Almaniyadakı azərbaycanlılar yerli qəzetdə Dağlıq Qarabağdan bəhs edən qərəzli yazıya etiraz edib

Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzi (AAKM) ölkənin məşhur "Di Velt" ("Die Welt") qəzetində Dağlıq Qarabağ münaqişəsindən bəhs edən qərəzli yazı ilə əlaqədar etiraz bəyanatı yayıb. "OLAYLAR"-ın Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, qəzetin əməkdaşı, jurnalist Elian Erenraix Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfər edib. Jurnalist səfərin nəticəsi olaraq 2015-ci il noyabrın 19-da adı çəkilən qəzetdə münaqişə ilə bağlı həqiqətdən uzaq, qərəzli material dərc etdirib. Alman jurnalistin səfəri beynəlxalq hüquq qaydalarına zidd olaraq Azərbaycan tərəfi məlumatlandırılmadan həyata keçirilib. AAKM dərc olunmuş materialla bağlı etiraz bəyanatında bildirir ki, məqalənin mətni və tonu Dağlıq Qarabağ münaqişəsinin səbəblərini yanlış istiqamətə yönəltməklə Almaniya ictimaiyyətində düzgün olmayan təsəvvür yaradır. Məktubda səfərin Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə əvvəlcədən razılaşdırılmaması və səfərin nəticəsi olaraq qərəzli materialın dərci pislənilir. AAKM-in bu ölkədəki Azərbaycan diasporu adından hazırladığı etiraz bəyanatı məqalənin dərc olunduğu "Di Velt" ("Die Welt") qəzetinin və eləcə də digər yerli media qurumlarının redaksiyasına göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00