadaların hərəkətini müvəqqəti məhdudlaşdıran və ya qadağan edən tədbirləri tətbiq etmək; Ərazinin müəyyən sahələrinə və obyektlərə nəqliyyat vasitələrini və piyadaları buraxmamaq; Fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər olmadan onların günün müəyyən edilmiş vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmalarını qadağan etmək; Dini ekstremizm əleyhinə xüsusi əməliyyat zonasına giriş və ya bu zonadan çıxış zamanı fiziki şəxslərə, onların əşyalarına, nəqliyyat vasitələri və nəqliyyat vasitələrində olan əşyalara texniki vasitələr tətbiq etməklə baxış keçirmək; Fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədləri yoxlamaq, belə sənədlər olmadıqda isə şəxsiyyətin müəyyən edilməsi məqsədilə həmin şəxsləri İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş qaydada və müddətdə tutmaq; Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması məqsədilə fiziki şəxslərin mənzil və digər yaşayış yerlərinə, onların torpaq sahələrinə, nəqliyyat vasitələrinə, habelə mülkiyyət formasından asılı olmayaraq onların ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə maneəsiz daxil olmaq; Dini ekstremizm əleyhinə xüsusi əməliyyatı aparan şəxslərin qanuni tələblərinə mane olmağa yönəlmiş hərəkətlər törədən şəxsləri tutmaq; Müqavimət göstərən dini ekstremistləri zərərsizləşdirmək; Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar zərurət yarandıqda fiziki şəxsləri əməliyyat zonasından köçürtmək, binaların, qurğuların və digər tikililərin sökülməsini təmin etmək; Dini ekstremizm əleyhinə xüsusi əməliyyat zonasında fiziki və hüquqi şəxslərə rabitə xidmətinin və kommunal xidmətin göstərilməsini müvəqqəti dayandırmaq; Dini ekstremizm fəaliyyətini aşkar etmək, həmin fəaliyyətə qarşı mübarizə aparmaq və onun qarşısını almaq məqsədilə telefon danışıqlarına qulaq asmaq, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxarılması və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunda nəzərdə tutulmuş digər əməliyyat-axtarış tədbirlərini tətbiq etmək; Dini ekstremizm əleyhinə xüsusi əməliyyat zonasında sanitar epidemioloji baytarlıq və karantin tədbirlərini tətbiq etmək; Dini ekstremizm əleyhinə xüsusi əməliyyat zonasında tərkibində narkotik və psixotrop maddə olan dərman vasitələrinin dövriyyəsini məhdudlaşdırmaq. Qeyd edək ki, bundan başqa dini etiqad azadlığı ilə bağlı daha 4 qanunvericilik aktına dəyişikliklər nəzərdə tutulur.