Azərbaycan-Türkiyə qardaşlığının daha bir nümunəsi
Rəsmi Bakı Ankaranı meydanda tək qoymadı
30 Noyabr 2015 12:51 SiyasətRusiyaya məxsus qırıcı təyyarənin Türkiyənin hava məkanını pozması səbəbindən vurulmasından sonra gərginləşən Moskva-Ankara münasibətlərinin region ölkələrə də təsirsiz ötüşməyəcəyi şübhəsiz idi. Artıq bu təsirlər özünü müsbət və mənfi tərəfləri ilə özünü büruzə verməkdədir. Bu ərəfədə əsas maraq doğuran məqamlardan biri də Türkiyə-Rusiya münasibətlərində Azərbaycanın tutduğu mövqe ilə bağlıdır. Azərbaycanın həm Türkiyə, həm də Rusiya ilə yaxın müttəfiq, dost ölkə olduğunu nəzərə alaraq rəsmi Bakının tərəflər arasında seçim etməkdə çətinlik çəkəcəyi bildirilirdi. Lakin hər zaman ilk etibarilə dövlətçilik, milli maraqları üstün tutan Azərbaycan bu dəfə də ənənəsinə sadiq qalaraq prinsipial mövqeyini ortaya qoydu. Belə ki, Rusiyanın gömrük sərhəddində günlərlə saxladığı türk tırlarının Qazaxıstan, Qırğızıstan və Tacikistana çatması üçün Azərbaycan öz qapılarını onların üzünə açdı. Bundan sonra, daha dəqiq desək, Rusiya ilə gərginlik aradan qalxana və gömrükdəki maneələr çözülənə qədər Türkiyəyə məxsus avtomobillər Azərbaycan, Xəzər dənizi və Türkmənistan dəhlizindən istifadə edəcək. Məsafə olaraq da daha qısa olan Xəzər keçidinin daimi vəziyyətə gəlməsi gündəmdədir. Təsadüfi deyil ki, Türkiyə mətbuatı da Azərbaycanın bu addımını yüksək dəyərləndirərək bunu qardaşın qardaşa dəstəyi kimi xarakterizə edib. Türkiyənin məşhur "Yeni Şafak" qəzetində dərc edilən məqalədə də qeyd olunur ki, Rusiya tərəfindən keçməsinə maneə törədilən türk tırlarının dövlət başçısı İlham Əliyevin təlimatı ilə Azərbaycandan keçməsi təmin edilib. Türkiyənin Xarici İşlər Nazirliyinin Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin verdiyi məlumata görə, Rusiya üzərindən Qazaxıstan, Qırğızıstan və Tacikistana tranzit keçidini həyata keçirmək istəyən Türkiyəyə məxsus avtomobil vasitələri bundan sonra Xəzər dəhlizindən istifadə edəcək. Məlumat üçün qeyd edək ki, məlum təyyarə olayından sonra rəsmi Moskva Türkiyəyə məxsus yük maşınlarının Gürcüstan ərazisindən Rusiyaya keçməsinə problem yaradıb. Nəticədə yüzlərlə ərzaq, meyvə-tərəvəz dolu Türk tırları Gürcüstan-Rusiya gömrük sərhəddində saxlanılıb.
"Yeni Şafak" yazır ki,Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri və azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi görüşdə yük daşımaları ilə əlaqədar mövcud vəziyyət onun diqqətinə çatdırılıb. Nazir Elmar Məmmədyarov da öz növbəsində mövzunu Azərbaycan prezidenti İlham Əliyevin diqqətinə çatdırıb. Bunu müsbət qarşılayan Azərbaycan prezidenti İlham Əliyev isə türk tırlarının keçidi üçün hər cür köməkliyin göstərilməsi təlimatı verib. Təlimatdan sonra danışıqlar masasına oturan iki ölkə rəsmiləri arasında tırları idarə edən şəxslərin müvafiq sənədlərə malik olmaması ilə bağlı razılıq əldə olunub. Belə ki, tırların sürücüləri hər hansı cərimə ödəməkdən azad edilib.
Türkiyə Xarici İşlər Nazirliyinin Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin (UND) İdarə Heyətinin rəhbəri Fatih Şener Azərbaycan Prezidenti İlham Əliyevin təlimatını xatırladaraq bildirib ki, Rusiya ilə böhranın yaşandığı bir dövrdə Azərbaycan zərər çəkmiş tırlara sahib çıxdı. Azərbaycanın belə bir addım atmasına görə prezident İlham Əliyevə təşəkkür edən UND rəhbəri Fatih Şener Orta Asiya, Qafqaz və Türkiyəni bir-birinə bağlayacaq bu yolun daimi olmasını arzu etdiyini də dilə gətirib: "Sentyabr ayında UND ilə görüşən Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdıməhəmmədov gəmi daşıması qiymətində endirim ediləcəyinə söz verib. Azərbaycan dövlət başçısı cənab İlham Əliyev də öz növbəsində tranzit keçidlərinin asanlaşdırılması təlimatını verib və bunun üçün müvafiq nazirliyin nəzdində bir komitə yaradılıb. Azərbaycan tərəfindən də gəmi daşıması qiymətindən və xüsusilə liman qiymətindən 50 faiz endirim gözləyirik" - deyə Fatif Şener qeyd edib.
Qeyd edək ki, Gürcüstan-Rusiya sərhəddində günlərdir gözləyən türk tırları həftə sonundan etibarən Xəzər dəhlizindən istifadə etməyə başlayıb. Türk tırları Azərbaycanın tranzit keçidi açması ilə Xəzər üzərindən Qazaxıstan və Qırğızıstana doğru yola çıxıb. Bununla da günlərdir ki, Gürcüstan-Rusiya sərhəddində gözlədilən yük avtomobillərinin sayı 30-a düşüb. Türk tırları Bakıdan keçməklə Türkmənistanın Türkmənbaşı və Qazaxıstanın Aktau limanlarına doğru hərəkət edir. Məlumat üçün qeyd edək ki, hazırda Türk tırlarının istifadə etdiyi bu yol məsafə baxımından çox əlverişlidir. İndi Türkiyəyə məxsus yük avtomobilləri daha az məsafə qət etməklə Orta Asiyaya çata bilirlər. Bu marşurutdan daimi istifadə Azərbaycan iqtisadiyyatına da öz faydasını vermiş olacaq. Lakin tranzit haqlarının bir qədər artıq olması müəyyən sıxıntılar yaradır ki, Türkiyə tərəfi də tranzit haqlarının nisbətən aşağı salınmasının tərəfdarıdır. Fatih Şener hesab edir ki, tranzit haqlarında endirim edilsə sözügedən marşurut üzrə hərəkət edən avtomobillərin sayı il ərzində 5 min deyil, 25 min olar.
Qeyd edək ki, Orta Asiyaya il ərzində 50 mindən artıq yük avtomobili keçir ki, bunun da 45 mini İranın, 6 mini isə Rusiyanın payına düşür. 5 min avtomobil isə Azərbaycandan, Xəzər dənizi koridorundan keçməklə Orta Asiyaya çatır.
Süleyman