Dövlət Departamentinin riyakarlığı

"The Washington Times" qəzetində Avstraliyada mənzillənmiş yazıçı və beynəlxalq məsələlər üzrə şərhçi, Yaxın Şərq, Avrasiya və keçmiş sovet respublikaları üzrə ixtisaslaşmış Castin Almerin Vaşinqtonun Azərbaycana münasibətdə tətbiq etdiyi ikili standartlara dair məqaləsi dərc olunub. Virtualaz.org saytı xəbər verir ki, müəllif "Dövlət Departamentinin riyakarlığı" başlıqlı məqaləsində Azərbaycanda noyabrın 1-də keçirilən parlament seçkilərinə dair Dövlət Departamentinin tənqidi bəyanatını şərh edərək Vaşinqtonun ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTHİB) bu seçkiləri müşahidə etmədiyini, bunun müşahidəçi sayı ilə bağlı yaranmış fikir ayrılığı üzündən baş verdiyini xatırladır.

Şərhçi qeyd edir ki, Dövlət Departamenti elə bunu əsas gətirərək seçkilərin demokratik standartlara uyğun gəlmədiyini bəyan edib. "Amerikalı olmayanların çoxu görür ki, ABŞ-ın hökumət nümayəndələri başqa ölkədə baş verən hər şeyi görə bilməyəndə prosedurların şübhəli olduğu barədə mövqe bildirilir. Bunu anlamaq Qərbdə oturub başqa ölkələrin bizim standartlarla yaşamaq üçün müxtəlif problemlərlə qarşılaşdığını görənlər üçün asandır. Orada əlbəttə ki, pis aktyorlar var, ancaq biz hərdən unuduruq ki, başqaları bizim aradan qaldırmaq məcburiyyətində olmadığımız şəraitdə yaxşı işlər də görürlər"- deyə məqalədə bildirilir.

Müəllif qeyd edir ki, Dövlət Departamenti, ABŞ hökuməti üçün öz fəaliyyətində müxtəlif mənəvi standartlar tətbiq etməsi adi haldır. Məsələn, Dövlət Departamenti Azərbaycandakı seçkilərə münasibətdə bu qədər tənqidi mövqe nümayiş etdirsə də Səudiyyə Ərəbistanının BMT İnsan Haqları Şurasına rəhbərlik etməsini alqışlayıb.

"Həmin Səudiyyə Ərəbistanının ki, orada dünyanın ən repressiv rejimlərindən biri hökm sürür. Bu ölkədə dözümsüzlüyün səviyyəsi o dərəcədə yüksəkdir ki, yalnız İslam dininə icazə var. Bütün qalan dinlərə mənsub olanları isə ölümlə cəzalandıra bilərlər"- deyə Castin Almer yazır.

Yaxud Dövlət Departamenti İsrail aviasiyasının Qəzza sektorunda terrorçuların mövqe tutduğu məktəbi bombalamasını "biabırçı" adlandırır. Ancaq ABŞ Əfqanıstanda "Sərhədsiz həkimlər" təşkilatının xəstəxanasını bombalayanda həmin leksikondan istifadə etmir.

Yaxud Fələstində Mahmud Abbasın səlahiyyətləri 2009-cu ildə başa çatmasına baxmayaraq ABŞ orada indiyə qədər seçkilərin keçirilməməsini tənqid etmir, fələstinli jurnalist Anas İsmayılın facebookda Abbası tənqid etdiyi üçün həbs olunmasına səsini çıxarmır. Ancaq Azərbaycanda azad mətbuatın olmamasını qınayır. "Dövlət Departamenti hərdən özünü dünya işlərində mənəvi hakim hesab edir. Amma aydındır ki, bu, belə deyil. Burada inkar edilmir ki, Azərbaycan və onun kimi ölkələrdə azad mətbuat və insan haqları sahəsində problemlər var. Ancaq onların hərəkətlərini geosiyasi vəziyyətləri kontekstində dəyərləndirmək lazımdır"- deyə Castin Almer bildirir. Müəllif qeyd edir ki, Azərbaycan Qərbdə çoxlarının hələ indi anlamağa başladığı totalitar sistemdən yaxın keçmişdə çıxıb.

Sitat: "Əlbəttə, Azərbaycanda vəziyyəti yaxşılaşdırmaq olar, o, ideal ölkə olmaqdan uzaqdır. Ancaq biz başa düşməliyik ki, ölkələr öz tarixindən, mədəniyyətindən və onları əhatə edən geosiyasi mühitdən asılı olaraq fərqlənir. Onların hər birindən eyni proqress gözləmək olmaz. "Ərəb baharı" yeni demokratiya və azadlıq erası kimi qiymətləndirildi, ancaq əvəzində anarxiya və məyusluq gətirdi. Çünki xalqların çoxu despotları devirsə də yeni despotların qarşısını almaq üçün infrastruktur işləyib hazırlaya bilmədi". Məqalədə daha sonra bildirilir ki, Azərbaycan inkişaf edir, ölkədə infrastruktur və güclü vətəndaş cəmiyyəti var. Regionda etnik gərginlik həmişə yüksək olsa da Azərbaycan müxtəlif millətlərə və dinlərə münasibətdə olduqca tolerantdır. Məsələn, bu gün yəhudilər Azərbaycanda Avropa ölkələrinin çoxundan daha təhlükəsiz şəraitdə yaşayırlar. Ancaq Dövlət Departamentinin tənqidlərinə tuş gəlməyən başqa ölkələr haqda bunları demək olmaz. "Ona görə də Azərbaycan kimi ölkələrin necə etməli olduğunda israr etməkdənsə onların nə dərəcədə uzağa getdiyinə nəzər salmaq daha məqsədəuyğun olardı"- deyə Castin Almer vurğulayır.

Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00