Azərbaycan XİN rəhbəri: “Lavrovun təklifləri Qarabağ danışıqlarına yaxşı təkan verə bilər”

"ATƏT DTİHB-nin Azərbaycanda keçirilmiş parlament seçkilərini müşahidə etməkdən imtina etməsi ölkəmizin qurumla əməkdaşlıq perspektivlərini zəiflədir". APA-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Xarici İşlər Nazirləri Şurasının Belqradda keçirilən 22-ci toplantısında çıxışı zamanı deyib. Nazir bildirib ki, yaranmış vəziyyət müvafiq prosedurlar tətbiq edilərək aradan qaldırılmalıdır. E. Məmmədyarov dondurulmuş münaqişələrin regional sülh və sabitliyə əsas təhdid olduğunu da vurğulayıb: "Şuranın ötən il Bazeldə keçirilən toplantısından bəri Dağlıq Qarabağ münaqişəsində heç bir irəliləyişə nail olunmayıb. Ermənistan rəhbərliyi danışıqlar prosesində ancaq imitasiya ilə məşğuldur".

Nazir Ermənistanın Dağlıq Qarabağın maddi-mədəni sərvətlərini  talan etdiyini də diqqətə çatdırıb. "Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarında qalması regionda qeyri-sabitlik yaradan əsas amildir. BMT TŞ-nin qətnamələrində nəzərdə tutulduğu kimi Ermənistan qoşunları Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmalıdır. Ermənistan qoşunlarının çıxarılması Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyə töhfə verəcək, münasibətlərin normalaşmasına gətirib çıxaracaq. Sergey Lavrov tərəfindən verilən təkliflər danışıqlar prosesinə yaxşı təkan verə bilər", - deyə nazir əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00